Ərşad Hüseynov: “Bakını “beton cəngəlliyi”nə çevirirlər, Qız Qalasını söküb göydələn tikmək istəyən məmurlar var”


“Ağac kəsmək ciddi hüquq pozuntusudur. Ağacın növündən, dəymiş ziyandan asılı olaraq cinayət məsuliyyəti də, inzibati məsuliyyət də tətbiq edilə bilər. Nəsimi rayonu, Bülbül prospekti 18-30 ünvanında ağacların qanunsuz kəsimi ilə bağlı inzibati məsuliyyət tətbiq olunub və bələdiyyə rəhbərliyi cərimələnib. Qanunvericiliyə görə, hüquq pozuntusu təkcə cərimələməklə bitmir. Bu, Bakıda yaşanan birinci fakt deyil. Belə hallar, demək olar, hər gün baş verir. Yaşıllıqlar onsuz da Bakıda həmişə az olub. Yavaş-yavaş Bakını “beton cəngəlliyi”nə çevirirlər. Günahkar Əlidir, yoxsa Vəli, bunu gərək hüquq mühafizə orqanları araşdırsın. Burada Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının da, Bakı Şəhər İcra Hakimiyyətinin də, Bakı Nəqliyyat Agentliyinin də, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin də, bir sözlə hamısının günahı var. Çünki hər kəs səlahiyyətindəki işlə məşğul olmalıdır”.
 
Bu sözləri Pravda.az-a açıqlamasında ekspert Ərşad Hüseynov deyib.
 
Ekspert bildirib ki, bu məsələdə polisin də təqsiri var: “Polis də nəzarət etməli idi, yolun hərəkət hissəsinə müdaxilə olunub. Həmin ərazidə xidmət edən Post Patrul Xidməti əməkdaşları, sahə rəisi soruşa bilərdi ki, burada nə iş görürsünüz? Bakı Şəhər İcra Hakimiyyəti, Nəsimi Rayon İcra Hakimiyyəti, rayonun bələdiyyəsi maraqlanmalı idi. Bu yol hansısa istismar idarəsinin nəzarətində olan yoldur. İdarənin də əməkdaşları maraqlanmalı idilər. Həmçinin söhbət səkidən gedirsə, Bakı Nəqliyyat Agentliyi müdaxilə etməli idi. Bütün qurumlar günahkardır, ancaq hamısı deyir ki, mənlik deyil, bu, səmimi səslənmir. Bunun qarşısı alınmalıdır, belə yanaşma olmaz, şəhərin planı olmalıdır. Prezident göstəriş verməklə bildirdi ki, xəbəri var. Bu, özü də bəs edir. Yerlərdəki adamlar öz işlərini bilməlidirlər. Plan, məlumat olanda, hamı buna riayət edəndə, gedib kiməsə ağız açmağa, icazə almağa ehtiyac yoxdur”.
 
Ə.Hüseynov onu da qeyd edib ki, problemi yaradan başlıca səbəb qurumların çoxluğudur: “Bu işdə məsul olan yalnız bir qurum olsa, ötür-ötür də olmaz, bir-birilərinin üstünə də atmazlar. Mərkəzləşdirilmiş yanaşma, koordinasiya olmalıdır. Bu, çox xırda bir şeydir. İndi Bakıda Qız Qalasını söküb yerində göydələn tikmək həvəsində olan şəxslər var. Hətta onlara şərait yaratmağı, milyonları düşünən məmurlar da var. Ümumilikdə məmurların, sahibkarların düşüncələrini, yanaşmalarını dəyişmək lazımdır. Çox iş görülməlidir”.
Tarix: 8-06-2022, 14:04
Xəbəri paylaş





Xəbər lenti