TƏBİB sistemi gözləntiləri niyə doğrultmadı? - “Yaxşı etmək istəyirdilər, amma həmişəki kimi oldu”



TƏBİB sistemi gözləntiləri niyə doğrultmadı? -
Əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən fəaliyyətlərin effektivliyini artırmaq, səhiyyə sisteminin maliyyə dayanıqlığını və vətəndaşların keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti tərəfindən 13 may 2022-ci il tarixində fərman imzalanıb.

Fərmana əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə səhiyyə sisteminin iştirakçılarını və aidiyyəti dövlət qurumlarını cəlb etməklə Səhiyyənin Transformasiyası Mərkəzi İşçi qrupunu yaratmaq tapşırılıb.

Fərmana əsasən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (bundan sonra - TƏBİB) fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti Müşahidə Şurası həyata keçirəcək. TƏBİB-in Müşahidə Şurası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədrindən, Azərbaycan Respublikası Səhiyyə nazirinin müavinindən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavinindən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavinindən və Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədrindən ibarət tərkibdə fəaliyyət göstərir.

TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi isə TƏBİB-in Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi icraçı direktor və onun 3 müavini həyata keçirir.

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfinə daxil olmayan və TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin tariflərini, habelə həmin Qanuna əsasən sığorta olunan hesab edilməyən şəxslərə göstərilən tibbi xidmətlərin tariflərini TƏBİB müəyyən edir...

Faktiki olaraq görünən budur ki, yeni səhiyyə modeli, siyasəti qurulur. TƏBİB sistemı gözləntiləri niyə doğrultmadı? Öncədən də bu proqnozlar vardı ki, bu sistem özünü doğrultmaya bilər. Səbəb nə oldu? Və niyə effektivliyi dəqiq proqnozlaşdırılmadan, reallıqlar nəzərə alınmadan belə layihələrə milyonlar xərclənir, görə sovrulur? Dia.az xəbər verir ki, Azərbaycan Həkimləri İctimai Birliyinin təsisçilərindən biri, həkim-radioloq Aydın Əliyev mövzu ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “Təəssüflər olsun ki, bizdə həmişəki kimi, eyni vəziyyət yaranır. Bir məsəldə deyildiyi kimi, yaxşı etmək istəyirdilər, amma həmişəki kimi oldu. Səhiyyə Nazirliyi işinin öhdəsindən gələ bilmir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) də ayrıca bir qurum olmalıdır. Bunların işi büdcədən, qeyri-büdcədən, müxtəlif təşkilatlardan sığorta pullarının yığılmasından ibarətdir. Hansısa zəngin bir şirkət, iş adamı da sığorta üçün ianə verir. Əhalinin sağlamlığına dəstək verir. Yəni yalnız büdcədən maliyyələşmə deyil. İnkişaf etmiş ölkələrdə belə təcrübələr var”.

Həkim bu sahədə şəffaflığın artırılmalı olduğunu dedi: “Məsələ ondan ibarətdir ki, işin kökündə yanlışlıq var. İcbari Tibbi Sığorta üzrə Agentlik ayrı qurum olmalıdır. Ayrıca şura yaratmaqla, ora təyinat etməklə heç nə dəyişməyəcək. Səhiyyə Nazirliyi icra etməlidir, edə bilmirsə, edə bilməyən şəxs dəyişdirilməlidir. Yeni vəzifələr artırmağın nə mənası var. Şuraya üzvlər seçilib, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinindən, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavinindən və Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədrindən ibarət tərkib olacaq. Doğrusu, mən yaxşı bir şey gözləmirəm. Bu məsələdə nə qədər çalışıram optimist olam, ola bilmirəm”.

