Operativ Qərargah kasıbların çörəyini kəsib - Ekspertdən AÇIQLAMA


Quru sərhədlərinin bağlı olması ilə bağlı müxtəlif səviyyələdə dəfələrlə fikirlər səslənməsinə baxmayaraq hələ ki, heç bir nəticəsi olmayıb.

Belə ki, quru sərhədləri açılmır, bu isə müxtəlif problem yaratmaqdadır. Qeyd edək ki, “düyünə düşən” quru sərhədlərinin açılmamasını müxtəlif səbəblərlə izah edirlər. Həmin səbəblərdən biri kimi vətəndaşların baha qiymətə təyyarə bileti alması və bundan “AZAL”ın qazanclı çıxması göstərilir.

İkinci bir səbəb kimi isə vətəndaşların turizm məqsədilə xaricə səfərlərinin qarşısının alındığı və vəsaitlərini daxili turizmə sərf etmək məcburiyyəti göstərilir. Ancaq quru sərhədlərinin bağlı olması digər bir problemi də ortaya çıxarır ki, bu da xırda ticarətlə məşğul olan, öz ehtiyacını qarşılamaq üçün xarci ölkəyə səfər edənlərlə bağlıdır.

Doğrudanmı, həmin vətəndaşların taleyi müvafiq qurumları maraqlandırmır? Dia.az-ın məlumatına görə, iqtisadçı-ekspert Rəşad Həsənov Cebhe.info-ya bildirib ki, quru sərhədləri təxminən iki il yarımdır ki, bağlıdır və bu, kifayət qədər böyük problemdir:

“Xüsusilə də sərhəd bölgəsində yaşayan əhalinin ailə büdcəsinin gəlirlərinin əhəmiyyətli hissəsi xırda ticarətdən formalaşırdı. Bu, xüsusilə iqtisadiyyatın strukturunda da özünü göstərir.

Məsələn, sərhəd bölgəsi ilə bağlı 20 il bundan əvvəlki peyk görüntülərini indiki şəkillərlə müqayisə etdikdə əhalinin kənd təsərrüfatı ilə məşğul olmaq səviyyəsinin nə qədər azaldığını görmək olur. Çünki həmin insanların əhəmiyyətli hissəsi qonşu ölkələrlə ticarət xidmətləri göstərməklə öz ailə büdcəsinin gəlirlərini təmin edir. Həmin əhali bundan məhrum olublar. Bu, kifayət qədər ciddi yoxsullaşma və gəlir azalması riski yaradır. Digər tərəfdən ölkə əhalisinin özünün ailə büdcəsinin gəlirlərinin idarə edilməsində quru sərhəddindən istifadədən söhbət gedir. İnsanlar səhiyyə xidmətləri ilə bağlı İrana gedirdilər. Yaxud avtomobil xidmətləri ilə bağlı Gürcüstana üz tuturdular. Eləcə də bir sıra məhsulların daha ucuz qiymətə əldə edilməsi ilə bağlı İran, Gürcüstan və Rusiya kimi qonşu ölkələrin bazarlarından yararlanmağa çalışırdılar. Mümkün olduğu qədər ayda 1 dəfə bu ölkələrə səfər etməklə öz ailə büdcələrini daha optimal şəkildə idarə edirdilər, xidmətləri və məhsulları daha ucuz şəkildə əldə edirdilər. Xüsusilə də bu gün müvafiq imkanların yaradılmaması ölkədə eyni zamanda inflyasiya təzyiqi formalaşdırır. Çünki artıq bu məhsullar yalnız şirkətlər tərəfindən ölkəyə gətirilir. Şirkətlər də tələbin artması fonunda nisbətən daha yüksək qiymətlər təklif etmək imkanı əldə edirlər. Bu baxımdan quru sərhədlərinin açılması çox vacibdir. Ölkədən 2019-cu ildə təxminən 5, 5 milyon insan getmişdi ki, onların 2-3 milyonu turizm məqsədilə gedənlər deyildi. Onlar öz ailə büdcəsini optimal idarə etmək, daha ucuz qiymətə mal və xidmətlər almaq, yaxud da xırda ticarət yolu ilə ailəsini dolandırmaq məqsədilə qonşu ölkələrə səfər edənlər idi”.

Ekspert deyir ki, eyni zamanda ölkənin quru sərhədlərinin bağlı olması səfər edənlərin sayına əhəmiyyətli dərəcədə təsir göstərir:

“Ölkəyə səfər edən hər 100 nəfərdən 60-ı quru sərhədlərindən istifadə edərək gəlirdilər. Bu gün onların hava nəqliyyatından istifadə etmək imkanları o qədər də yüksək deyil. Ölkəyə səfər edənlərin əksəriyyəti İran, Türkiyə, Rusiya və Gürcüstandan gəlir. Bu ölkələrdə əhalinin gəlirləri çox da yüksək deyildi. Pandemiya bu gəlirlərin dəyərinin daha da azalmasına gətirib çıxarıb və alıcılıq gücü aşağı salıb. Belə bir şərtlər daxilində Azərbaycanda mövcud olan ən bahalı hava nəqliyyatı xidmətindən istifadə etməklə bu ölkəyə səfər etmək heç bir ağıllı insanın qəbul edəcəyi qərar deyil. Ona görə də quru yollarının bağlı olması turizmə də mənfi təsir edir. Eyni zamanda bizim mövcud hava nəqliyyatı –“AZAL”ın da qiymət diqtə etməsi, daha bahalı xidmət təklif etmək üçün əlverişli şərait yaradır ki, hamı bundan narazıdır. Hətta rəsmilər də bundan narazıdır və əgər narazıdırlarsa, alternativ təklif olunmalıdır ki, burada rəqabət olsun, qiymətlər optimallaşsın”.
Tarix: 29-06-2022, 18:10
Xəbəri paylaş





Xəbər lenti