İcra başçıları parlament seçkilərində namizədlərdən nə qədər rüşvət alıblar? - AÇIQLAMA


“İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin məhkəməsində İmişli Bələdiyyəsinin sədri Babək Kazımovun verdiyi ifadə bir daha sübut etdi ki, Azərbaycanda rayon və şəhərlərin icra hakimiyyətlərinin başçıları bu günədək keçirilən seçkilərə açıq və ya dolayı yollarla müdaxilə ediblər və istədikləri şəxslərin seçilməsini təmin etmək üçün namizədlərdən rüşvət alıblar. Açığı, bu yeni xəbər deyil. Sadəcə, bu, “seçilmiş” bələdiyyə sədrinin dilindən Azərbaycanda mövcud olan seçki sistemi ilə bağlı rəsmi etirafdır. Elə bir etiraf ki, seçki adlı prosesi böyük sual altına salmış oldu. Onsuz da sual altında idi, amma bu etirafdan sonra hesab edirəm ki, digər rayon və şəhərlərdə də yoxlamalar aparılmalı, bu günədək seçki prosesinə müdaxilə etmiş bütün icra başçıları ciddi məsuliyyətə cəlb edilərək vəzifələrindən götürülməlidirlər”.
 
Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu bildirib.

A.Şakiroğlu qeyd edib ki, seçkilərə müdaxilə bir başa dövlət çevrilişinə və hakimiyyətin ələ keçirilməsinə cəhd deməkdir: “Bu isə ən ağır cinayətdir. Reallıq ondan ibarətdir ki, heç kim əminliklə bəyan edə bilməz ki, bu tip seçkilərə müdaxilə halları digər rayon və şəhərlərdə bu illər ərzində olmayıb… Son parlament seçkiləri zamanı namizəd olduğum 8 saylı Binəqədi Birinci Seçki dairəsində də analoji halla rastlaşmışdıq. Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinin rəhbərliyi bilavasitə Dairə Seçki Komissiyası ilə birlikdə hazırda “seçilmiş” Azay Quliyevin xeyrinə istənilən saxtakarlığa gedirdilər. İmişlidə Bələdiyyə sədri “seçilmək” üçün 25.000+5000 (cəmi 30.000) şirinlik verirsə, görün deputatlıq üçün bu məbləğ və əlavə şirinlik nələrdən ibarət ola bilər? Bəlkə 300.000 bəlkə də 3 milyon. Hər halda düzünü alan və verən bilər… Bu məsələlər ciddi və səmimi araşdırma tələb edir. Hesab edirəm ki, təkcə rüşvət alan, korrupsiyaya bulaşmış icra başçıları deyil, bütövlükdə seçki prosesinə və seçkilərə açıq və dolayı yollarla müdaxilə etmiş şəxslərin də (Dairə Seçki Komisiyalarının üzvləri daxil) dairələri müəyyən edilərək qanun qarşısında mühakiməsi təmin edilməlidir. Eyni zamanda rüşvət qarşılığında iş görmüş məmurla yanaşı rüşvət verərək “seçilmiş” (və ya təyin olunmuş) şəxslər də ədalət məhkəməsi önündə cavab verməlidirlər!”.
Tarix: 2-04-2022, 19:29
Xəbəri paylaş





Xəbər lenti