Deputat: Qiymətdə heç bir dəyişiklik edilməyib


“Son günlər müəyyən qüvvələr ərzaq qiymətləri ilə bağlı mövzuları qabartmağa cəhd göstərirlər. Bir neçə gün əvvəl, unun qiyməti ilə bağlı müzakirə açdılar, guya qiymət artımı olub. Məlum oldu ki, qiymətdə heç bir dəyişiklik edilməyib. İndi də şəkər tozunu gündəmə gətiriblər. Guya qıtlıqdır, ona görə də bahalaşma olub. Amma belə deyil. Qaragüruh qüvvələr düşünülmüş şəkildə təxribat törədirlər ki, əldə etdiyimiz uğurlara kölgə salınsın”.
 
Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov bildirib.
 
C.Osmanov qeyd edib ki, radikal müxalifət dövlətin imicinə zərbə vurmağa çalışır: “Bir neçə gün öncə, daxili bazarda qiymət manipulyasiyası üzərində nəzarətin gücləndirilməsi Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən ərzaq təhlükəsizliyinin təmin edilməsinə və əhalinin əsas ərzaq məhsulları ilə təchizatının yaxşılaşdırılmasına həsr olunan müşavirədə geniş müzakirə olunub. Tədbirdə İqtisadiyyat və Kənd Təsərrüfatı nazirliklərinin, Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin, Qida Təhlükəsizliyi və Dövlət Ehtiyatları Agentliyinin məruzələri dinlənilib və müvafiq tapşırıqlar verilib. Elə dünən “Azərsun Holdinq” də məlumat yaydı ki, regionun ən böyük şəkər istehsaI müəssisəsi olan İmişli Şəkər Zavodu tam gücü ilə fəaliyyətini davam etdirir, kifayət qədər xammal ehtiyatı mövcuddur və istehsal prosesi plan üzrə davam edir, müvafiq olaraq satış nöqtələri də tələbata uyğun olaraq şəkərlə təmin edilir. Görünür, Azərbaycan dövlətinin həyata keçirdiyi uğurlu siyasət kimlərisə narahat edir, ajiotaj yaradılar... Azərbaycan daha bir qələbəyə imza atıb, Fərrux kəndini nəzarətə götürüb. Bu cür uğurlar davamlıdır. Qaragüruh qüvvələr də bu qələbələrin fonunda təxribatla məşğul olurlar. Burada əsasən Milli Şura və Azərbaycan Xalq Cəbhəsi Partiyasının funksionerləri fəallıq göstərirlər. Baxın, həmin qüvvələr Fərrux kəndinin Azərbaycanın nəzarəti altına keçməsini inkar edirdilər. Belə insanlar istəklərinə nail ola bilməyəcəklər. Hər kəs bilsin ki, ölkədə süni qiymət artımına qarşı ciddi mübarizə aparırlar”.
Tarix: 1-04-2022, 09:51
Xəbəri paylaş





Xəbər lenti