"Kimsə Avropa televiziyalarına buradan ləkə atırsa.., o, Azərbaycan televiziyalarının rəzilliyinə bəraət qazandırmaq istəyir"


Xəbər verdiyimiz kimi, ARB TV-nin “O Üz” verilişində Əməkdar artist Rəhman Rəhmanovun dünyasını dəyişən oğlu montaj vasitəsilə efirdə "canlanıb".

Bir anda oğlunu qarşısında görən Rəhman Rəhmanovun vəziyyəti pisləşib.

Bəziləri bu formatda verilişin hazırlanmasını qeyri-peşəkar hesab edib, insanların duyğularından sui-istifadə edərək reytinq qazanmağın yolverilməz olduğunu bildirib. Siam.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan aparıcı, şoumen Kamran Həsənli Azərbaycan telekanallarında yayımlanan verilişlərin səviyyəsinin aşağı olduğunu deyib:

“Ümumiyyətlə, Azərbaycanın televiziya kanalları olduqca bərbad, rəzil haldadır. Orada peşəkarlıqdan danışmağa belə dəyməz. Azərbaycanda ümumiyyətlə televiziyadan xəbəri olmayan insanlar istədikləri kimi, öz fantaziyalarına uyğun səhnələr yaradırlar. Sözügedən veriliş də onlardan biridir. Həmin veriliş heç də digər verilişlərdən fərqlənmir, hamısının səviyyəsi eynidir”.

K.Həsənli bəzi həmkarlarının “Avropa telekanallarında da vəziyyət eynidir” fikrini səsləndirməsinə münasibət bildirib. O, bu fikrin tamamilə yanlış olduğunu qeyd edib:

“İstənilən ölkədə televiziya bir alət, bir silahdır. Avropa ölkələrində televiziyaların səviyyəsini cəmiyyətin səviyyəsinə baxmaqla bilmək olar. Onun üçün də “xarici televiziyalarda da eyni vəziyyətdir” fikri tamamilə yanlışdır. Bizim cəmiyyətimiz nə haldadırsa, televiziyalarımız ondan beş dəfə daha dərin qaranlıqdadır. Cəmiyyəti bu hala salan elə televiziyadır. Məsələn, Rusiya telekanallarına baxın, orada faşizm, şovinizm, şantaj, dünyanı hədələmək var, Həmin cəmiyyəti onlar tərbiyə edir. Avropanın rahatlığına, düşüncə tərzinə, rahatlığına, intellektinə baxın. Biz İsveç, Norveç, Finlandiyadan çox geridəyik. Demək ki, cəmiyyət necədirsə, televiziya da məhz o cürdür. Avropada normal yarışlar, şou-proqramlar, intellektual verilişlər, siyasi müzakirə verilişləri var. Kimsə Avropa televiziyalarına buradan ləkə atırsa, o Azərbaycan televiziyalarının rəzilliyinə bəraət qazandırmaq istəyir. Yəqin ki, özləri də həmin televiziyadadırlar deyə haqq qazandırırlar”.
Tarix: 7-06-2022, 20:29
Xəbəri paylaş





Xəbər lenti