Yoxsulluq və ÖLÜM KAĞIZLARI... - Müharibə rusiyalıların qapısını döyür... - ŞƏRH


Yoxsulluq və ÖLÜM KAĞIZLARI... - Müharibə rusiyalıların qapısını döyür... - ŞƏRH
Putinin Ukrayna ilə başladığı müharibə Rusiya şəhərlərinə təkcə yoxsulluq və ölüm kağızlarının gəlməsinə deyil, həm də bombaların düşməsinə səbəb ola bilər.
Moderator.az rusiyalı politoloq və publisist Fyodor Kraşeninnikovun “Deutsche Welle” nəşrində dərc olunan yazısını oxucularına təqdim edir.

Aprelin 25-nə keçən gecə Bryanskda iki neft anbarında güclü yanğın baş verdi. Baxmayaraq ki, nə Ukraynanın özü bu obyektə hücumu rəsmən elan edib, nə də Rusiya hakimiyyəti bu cür ittihamlarla çıxış edib, Ukraynanın infrastruktur obyektlərinə dayanmadan davam edən hücumlar fonunda yanacaq anbarlarının alovlanması çox şübhəli təsadüf kimi görünür.
Ukraynanın əks-hücumu, yoxsa qəza?
Putin təbliğatı uzun müddətdir ki, Ukraynanın Rusiyaya hücum edə biləcəyini və hətta deyəsən, artıq hücum etməyə cəhd etdiyini israrla təkrar edir. Ukrayna tərəfindən hücumların mümkünlüyü hətta Putinin hücum əmri verməsinin səbəblərinin rəsmi siyahısında da var. Ancaq Rusiya hakimiyyətinin müharibədən əvvəl və müharibə zamanı istinad etdiyi bütün hallar olduqca qəribə görünürdü. Rusiya tərəfinin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri gah sadəcə olaraq Rusiya ərazisini atəşə tutur, gah sahibsiz tövlələri dağıdır, gah da ikrah doğuran teleaparıcı Solovyova qarşı sui-qəsd hazırlayır.
Amma bütün bu planlar həmişə uğursuzluqla başa çatıb - raketlər və atılan güllələr heç nəyə zərər verməyib, sayıq Rusiya xüsusi xidmət orqanları isə sui-qəsd cəhdlərinin qarşısını alıb.
“Ukraynalıların hər hansı hücumlarının” terror aktı kimi səciyyələndirilməsi xüsusilə ləyaqətsiz görünür. Məsələn, aprelin 14-də “Ukrayna helikopterlərinin Bryansk vilayətindəki obyektə hücumu” ilə bağlı Rusiyanın rəsmi məlumatlarında Ukrayna helikopterlərinin Rusiya ərazisinə qeyri-qanuni daxil olduğu daim vurğulanırdı. Bəlkə Ukrayna ərazisinə soxulan Rusiyanın hərbi texnikası, ordusu və qvardiyası qanuni əsaslarla orada fəaliyyət göstərir?!

