Gürcüstanda təxribatçı ermənilər Türkiyə səfirliyinin yaxınlığına çatıb, polis təhlükəsizliyi gücləndirib


Ermənilərin Tbilisidə keçirdiyi aksiya-yürüş Türkiyə səfirliyinin binası yaxınlığında davam edir.
“Report”un yerli bürosu xəbər verir ki, diplomatik korpusun binasına yaxınlaşan aksiyaçılar polisin göstərişi ilə vaxtilə Azərbaycanın işğal altında saxlanılan ərazilərində mövcud olmuş qondarma rejimin "bayraq"larını, üzərində Azərbaycan və Türkiyə əleyhinə yazılar olan plakatı yığışdırıblar.
 
Əraziyə cəlb olunan əlavə polis əməkdaşları səfirliyin ətrafında təhlükəsizlik tədbirlərini gücləndiriblər.
 
14:50
Tbilisidə uydurma “erməni soyqırımı”nın 107-cı ildönümünə həsr olunan aksiya Türkiyənin Gürcüstandakı səfirliyinin binası istiqamətində yürüşlə davam etdirilir.
 
“Report”un yerli bürosu xəbər verir ki, yürüş iştirakçılarını müşayiət edən polis əməkdaşları öndə aparılan təxribatçı plakatın yığışdırılmasına göstəriş versə də, təşkilatçılar buna məhəl qoymayıblar.
 
Mərkəzi İlya Çavçavadze prospekti boyu addımlayan yürüşçülər Türkiyə əleyhinə şüarlar deyir, erməni dilində mahnılar səsləndirirlər.
 
13:48
Gürcüstanın paytaxtı ​​​​​​Tbilisi şəhərində qondarma “erməni soyqırımı”nın 107-cı ildönümünə həsr olunan aksiya keçirilir.
 
“Report”un yerli bürosu xəbər verir ki, Gürcüstanın erməni icmasının üzvlərinin təşkil etdiyi aksiya Filarmoniya binasının qarşısında başlayıb.
 
Ermənilər ötən il olduğu kimi bu il də Azərbaycan və Türkiyəyə qarşı təxribata əl atıblar. Belə ki, iştirakçılar Gürcüstan və Ermənistan bayraqları ilə yanaşı vaxtilə Azərbaycanın işğal altında saxlanılan ərazilərində yaradılmış separatçı rejimin "bayraq"larını da tutublar.
 
Bununla yanaşı, Türkiyənin ən hündür dağı olan Ağrı dağın təsviri olduğu və ingilis dilində “Ararat Ermənistanın ən hündür dağıdır” sözlərinin yazıldığı plakat da qaldırılıb.
 
Əraziyə polis əməkdaşları cəlb olunub.
 
Aksiya Türkiyənin Gürcüstandakı səfirliyinin binasına qədər yürüşlə davam etdiriləcək.
Tarix: 24-04-2022, 17:25
Xəbəri paylaş





Xəbər lenti