“Poz, qazan”ı təşkil edən qurum, uduş fondu hər şey qaranlıqdır” — SƏRT AÇIQLAMA






“Ölkəmizdə qumar oyunları qadağan edilib və düşünürəm ki, bu, doğru qərardır. Çünki bizim milli, mənəvi, əxlaqi dəyərlərimiz də bunu qəbul etmir”. 

Bu fikirləri Demokrat.az-a açıqlamasında  Ədalət partiyasının sədr müavini Mütəllim Rəhimli deyib. 

“Üstəlik, cəmiyətimizdə şəxsi və ictimai şüur bu baxımdan kifayət qədər yetkin deyil və insanlar dəhşətli problemlərlə qarşılaşa bilərlər. Çox təəssüf ki, rəsmi şəkildə “Topaz” oyunlarına icazə verildi və bunun da zaman-zaman ortaya ciddi problemlər çıxardığının şahidi oluruq.



Düşünürəm ki, bu oyunun keçirilməsinin qanunvericiliyə uyğunluğu məsələsi bir daha nəzərdən keçirilməlidir. O ki, qaldı hazırda küçələrdə kütləvi şəkildə baş alıb gedən “Poz, qazan” oyunlarına, bu, qətiyyən yolverilməzdir. Bu oyunun rəsmi icazəsi, keçirilmə qaydaları, onu təşkil edən qurum, uduş fondu və s., demək olar ki, hər şey qaranlıqdır. Kim qarantiya verə bilər ki, yüz minlərlə insanın cəlb edildiyi bu oyunlarda deyildiyi kimi uduşa müəyyən məbləğlər çıxarılır. Bəlkə də satışdan əldə edilən və xırda, 1-2 manat uduşdan başqa iştirakçıların heç nə udmaq imkanları yoxdur. Axı lotereyanı çap edən qurum qaranlıq fəaliyyətdədir”. 

“Həm də bu cür oyunların ictimai yerlərdə, xüsusilə, həddi-buluq yaşına çatmamış uşaqların hər zaman əlinin çatdığı yerlərdə təşkil edilməsinə niyə icazə verilir. Bunun məsuliyyətini kim daşıyır? Mütləq bu suala cavab verilməli və səbəbkar məsuliyyətə cəlb edilməlidir. Bizim dəyərlərimizlə daban-dabana ziddi olan bu cür - qaranlıq mənbələrə malik qumar oyunları təcili olaraq yığışdırılmalıdır. İnsanların, xüsusilə gənclərin əxlaqını pozmağa yönələn hərəkətlərə yol vermək olmaz. Hesab edirəm ki, bizim dövlətin bu cür gəlirlərə ehtiyacı yoxdur. Baxmayaraq ki, onlardan dövlət büdcəsinə obyektiv ödənişlərin olması da sual altındadır”,- deyə M.Rəhimli fikirlərini yekunlaşdırıb.
Tarix: 16-06-2022, 23:20
Xəbəri paylaş





Xəbər lenti