Putin uğursuzluğa düçar olduğunu başa düşdü


Rusiya – Ukrayna müharibəsində çoxdan gözlənilən əsaslı dönüş baş verməkdədir.
Rusiya rəsmən etiraf etdi ki, Kiyevi işğal etməyə gücü çatmır və Ukrayna ilə savaşı minimal nəticələrlə də olsa bitirməyə tələsir.
Ukrayna ilə danışıqlar aparan Rusiya rəsmiləri bildirib ki, Rusiya Kiyev və Çerniqov ətrafında hücumları dayandıracaq. Müdafiə Naziri Şoyqu da bəyan edib ki, Ukrayna ordusunun hərbi infrastrukturunu dağıtmaqla savaşda 1-ci mərhələnin məqsədlərinə artıq nail olublar. Bundan sonra əsas hədəfləri Donbas olacaq.
Rusiya rəsmilərinin bu iki mühüm bəyanatı Putinin özü üçün mühüm qərar verdiyini göstərir.
Görünür, bir aylıq savaşdan sonra Putin çətinliklə də olsa özünə etiraf edib ki, Rusiya ordusunun və Rusiya hərbi sənaye kompleksinin hazırkı səviyyəsilə nəinki Ukraynanı, hətta Kiyevi belə işğal etmək real deyil. Putin onu da başa düşüb ki, ümumi səfərbərlik və savaşı uzatmaq da çarə deyil. Ümumi səfərbərlik və savaşın uzanması Rusiya daxilində xalqın narazılığını artırar, sosial vəziyyəti daha da pisləşdirər, ölkədə vəziyyət bütün mənalarda daha da gərginləşər.
Rusiya rəhbərliyi nəhayət, onu da başa düşüb ki, müharibənin çox uzanması Rusiya iqtisadiyyatını da həqiqətən iflas etdirəcək.
Putin Donbas və Krımı Rusiya işğalında saxlamaqla savaşı bitirmək istəyir. Digər istiqamətlərdə hücumlar, o cümlədən Ukraynanın hətta Qərb şəhərlərinə də raket hücumları ona görə davam etdirilir ki, Ukrayna da Putinə “sifətini saxlamaqla” müharibədən çıxmaq şansı versin.
İndi savaşda siyasi təşəbbüs Ukraynaya keçir. Ukrayna tərəfi qərar verəcək ki, Putinə Krımı və Donbası (deməli həm də qismən də olsa sifətini) saxlamaqla savaşı dayandırmaq imkanı verəcək, yoxsa savaşı Ukrayna torpaqlarının tam azad olunmasına qədər davam etdirəcək.
Ukraynaya gedərək artan xarici maliyyə və hərbi yardımlar, xüsusilə də Ukrayna ordusunda və xalqında hazırda müşahidə olunan ruh yüksəkliyi onu deyir ki, Ukrayna ciddi güzəştə getməyəcək. Rusiya Ukraynanın heç olmasa, bir hissəsini işğalda saxlamaq haqda yox, tezliklə Ukraynadan tam olaraq çıxmaq haqda düşünməlidir.
AXCP sədri Əli Kərimli
Tarix: 29-03-2022, 22:44
Xəbəri paylaş





Xəbər lenti