Millət vəkili Fazil Mustafanın da mövzu ilə bağlı fikirləri diqqət çəkdi: “Bütün bu problemlərin yaranmasında səbəb cəmiyyətlə vacib məsələlərin müzakirə olunmamasıdır. Bir-iki nəfərin təklifi ilə təqdim olunur, onun əsasında qərar verilir. Bu qərar da nəticədə problemlərin artmasına gətirib çıxarır. Hər hansı bir sahədə belə bir inkişafı müşahidə etmirsən. Əslində səhiyyə, elm, təhsil, iqtisadiyyat kimi sahələrdə hər hansı layihələr gerçəkləşirsə, cəmiyyətin müzakirəsindən keçməlidir. Fikirlər alınmalıdır, mütəxəssis rəyləri öyrənilməlidir. Bundan sonra bu məsələlər öz həllini tapa bilər. Bizdə rabitə, texnologiya sahəsində də onlarla qərarlar verilir. Nəqliyyatın idarə olunması da eyni vəziyyətdədir. Bu, idarəetmənin böhran vəziyyətində olması ilə bağlı məsələdir. Burada daha rasional qərar vermək imkanları müzakirəyə çıxarılmır. Nəticədə də eksperimentlər keçirilir. Hər sahədə keçirilən eksperiment sonradan problemə çevrilməyə başlayır. Bir neçə ildən sonra geri dönüş başlayır. Bakı Nəqliyyat Agentliyi ilə bağlı eyni proses gedir. Əslində dünyada mövcud olan idarəetmə sistemi var. Bu sistem bələdiyyə institutunun inkişafıdır. Bələdiyyə institutu inkişaf edəndə avtomatik mərkəzləşmiş idarəetmədən qurtula bilirsən. Bizdə hədsiz mərkəzləşməyə meyl var. Ona görə konkret şəxslər də vəzifəyə gətirilirlər. Onlara bu səlahiyyətlər verilir. Onsuz da hamı əvvəlcədən bilir ki, bu etimadı doğrultmayacaqlar. Bundan sonra səhvi bir-iki nəfərin üzərinə atırlar. Sanki bu bir-iki nəfərin səhvidir, bundan ziyan çəkən isə Azərbaycan vətəndaşı olur. Bu baxımdan da mən düşünürəm ki, bu məsələlərdə cəmiyyətdə mütəxəssis rəyinə, ictimai rəyə diqqət yetirilməlidir. Mədəniyyət sahəsi özü də bərbad vəziyyətdədir. Bir çox sahələrdə 3-5 il əvvəl olan problemlər daha qabarıq şəkildə görünməyə başlayıb. Çünki həmin kadrlar həll etmək qabiliyyəti olmayan şəxslərdir. Vəzifəyə təyinatlar çox zaman təsadüfi olur, hansısa sahəyə uyğun oldu-olmadı o vəzifəyə təyin edilir. Eyni vəziyyət turizmlə də bağlıdır. Buna görə də bu məsələ geniş, qlobal məsələdir. Bank sektoru ilə də bağlıdır. Bütün bu sahələri əhatə edən idarəetmə anlayışı bu problemlərin yaranmasına gətirib çıxarır”.

Deputat qeyd edib ki, səhiyyə sahəsində atılan yanlış addımlar gələcəkdə bir çox problemlərə səbəb olur: “Pensiya problemi, sosial müavinətin alınması da bundan qaynaqlanır. Səhiyyə sisteminin bərbad vəziyyətdə olmasının nəticəsində insanlar həm keyfiyyətli xidmət ala bilmirlər, həm də sağlamlıqları erkən vaxtdan sıradan çıxır. Burada olan problemin qarşılığını sosial pensiya, müavinət və başqa formalarda vətəndaşlar ödəməli olurlar. Bu da dövlətin yükünü artırır. Ölkədə təcili bir sıra sahələr var ki, onun bələdiyyə sistemini dirçəldib, yerli özünü idarə sisteminə vermək lazımdır. İdarəetmədə dəyişiklik etmək lazımdır. Nəyə lazımdır bu qədər icra başçısı? Kiçik ölkəyik. Rusiyanın, Ukraynanın modelinə baxmaq lazımdır. Quberniya, vilayətlər formasında normal idarə olunan, konkret yerlərdə şəhər özünüidarəsi fəaliyyət göstərir, bu da müəyyən dərəcədə idarəetmənin çevikliyini artırır. Bunları etmirik, sonra da deyirik ki, niyə inkişaf yoxdur”.
Tarix: 17-05-2022, 18:23
Xəbəri paylaş





Xəbər lenti