Süni intellekt Rusiya hərbçilərinin danışıqlarını dinləməyə necə kömək edir?..-ARAŞDIRMA

Süni intellekt Rusiya hərbçilərinin danışıqlarını dinləməyə necə kömək edir?..-ARAŞDIRMA
Ukraynaya təcavüzə  başlayandan Rusiya işğalçıları öz rabitələrini şifrələmək problemi ilə üzləşiblər. 
 
Moderator.az xəbər verir ki, Ukraynanın "NV" nəşri bu yaxınlarda rusların tez-tez təhlükəsiz olmayan rabitə kanallarından istifadə etmələrindən bəhs edib. Buna görə də "ShadowBreak Intl" Britaniya şirkəti  onların rabitəsinə müdaxilə edə bilib.
 
Müharibə boyu vəziyyət çox dəyişməyib.  Rus əsgərləri hətta adi cib telefonlarından istifadə etməyə məcbur olurlar. Çünki bütün radio rabitələri o qədər pozulur ki, daimi müdaxilə nəticəsində bir-birlərini eşidə bilmirlər.
 
Bununla belə, danışıqalrın, mesajların ələ keçirilməsi problemin yalnız bir hissəsidir, xüsusən də rus dilini bilməyənlər üçün. Öz kəşfiyyat məlumatlarına əlavə olaraq, Ukrayna ordusu Qərb tərəfdaşlarının köməyinə də müraciət edir. Ola bilsin ki, onlar nəinki düzgün tərcümə etməli, həm də rus komandanlığının öz qoşunlarından tələb etdiyi kimi, nə dediklərini dəqiq şərh etməlidirlər. Çünki daxil olan məlumatları o qədər də operativ emal edə bilmirlər. 
 
“Wired” nəşri süni intellekt sahəsində ən son yeniliklərin Amerika şirkətlərinə işğalçıların danışıqlarını dinləmək, onları tərcümə və təhlil etməkdə necə kömək etdiyinə dair material dərc edib.  
 
Son 10 ildə süni intellektin imkanları xeyli genişlənmişdir. Süni intellekt artıq heyrətamiz dəqiqliklə təsvirləri tanımaq, nitqi tanımaq, tərcümə etmək, üzləri tanımaq və bir çox başqa işləri yerinə yetirmək qabiliyyətinə malikdir. Rusiya qoşunlarının çox sayda canlı qüvvəsi və texnikası olduğuna görə onların rabitəsinə müdaxilə Ukrayna üçün müharibənin nəticəsinə əhəmiyyətli dərəcədə təsir göstərə bilər.
 
Amerikanın "Primer" şirkəti maşın öyrənməsinin kəşfiyyat təhlili üçün nə qədər dəyərli ola biləcəyini göstərdi. Məsələn, Ukrayna ordusu üçün ələ keçirilən danışıqların təhlili hələ də analitiklərdən oturub mesajları müstəqil şəkildə deşifrə etməyi və Rusiya qoşunlarının komandanlığının əmrlərini şərh etməyi tələb edir. Halbuki, süni intellekt sahəsində son inkişaflar göstərir ki, kompüter də bu işin öhdəsindən gələ bilər.
 
"Primer" artıq söhbətləri deşifrə etmək və tərcümə etmək və əsas termin və ya ifadələri çıxarmaq üçün öyrədilmiş alqoritmlərini satmağa başlayıb. İndi şirkətin süni intellekt sistemi səsi toplaya, kənar səs-küyü aradan qaldıra bilər ki, nitq daha aydın eşidilsin, rus nitqinin transkripsiyasına və tərcüməsinə, həmçinin döyüş meydanındakı vəziyyətlə bağlı açar sözləri ayıra bilər. Bunun üçün süni intellekt yenidən hazırlanmalı olub ki, o, hərbi texnika və silahları əks etdirən terminləri tanıya bilsin.
 
"Primer" şirkətinin baş direktoru Şon Qurli qeyd edir ki, məhz  süni intellektin sürətlə öyrədilməsi gələcək müharibələrdə əsas üstünlük olacaq.
 
Onun sözlərinə görə, şirkət artıq öz alətlərini digər tərəflərə təqdim etməyə başlayıb. Baş direktor daha konkret məlumat verməkdən imtina edib. Həmçinin, bir neçə Amerika şirkəti öz texnologiyalarını, məlumatlarını və təcrübələrini eyni anda Ukrayna ilə bölüşüblər. "Primer" süni intellekt və digər innovativ texnologiyalardan hərbi məqsədlər üçün istifadə edən şirkətlərdən yalnız biridir. Bu cür şirkətlərin müharibəyə cəlb edilməsi, şübhəsiz ki, belə məlumatların zəmanət verdiyi güc məsələsini, eləcə də bu şirkətlərin beynəlxalq münaqişələrdə potensial iştirakını gündəmə gətirəcək.
 
Hərbi analitiklər bəzi rus qoşunlarının mühafizəsiz radio kanallarından istifadə etməsinə təəccüblənirlər, xüsusən də Rusiyanın keçmiş müharibələrində düşmənlərin bu xüsusi zəifliyindən istifadə etdikləri üçün. 
 
“New America” analitik mərkəzinin baş elmi işçisi Piter Singerin fikrincə, bu, resursların çatışmazlığından və müharibəyə hazırlıqsızlıqdan xəbər verir. "Onlar bu risklərdən xəbərdar olmalı idilər" -o qeyd edir.
 
Harvardın casusluq tarixçisi Kolder Uolton deyir ki, Ukraynadakı müharibə açıq mənbələrdən alınan məlumatların dəyərini göstərdi. Məsələn, Ukrayna ordusu peyk və ya pilotsuz təyyarə ilə çəkilmiş foto-şəkillərdə antenaların yaxınlığında ağ saçlı insanları axtararaq rekord sayda Rusiya ordusu generalını öldürə bilib. Bundan başqa, Rusiya hərbçilərinin mobil telefonlardan istifadə etməsi onların yerini tez-tez aşkarlayır, telefon dinləmələri isə bəzi missiyaların planlaşdırılmasının təfərrüatlarını ortaya qoyur.
 
Açıq mənbələrdən alınan məlumatların təhlili bir insanın öhdəsindən gəlməsi çətin olan titanik miqdarda iş tələb edir. Maşın öyrənməsi bu problemin ideal həllinə çevrilib.
 
Sultan Laçın

Tarix: 8-04-2022, 11:30
Xəbəri paylaş





Xəbər lenti