“Bu, dövlət idarəçiliyidir, hansısa “baboçkalı” gözəlçələrin şirkət toplantısı deyil…”


Hazırda ölkədə maraqlı proseslər müşahidə olunur. İndiki həssas situasiyada bu proseslərin hər birini açıb-ağartmaq bəlkə də doğru deyil. Ancaq elə proseslər də var ki, ona toxunmamaq mümkün deyil. Nə baş verir?
 
Hakimiyyətin ən ön vitrinində təmsil olunan bəzi məmurlar xeyli müddətdir ki, bütün şüurlu fəaliyyətini “özününkü” hesab etmədikləri məmurların “vurulması”na yönəldib.
 
“Vurulan” məmurların içərisində Prezident İlham Əliyevin ciddi etimadını qazanmış, rüşvət və korrupsiyadan, çirkin proseslərdən, klanlarası oyunlardan tamamilə uzaq məmurlar da var.
 
Maraqlıdır, İ.Əliyevin həqiqi etimadını qazanmış, heç bir qan (nikah) qohumluğu, “tarixi quyruğu” olmadan yüksək vəzifəyə təyin olunan, öz işinin öhdəsindən də ləyaqətlə gələn bir məmuru hansısa yüksək ranqlı məmur niyə “vurur”?!
 
Əslində əsl hədəf İlham Əliyevdir! Bu adamlar ölkədaxilində İlham Əliyevin əlini zəiflətməyə çalışırlar.
 
Vaxtilə Azərbaycanda Ramil Usubovun, Eldar Mahmudovun, Ramiz Mehdiyevin, Hacıbala Abutalıbovun , Kəmaləddin Heydərovun və Ziya Məmmədovun fotoları qəzetlərdə yanaşı qoyulurdu, məmurlar arasındakı “müharibə”lər detallarına qədər qəzet səhifələrində işıqlandırılırdı.
 
Necə bilirsiniz, indi bu “müharibə” yoxdur, yoxsa bunu yaza biləcək jurnalistlər? Hər ikisi var... Sadəcə arxayınsınız ki, kimsə yazmağa cəsarət edə bilməz. Yanılırsınız! Özü də adbaad və ən incə detallarına qədər...
 
Bir-birinizi “vurdurmaq” üçün açdığınız  saytlardan da (ortası nöqtəli) xəbərdarıq, bu istiqamətdə xərclədiyiniz pullardan da, qorxunuzdan işə götürdüyünüz adamların kimliklərindən də...
 
Hazırda ölkədə “milli kadr” adlandırıla bilən barmaqla sayılacaq qədər məmur var.
 
- Menecerlərin dövlət idarəçiliyinə cəlb edilməsi müsbət haldır, amma onların əsas hədəfi puldur, kapital qazanmağın yollarını tapmaqdır. Ancaq hələ ortada da bir ciddi nəsnə yoxdur. Belələrinə milli ideologiya yaddır.
 
- Milli kadrların dövlət idarəçiliyinə cəlb edilməsi isə bütün parametrlər üzrə üstünlükdür. Onların əsas hədəfi ideoloji amillərdir.
 
Cənablar, anlayın ki, sizdən, rıçaqlarınızdan qorxmayan xeyli sayda adamlar var.
 
Ölkədə bütün problemlər İlham Əliyevin iradəsi ilə həll olunursa, siz niyə oturmusunuz o vəzifədə!?
 
Özünüzdən daha həyalı və ləyaqətli məmurları "vurdurmaq" üçün?
 
İlham Əliyev olmasa, bu ölkədə bircə gün yaşamağa cəsarətiniz çatmaz.
 
İntriqalarınızı kənara qoyun, oturduğunuz yerə hörmət edin! Bu, dövlət idarəçiliyidir, hansısa “baboçkalı” gözəlçələrin şirkət toplantısı deyil.
 
Xırtdəyə qədər korrupsiyaya bulaşmış, ailəlikcə bu ölkənin anasını ağlar qoyan bir məmurun özündən daha bacarıqlı və intellektli məmuru “vurdurması” təəccüblü də deyil. Barı, naşı formada eləmə!
 
Samir Feyruzov
Tarix: 28-04-2022, 10:06
Xəbəri paylaş





Xəbər lenti