Rusiyanın ümidləri doğrulmadı



Rusiya çox çalışırdı ki, onlar üçün xüsusi önəmli olan 9 may tarixinə qədər Ukrayna cəbhəsində əsaslı dönüşə nail olsun. Rusiyanın bu ümidləri də doğrulmadı.
  1. Rusiyanın 3 həftə hazırlıqdan sonra 18 apreldə başlatdığı Donbas uğrunda böyük döyüş faktiki uğursuzluğa düçar oldu. Bu döyüş öncəsi yazmışdım ki, Rusiyanın əksər resurslarının cəlb olunduğu bu döyüşdə Rusiya Ukraynanın müdafiə xəttini yara bilməyəcəksə, heç-heçə ilə, hətta Rusiyanın kiçik ərazi işğalı ilə başa çatacaq döyüş Ukrayna üçün qələbə hesab olunacaq. Çünki zaman Ukraynaya işləyir. Ukraynanın əks-hücumları hələ qabaqdadır. Baxmayaraq ki, Rusiya Donbas uğrunda döyüşü hələ də davam etdirir, ancaq əminliklə demək olar ki, Kiyev uğrunda döyüşdə olduğu kimi, Donbas uğrunda döyüşdə də Rusiya uğur qazanmayacaq.
  2. Putin özü qələbəyə ümidini itirib. Onun parad zamanı etdiyi 10 dəqiqəlik çıxış pessimizm saçırdı. O nəinki bir çox ekspertlərin gözlədiyi kimi ümumi səfərbərlik etmədi, əksinə müharibəni başladığı üçün Rusiya əhalisinə geniş izahat verdi.
  3. Belə məlum oldu ki, ABŞ prezidenti Baydenin 9 may hazırlığı daha effektiv imiş. Baydenin 9 mayda imzaladığı Lend-Liz və Ukrayna demokratiyasını dəstəkləmək haqda qanun Rusiya-Ukrayna savaşında əsaslı dönüş yaradacaq. ABŞ prezidenti Konqreslə məsləhətləşmədən istənilən silah sistemlərini Ukraynaya verə biləcək. Üstəlik, ABŞ Konqresi Ukraynaya dəstək məsələsində Baydenin gözlədiyindən də əliaçıq olmağa hazırlaşır. Bayden Ukraynaya yardım üçün Konqresdən 33 milyard dollar pul ayırmasını istəmişdi. İndi məlum olur ki, konqresmenlər Ukraynaya yardım üçün prezidentin təklif etdiyindən 7 milyard artıq – 40 milyard dollara yaxın pul ayırmağa hazırlaşır.
  4. 9 mayda Zelenski də Ukrayna xalqını təbrik etdi. Zelenskinin Kiyev küçələrində yeriyə-yeriyə xalqa ünvanladığı təbrik Putinin təbrikinin tam əksi idi. Zelenski heç kimə izahat vermirdi. Onun çıxışı ümid saçırdı və Zelenski Putindən fərqli olaraq xalqına qələbə vəd etdi. Əminliklə bildirdi ki, ukraynalıların təqvimində iki qələbə günü olacaq. 9 mayla yanaşı Rusiya aqressiyasına qalib gəlinəcək gün də Ukrayna tarixinə qələbə günü kimi yazılacaq.AXCP sədri Əli Kərimli
Tarix: 10-05-2022, 23:30
Xəbəri paylaş





Xəbər lenti