Rafiq Əliyev: "Həcc ziyarəti biznesdir"


“Möminlər elə hesab edirlər ki, Həcc ziyarətini təşkil etmək dini komitənin və ya Qafqaz Müsəlmanlar İdarəsinin borcudur. İslamda belə bir şey yoxdur. Hər kəs özü-özünə cavabdehdir və bu hər bir şəxsin özü ilə Allah arasında olan münasibətlərdir. Həcc ziyarəti isə biznesdir. Bu bütün dünyada belədir və bu, biznesdirsə dünyanın biznes qanunlarına uymalıdır. Biz  görürük ki, aviabiletlər bahadır və indi avtobuslarla gediş-gəliş olmadığından yalnız təyyarə ilə çarter reyslərlə getmək mümkündür. Onların da qiyməti birtərəfli 400-500 dollar aralığındadır. Bundan əlavə orada qalmaq və digər xərclər də var. Ziyarəti təşkil edən, bizneslə məşğul olan insanlar buradan təxmini 20 faiz qazanır. Bu qazancın da təxminən 10 faizi müəyyən xərclərə ödənilir. Həqiqətən də qiymətlər hər yerdə artıb. Digər tərəfdən, bəlkə ziyarəti təşkil edənlər 20 faiz deyil, 30 faiz qazanc əldə etmək istəyirlər... Bunu da dəqiq bilmədiyimizə görə deyə bilmərik ki, qiymət yüksəkdir, ya aşağıdır. Əlbəttə, 9 min manat az məbləğ deyil, əlavə xərcləri də hesablasaq, məbləğ 10 -12 min olacaq”.
 
Bunu Pravda.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyev deyib.
 
“Kimin pulu varsa, gedir, yoxdursa, getmir. Belə çıxır ki, indi də varlılara və kasıblara bölünmüşük. Həccə gedən varlılar olur, kasıblar yox... Həmin varlı şəxslər üçün də 9-10 min elə də böyük məbləğ təşkil etmədiyinə görə gedirlər, beş gün qalırlar, xərcləyirlər, istirahət edirlər, ibadətləri də öz yerində... Bəziləri 3-4 dəfə gedir və bundan müəyyən mənəvi zövq alırlar. İnsanlar bir hərəkəti heç vaxt elə-belə etmir. Bütün etdiklərinin müəyyən səbəbləri var. O səbəb olmadan heç kim heç bir işi görmür. İnsanlar əvvəlcədən özlərinə bəraət qazandırırlar ki, gedəcəm 9 mindən çox pul xərcləyib gələcəm və bu mənim üçün normaldır, qoy bunu edim. Bu səbəbdən də Həcc ziyarətini təşkil edən insanlar hər il görürlər ki, hansı qiyməti qoysalar da, möminlər, insanlar ziyarətə gedirlər. Niyə də qoymasınlar? Bu təşkilaçıların başqa gəlir yerləri də azalıb.  Nəzir qutuları və bu kimi şeylər artıq başqa qurumların, icra hakimiyyətlərinin tabeliyinə keçdiyinə görə onların nəzarətində Həcc ziyarəti və “Təzəpir” məscidində yas mərasimlərinin təşkili qalıb. Ancaq qiymətlər yalnız bunlara uyğun olaraq deyil, hər şeyin qiyməti qalxdığından buna paralel olaraq qaldırılıb. Kimin pulu varsa, o getsin. Möminlər möminliyini göstərsin. İnsan ora gedəndə çox rahatlaşır. Özüm də iki dəfə orada olmuşam. Kəbəyə girəndə adam oradan çıxmaq istəmir. Elə bir enerji var  ki, səni özünə çəkir. Bir dəfə getmişdim ki, yarım saat oturum, zəmzəm suyunu içim. O yarım saat iki saatdan çox çəkdi. Orada vaxtın necə keçdiyini bilmirsən. Bu səbəbdən də bəzən insanlar kiçik zövq üçün nəinki 9-10 min, hətta 50 min manat verməyə də hazırdılar. Ona görə də xərcləsinlər, bəziləri də bundan qazansın. Onların da ehtiyacı var...” – R.Əliyev qeyd edib.
Tarix: 28-05-2022, 22:52
Xəbəri paylaş





Xəbər lenti