"Erməni xalqı müxalifətə "yox" dedi -NİYƏ?.." -"ArmenianReport"


"Rusiyanı indi biz maraqlandırmırıq. Və çox uzun müddət belə olacaq. Çünki o, Ukraynadakı müharibəni uduzur..." 
 
"Erməni xalqı isə demokratik dünyaya, Qərbə yönəlib. Müxalifət etirazlarının uğursuzluğunun digər səbəbi də budur..."
 
"Mayın 2-dən Yerevanda dinc itaətsizlik aksiyaları keçirilir. Bir sıra küçələr bağlanıb. Ölkənin müxtəlif bölgələrində də itaətsizlik aksiyaları keçirilir. Müxalifət, ilk növbədə, özünü əmin edir ki, iqtidar qorxuya düşüb, tezliklə qaçacaq. Hakimiyyət isə, təbii ki, bütün bunları rədd edir. Nə qədər şişirdilsə də, mitinqlərin kiçik miqyası onu deməyə əsas verir ki, iqtidarın nikbinliyə müxalifətdən daha çox əsası var".

Moderator.az xəbər verir ki, bu fikirlər  Ermənistanın  "ArmenianReport" nəşrinin yazarı Qalust Qriqoryanın "Ədalətli bölgü: xalq niyə müxalifətə “yox” dedi?" başlıqlı məqaləsindəndir.
 
Hazırda İrəvanda Paşinyan hakimiyyətinə qarşı təşkil olunmuş kütləvi etirazların mahiyyətinin anlanması baxımından aktuallığını nəzərə alıb həmin yazının qalan hissəsini də kiçik ixtisarla nəzərinizə çatdırırıq.
 
"Dünyanın hər yerindən xarici müşahidəçilər Ermənistanda baş verənləri diqqətlə öyrənirlər. Və çox vaxt xalqın müxalifətin etirazlarını niyə dəstəkləmədiyini anlamırlar. Deyəsən, hər şey daha aydın görünür. Ölkənin baş naziri var ki, bir sıra addımlar atıb, bəyanatlar verib və Azərbaycan bundan istifadə edərək öz müttəfiqləri ilə birlikdə Artsaxa qarşı müharibəyə başlayıb...
 
...Bəli,  baş nazir deyir ki, əlində olanla vuruşub və hər şeyi keçmiş hakimiyyətin üzərinə yıxır.  O, bir çox cəhətdən haqlıdır, amma biz torpaqlarımızı itirəndə məhz o, baş nazir idi. Və kapitulyasiyanı imzalayan da o idi. Dünyanın istənilən ölkəsində Paşinyan və komandası kimi iqtidar istefa verib həmişəlik siyasətdən uzaqlaşardı. Ermənistanda bu, baş vermədi. Onlar qaldılar. Üstəlik, parlament seçkilərində qalib gələrək müxalifətdən daha yüksək reytinqə sahib olublar. Bu, kənar müşahidəçiləri şoka salır və bunun niyə baş verdiyini anlamırlar. Axı, müharibədəki məğlubiyyətlə yanaşı, iqtisadiyyatda, xarici siyasətdə də uğursuzluq var və ordunun bərpasından əsər-əlamət yoxdur və bu hətta gözlənilmir. Bəs niyə insanlar belə bir hakimiyyəti devirməyə çağıranları dəstəkləmir?!.
 
Cavab sadə və hər bir respublika vətəndaşı üçün aydındır. Çünki bu hakimiyyəti yıxmaq istəyənlərin kimliyi artıq xalqa bəllidir. Və onların reputasiyası dəhşətlidir. Onların motivləri başa düşüləndir və nifrət doğurur. Amma əsas odur ki, xalqı indiki hakimiyyəti devirməyə çağıranların heç biri ölkənin onsuz da üzləşdiyi problemlərin aradan qalxacağına təminat vermir. Onların yeni gündəmləri yoxdur...
 
Bəli, Artsaxın qalan hissəsini xilas etməyin vacibliyi barədə qışqırırlar. Bəs necə?! Müharibədə itirilmişləri geri qaytarmağı, ordunu, ölkə iqtisadiyyatını necə bərpa etməyi təklif edirlər? Onların hazır reseptləri yoxdur. Həm də onların azadlıq və həyatlarını qurban verməyə qadir olan həqiqətən güclü biri kimi cəsarətlə hərəkət etmək qabiliyyəti yoxdur. Sadəcə, "Paşinyandan o qədər narazı qalacaq ki, onu vəzifəsindən uzaqlaşdıracaq" Moskvaya ümidləri var. 
 
Rusiyanı indi biz maraqlandırmırıq. Və çox uzun müddət belə olacaq. Çünki o, Ukraynadakı müharibəni uduzur. Zelenskinin devrilməsi baş vermədi. Kiyevin tutulması da. Rusiya qoşunları Dneprə, hətta Donetsk və Luqansk vilayətlərinin inzibati sərhədlərinə çata bilməyib. Ukrayna Silahlı Qüvvələri yüksək döyüş qabiliyyətini qoruyub saxlayıb və Qərbin hərbi texnikasını aldıqdan sonra genişmiqyaslı əks-hücum əməliyyatına başlamaq niyyətindədir...
 
Bəli, Putin öz xalqını Ukrayna üzərində “qələbəyə” inandırmağa çalışa bilər. Ruslar artıq o qədər yaxşı hazırlanıblar ki, Putinin sevimli kəlamına ciddi əməl etməyə hazırdırlar: “Xoşuna gəlsə də, gəlməsə də, səbir et, gözəlim”. Ancaq bunda da aldandıqlarını tezliklə başa düşəcəklər. Onda Putinin biz heç vecinə olmayacaıq. Bu, Rusiyaya yönəlmiş qüvvələr üçün çox üzücüdür...
 
Xalqımız isə demokratik dünyaya, Qərbə yönəlib. Müxalifət etirazlarının uğursuzluğunun digər səbəbi də budur" -deyə erməni jurnalist fikirlərini yekunlaşdırır.
 
Sultan Laçın

Tarix: 7-05-2022, 11:24
Xəbəri paylaş





Xəbər lenti