Bütün bu hadisələr fonunda, məsələn, Bryanskdakı yanğınları və buna bənzər digər fövqəladə halları hərbi əməliyyat kimi qələmə verən Rusiya hakimiyyətinin ukraynalıların uğurlu hücumlarına məhəl qoymamasi çox şübhəli görünür. “Moskva” kreyserinin batmasının rəsmi olaraq qəza kimi təqdim olunmasından belə başa düşülür ki, hakimiyyət sadəcə olaraq Rusiya vətəndaşlarını şəhərlərin, gəmilərin və infrastruktur obyektlərinin bir gün həqiqətən də ukraynalıların uğurlu əks-hücumlarının hədəfinə çevrilə biləcəyi fikrindən yayındırmağa çalışır.
Televiziyada uzaq müharibə
Ukraynada müharibə artıq iki aydır ki, davam edir və ukraynalılara saysız-hesabsız iztirablar gətirib. Rusiyalılarin isə böyük əksəriyyəti hakimiyyətləri tərəfindən açılan müharibənin miqyasını hələ də dərk etməyib və qiymətlərin qalxmasına və Ukraynada ölən və yaralananlar haqqında davamlı xəbərlər axınına baxmayaraq, hələ də özlərini əmin edirlər ki, xüsusi əməliyyatlar” hardasa uzaqlarda gedir və onlarla heç bir əlaqəsi yoxdur. Bu nədən irəli gəlir?
Birincisi, Rusiya 20 000 hərbçinin itkisini böyük bədbəxtlik hesab etməyəcək dərəcədə çox böyük ölkədir. Üstəlik, ölənlərlə bağlı yerli mətbuatda məlumatlar dərc olunur, amma itki ilə bağlı ümumi rəqəmlər açıqlanmır.
İkincisi, Rusiya iqtisadiyyatının vəziyyəti, əhali nöqteyi-nəzərindən, hələ də tənqidi media və iqtisadçıların gördükləri qədər qorxulu deyil. Bəli, işsizlik artır, bəzi mallar yoxa çıxır, qiymətlər yüksəlir - bütün bunlar xoşagəlməzdir, amma yenə də bunu məmurların səhlənkarlığı, iş adamlarının tamahkarlığı və nasistlər üzərində qələbə naminə şəxsi fədakarlığın məqbul səviyyədə olması ilə əlaqələndirmək olar.
Nəhayət, üçüncüsü, uzun illərdir ki, real dünya məlumatlarını gizlədən və öz təbliğatı üzərində formalaşmış paralel kainatı da unutmaq olmaz. Putinin təbliğat aləmində Ukraynadakı müharibə sadəcə olaraq yüksək texnologiyalı “xüsusi əməliyyatdır” və bu, məğlub olmağa məhkum “nasistlərə” qarşı yönəlmiş ən son yüksək dəqiqlikli silahların “döyüş işi” şəklində televiziyada nümayiş etdirilir. Bu kainatda prezident Putinin şəxsən özünün məlumat verdiyi kimi, ukraynalıların televiziya təbliğatçısı Solovyova qarşı sui-qəsd hazırladıqları iddia edilir. Eyni zamanda, kreyserlərin və neft anbarlarınin yanması tamamilə təsadüf kimi təqdim olunur.
Müharibə qapını döyür
İkinci dünya müharibəsinin kədərli təcrübəsi öyrədir: insanlar başa düşürlər ki, müharibə təkcə qələbə xəbərləri və paradlardan ibarət deyil, həm də öz şəhərlərinə bombalar düşməyə başlayandan sonra evlərini və ya sığınacaqlarını gecənin bir vaxtında qoyub qaçmağa məcbur olub heç nəsiz qalmaq və ya ölmək riskidir.
Rusiya Ukraynaya hücum edib, rus ordusu Ukrayna şəhərlərini atəşə tutur, müstəqil və suveren dövlətin infrastrukturunu, sosial obyektlərini məhv edir. Rusiyanın özünü bu cür aparmağa haqqı və əsası olmadığı kimi, Ukraynanın da özünü xain təcavüzdən müdafiə edərək əks-hücumlara başlamağa haqqı və əsası var. Təxribatçılar və təxribat təəssüf ki, istənilən müharibənin reallığıdır. Buna görə də, ukraynalıların - rəsmi təkziblərə zidd olaraq - təkcə sərhədyanı bölgələrdə deyil, bütün Rusiyada infrastruktur obyektlərinə bir növ hücumlar hazırlaya və təşkil edə bilməsində qəribə bir şey yoxdur. Münaqişə Rusiya üçün uğursuz inkişaf edərsə, sərhədyanı bölgələr müharibə zonasına çevrilmək riski altındadır.
Rusiya hakimiyyəti və vətəndaşları öz ölkələrində başlaya biləcək müharibəyə hazırdırmı? Nəinki rus ordusunun məğlubedilməzliyi, həm də Rusiya xüsusi xidmət orqanlarının ölkənin infrastruktur obyektlərini partlayışlardan qoruya bilməsi mifi dağılandan sonra təbliğat eyni dərəcədə uğurlu olacaqmı?
Bu suallara indi göründüyündən daha tez cavab ala bilərik.
 
Tərcümə və təqdim etdi: Miraslan

Tarix: 26-04-2022, 16:17
Xəbəri paylaş





Xəbər lenti