“Əgər 15 min insanın saxta veteranlıq alması ilə bağlı faktlar varsa...” - Yoxsa camaata böhtan atmasınlar



Xəbər verdiyimiz kimi, Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib ki, Azərbaycanda əlində heç bir əsası, sənədi olmadan müharibə veteranı statusu daşıyan 15 mindən çox insan var. Onun sözlərinə görə, bununla bağlı Müdafiə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində araşdırma aparılır.
 
Ağ Partiyanın sədri Tural Abbaslı Pravda.az-a açıqlamasında bildirib ki, bu rəqəmləri haradan götürdükləri, nəyə istinad etdikləri sual altındadır, müzakirə olunmalıdır: “Adətən hakimiyyətdə olan nazirlər və deputatlar statistikanı özlərinə uyğun formada deyirlər və dedikləri heç bir hüquqi sənədə söykənmir. Məsələn, Sahil Babayev deyir ki, bu qədər adam saxta əlillik alıb, necə sübut olunub, buna dair hansı məhkəmə qərarları var? İndi də Musa Quliyevdən soruşmaq lazımdır ki, əlində heç bir sənədi olmayan insana necə verilib o veteranlıq statusu və ya əgər ona saxta veteran deyirsənsə, bunu hansı məhkəmə qərarına əsaslanaraq deyirsən, bununla bağlı araşdırma harada aparılıb? Həmin şəxslərə saxta veteranlıq verənlər cəzalandırılıbmı? Əgər bunların heç biri olunmayıbsa və burada vətəndaşın heç bir günahı yoxdursa, bu sistem boşluğudursa, onda heç kim o vətəndaşlara “saxta veteran” deyə bilməz”.
 
T.Abbaslı bildirib ki, sistemi korrupsiya və rüşvətə bulaşdırmasaydılar, insanlar saxta veteranlıq almazdılar: “Veteranlığı verən də, möhür vuran da özləri, sonra da insanları saxta veteranlıq almaqda ittiham edirlər. Düşünürəm ki, bu, ümumi deyilən sözlərdir və komitə rəhbərlərinin də belə ümumi şəkildə danışmaqları doğru deyil. Əgər 15 min insanın saxta veteranlıq almasıyla bağlı faktlar varsa, bununla bağlı məhkəməyə müraciət etsinlər ki, məsələ araşdırılsın. Yoxsa camaata böhtan atmasınlar, əksinə veteranlara verilən pulların həcmini artırsınlar, birinci və ikinci Qarabağ müharibələrində döyüşüb hələ də veteranlıq ala bilməyən insanlara veteranlıq statuslarını verilməlidir”.
Tarix: 27-05-2022, 16:33
Xəbəri paylaş





Xəbər lenti