Bunu naxçıvanlılara qarşı atılan addım kimi qiymətləndirmək heç bir məntiqə sığımır


Ölkədə quru sərhədlərin bağlı saxlanılması qəbuledilməzdir. Milllət vəkillərinin, partiya sədrlərinin, ictimai xadimlərin çağırışlarına baxmayaraq, quru sərhədlərin açılması istiqamətində heç bir tədbir görülmür. Və bir dövlət yetkilisi də çıxıb bunun səbəbini ictimaiyyətə açıqlamır.
Amma əgər ölkədə quru sərhədlərin bağlanması barədə Nazirlər Kabinetinin qərarı varsa, Azərbaycanın Türkiyə və İranla Naxçıvan istiqamətində sərhəd-buraxılış məntəqələrinin açıq olması da qəbuledilməz idi. Naxçıvan Azərbaycanın tərkib hissəsidir və paytaxtda qəbul edilən qərarlar orda mütləq icra olunmalıdır. Sərhədlərin Naxçıvan istiqamətində açıq saxlanması ciddi suallar yaradırdı və bu, aradan qaldırıldı. Dövlət baba qəbul etdiyi qərarların Azərbaycanın bütün regionlarında qeyd-şərtsiz icra edilməli olduğunu hər kəsə göstərdi. Hər kəs bilir ki, mən o bölgədənəm və oranı yaxşı tanıyıram. Sərhədlərin bağlanmasının Naxçıvan əhalisinə necə təsir edəcəyini də yaxşı bilirəm. Amma sosial şəbəkələrdə naxçıvanlıların sərhədlərin bağlanmasına ciddi təpki göstərmələrini də yanlış hesab edirəm. Bu, dövlətə baş qaldırmaq, onun qərarlarına sayğısızlıq nümayiş etdirməkdir. Naxçıvanda yaşayanlar da Azərbaycanın digər bölgələrində yaşayan vətəndaşlarımız kimi, quru sərhədlərin bağlı qalmasına etiraz edə, sərhədlərin açılmasını tələb edə bilər. Ancaq bu tələb yalnız Naxçıvan üçün irəli sürüləndə ölkəmizin digər bölgələrində yaşayan insanları incidir, bir sıra suallar yaradır. Məsələn, qusarlı soruşur ki, niyə Azərbaycan-Rusiya sərhəddi açıq deyil? Yaxud biləsuvarlı sual edir ki, nəyə görə mən İrana gedə bilmirəm? Və haqlı olaraq bunu da soruşurlar: Naxçıvan Azərbaycanın ərazisidirsə, ölkədə qəbul edilən qərarlar orda niyə tətbiq edilmir? Dövlət yetkililəri bu suallara nə cavab versin?
Dünəndən sosial şəbəkələri izləyirəm. Əksəriyyət AZAL-ı günahlandırır. Doğrudur, AZAL bu ölkənin ən bərbad idarə olunan şirkətidir. Dəfələrlə tənqid edilməsinə baxmayaraq, AZAL qiymət siyasətinə dəyişiklik etmir. Bu gün AZAL-ın satdığı biletlər dünyanın ən bahalı təyyarə biletləridir. Buna görə də ölkə vətəndaşları Türkiyəyə səfər etmək üçün Naxçıvandan keçib qardaş ölkəyə gedirdi. Amma reallıq hissimizi itirməyək. AZAL Naxçıvan istiqamətində quru sərhədlərin bağlanmasına necə təsir göstərə bilər? Əgər bəzi adamlar quru sərhədlərin bağlanmasına AZAL-ın prezidentinin nail olduğu qənaətindədirlərsə, fikrimcə, yanılırlar. Çünki Naxçıvanın rəhbərliyi AZAL-ın rəhbərliyindən nüfuzlu və çəkili məmurdur. Yəni Cahangir Əsgərovun Vasif Talıbovu üstələməsinə şəxsən mən inanmıram.
Bir daha qeyd etmək istəyirəm ki, bu, ölkədə qəbul edilən qərarların Naxçıvanda da icra edilməsidir. Ölkədə quru sərhədlərin bağlı qalması bizə də qaranlıqdır. Və bir Azərbaycan vətəndaşı kimi, quru sərhədlərin açılmasını tələb edirəm. Amma dövlətin qəbul edilən qərarın icrasını təmin etməsinə belə aqressiya ilə yanaşmaq, onu naxçıvanlılara qarşı atılan addım kimi qiymətləndirmək doğru deyildir. Artıq kütləvi hal alan bu etiraz kampaniyası vahid mərkəzdən idarə olunan kimi görünür. Dövlətimiz bu məqamda diqqətli və həssas olmalıdır.
Naxçıvanda yaşayan həmyerlilərimizə səslənirəm: əziz bacı və qardaşlar, dostlar, həmkarlar. Bu kampaniyaya qoşulmaqla, Naxçıvanı Azərbaycanın əsas ərazisindən və əhalisindən daha da təcrid etməyin. Onsuz da, müəyyən səbəblərdən o bölgəyə insanların bir aqressiyası vardır. Biz bu aqressiyanı daha da körükləməməli, Naxçıvanın hər şeyi ilə fəqlənən və qıcıq yaradan imicinin dəyişdirilməsinə nail olmalıyıq. Bilirəm k, bu fikirlərim kimlərinsə xoşuna gəlməyəcək. Amma kimsə bu gerçəkləri deməlidir. Axı biz bu yolla gedərsək, ölkəmizin kifayət qədər strateji bir regionu üçün təhlükə yaratmış olarıq.
Bəziləri Türkiyə və İranla sərhədlərin bağlanmasının Naxçıvan əhalisinin rifahına ciddi təsir edəcəyini bildirir. Sərhədlərin bağlanmasının o bölgədə yaşayan insanlara təsir edəcəyi fikrini bölüşürəm. Ən azından muxtar respublika sakinləri sağlamlıq problemlərinin həlli məqsədilə qardaş ölkəyə üz tuturdu. Amma bu, ciddi təsir olmayaacaq. İndiyədək Naxçıvan sakinlərinin Türkiyədən nə qədər məhsul gətirməsinə icazə verilirdi ki? Siz hansısa monopolistin biznes maraqlarının müdafiəçisinə niyə çevrilirsiniz? Özü də Azərbaycan dövlətini tənqiq edərək, onun qərarlarına qarşı çıxaraq. Papağımızı qabağımıza qoyub fikirləşək. Bu yanaşma bizə nə vəd edir?
Mövzuya aidiyyatı olmayan bir məlumatı da oxucularımızın diqqətinə çatdıraq. Özbəkistanın tərkibində muxtar respublika olan Qaraqalpakıstanda vəziyət yaman qarışıb.


Tural Səfərov,
tns.az



Tarix: 3-07-2022, 23:18
Xəbəri paylaş





Xəbər lenti