“Putin geriyə addım atacağı təqdirdə xalqın onu linç edəcəyini gözəl bilir” - Aslan İsmayılov


“Bir çox hallarda, biz, elə özüm də daxil olmaqla, baş verən bütün hadisələrdə xalqı günahkar sayırıq və hər dəfə də “hər bir xalq öz hakimiyyətinə layiqdir” deyimini nümunə çəkirik. Zənnimcə, bu yanaşmanı dəyişmək lazımdır. Ona görə ki, informasiya texnologiyasının günü-gündən mürəkkəbləşdiyi və yayılma sürətinin artdığı bir dönəmdə bütöv bir xalqı ittiham etmək düzgün deyil. Ona görə ki, yayılan informasiyanın düzgünlüyünü yoxlamaq həddindən artıq çətinləşib. Özüm bu yaşımla və həyat təcrübəmlə bəzən yayılan məlumatlarda həqiqəti ayırd etməkdə çox çətinlik çəkirəm. Bu gün pul, var-dövlət, orden-medal müqabilində istənilən yalan informasiyanı beyinlərə yeritmək istəyənlər həddindən artıq çoxdur. Diqqətli izləyicilər, yəqin ki, daim ziyalı təbəqəyə istinad etməyimi, onlardan kömək istədiyimi, baş verən bütün hadisələrdə məsuliyyətlərini dərk etməyə dəvət etdiyimi görüblər. Bu günlərdə Nobel mükafatı laureatı, Rusiyanın “Novaya qazeta”sının baş redaktoru Dmitriy Muratovun çox mənalı müsahibəsini dinlədim. “Xalqın kollektiv məsuliyyəti varmı?” sualına cavab verərkən deyib ki, “bu sualı başqa cür, “elitanın məsuliyyəti varmı?” sualı ilə əvəz edərdim”. D.Muratovun elita dediyi elə ziyalı adlandırdığım təbəqədir. D.Muratov bu gün Rusiyada baş verənlərdə rus elitasını, yəni ziyalı təbəqəni günahlandırır və onun bu fikri ilə tam razıyam”.
 
Pravda.az-ın xəbərinə görə, bunu tanınmış vəkil Aslan İsmayılov bildirib.
 
“Uzun illər SSRİ-dən qalma və sonra elə həmin metodla bəslənən, üzə çıxarılan “elita” bugünkü Rusiya xalqını yetişdirdi. Xalqı acından ölən Rusiya hakimiyyəti özünün yetişdirdiyi “elita”ya xüsusi imtiyazlar yaratmaqla, var-dövlət qazandırmaqla özünə qul etdi. Bu “elita” da qul olmağı həqiqi elita olmaqdan, öz xalqının maraqlarını hakimiyyət mənsublarının axmaq iddialarına qurban verdi. Bu gün bir hikkəsində boğulanın bütün bir xalqa faciə yaratmasını, uçuruma aparmasını əminəm ki, həmin elitanın nümayəndələri çox yaxşı bilirlər, ancaq yığdıqlarını saxlamağa üstünlük verdiklərindən susmaqla, yaxud bu fəlakətə don geyindirməklə məşğuldurlar. Əminəm ki, əgər bu gün də Putinin yanında dayanan mixalkovlar, son anda qarşıdan gələn faciəni dərk edib ölkəni tərk edən puqaçovalar vaxtında həqiqəti, yalanı olduğu kimi xalqa desələr, bugünkü rus xalqı da yetişməzdi. Bundan başqa, belə elita elə hakimiyyətin özü üçün də təhlükədir. Əminəm ki, bu gün rus hakimiyyətində təmsil olunanlar da faciənin miqyasını başa düşürlər, ancaq uzun illər yetişdirdikləri xalqa da cavab verə bilmirlər. Ən azından elə Putin özü də dərk edir ki, dalana dirənib və məhvə məhkumdur. Ancaq geriyə addım atacağı təqdirdə elə bu xalqın onu linç edəcəyini də gözəl bilir” – A.İsmayılov qeyd edib.
Tarix: 4-05-2022, 00:19
Xəbəri paylaş





Xəbər lenti