Müdafiə xərcləri kiminsə cibinə axmasa... - Nəzarət mexanizmi yaradılmalıdır


"Müdafiə xərcləri adı ilə pul ayrılıbsa, o digər sahələrdə olduğu kimi ciblərə ötürülməməlidir. Bu səbəbdən də nəzarət mexanizmi olmalıdır".
Bu sözləri politoloq Zərdüşt Əlizadə Bakupost.az -a açıqlamasında deyib.
O, hesab edir ki, Azərbaycanın müdafiə xərclərinin həcminin artırılması doğru addımdır:

"Heç kəs müharibə ehtimalını istisna edə bilməz. Bir məsəl var: "Sülh istəyirsənsə, müharibəyə hazırlaş". Müasir tariximiz onu göstərir ki, bizim dövlət kimi, millət kimi təhlükəsizliyimizi məhz güclü ordu, silahlı qüvvələr təmin edə bilər. Təbii ki, xarici siyasət, səmərəli və güclü müttəfiqlər də vacibdir. Amma əsas amil dövlətin güclü orduya malik olmasıdır. 44 günlük müharibə zəfərlə sona yetsə də, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, xarici dövlətlərdən asılılığını azaltmaq üçün güclü silahlı qüvvələr lazımdır. Bu baxımdan hesab edirəm ki, müdafiə xərclərinin həcminin artırılması düzgün addımdır".

Politoloq, bu sahəyə nəzarət mexanizminin zəruriliyini qeyd edib:
"Cəmiyyətin bu xərclərin səmərəli istifadəsinə nəzarət mexanizmi olmalıdır. Yəni, müdafiə xərcləri adı ilə pul ayrılıbsa, o digər sahələrdə olduğu kimi ciblərə ötürülməməlidir. Bu səbəbdən də nəzarət mexanizmi olmalıdır. Məsələn, dünya bazarında hansısa məhsul 5 manat dəyərindədirsə, bizdə həmin məhsul 15 manata satılır. 10 manat da hansısa oğrunun cibinə gedir. Müdafiə xərclərinin artırılması ilə bağlı hərbi müqaviləni bağlayanlar da burada müəyyən pul əldə edə bilər. Nəzarət edənlərdən müharibə sirlərinin açılması tələb olunmur. Sadəcə nəzarət olunsun. Demokratik ölkələrdə bu nəzarət mexanizmi mövcuddur. ABŞ-da da Parlament Komissiyası tərəfindən vaxtaşırı Müdafiə Nazirliyinin xərclərinin təftişi keçirilir. Pentaqonun xərcləri də yoxlanılır. Əskiklik olarsa, hesabat istəyirlər. Bizdə də bu cür hallar baş verir. Ona görə də nəzarət mexanizmi vacibdir".
Z. Əlizadə, sonda Qarabağdakı vəziyyəti də dəyərləndirib:

"Qarabağdaki mənzərə Azərbaycanın xeyrinə inkişaf edir. Birinci məsələ odur ki, azərbaycanlıların Qarabağa köçməsini, minalardan təmizləməni sürətləndirmək lazımdır. İkincisi, Qarabağın erməni əhalisi ilə bilavasitə münasibətlər yaradılmalıdır. Ermənistan vətəndaşlarını rus təşkilatlarına və erməni millətçilərinin sərəncamına vermişik. Burada Avropa təşkilatlarının da iştirakı olmalıdır. 27 il barış potensialından zəif istifadə etdik. Ona görə də bu cür müharibə baş verdi. Müharibənin üzərindən 1 il yarım keçib. Amma biz hələ də bu sahədə səmərəli addım atmamışıq".
Tarix: 30-06-2022, 22:00
Xəbəri paylaş





Xəbər lenti