Azərbaycanın DİNDAR BAZARINDA İranın CİNDARLIĞI... - İLGİNC İDDİALAR...


Din xadimi olmaq üçün 39 vakant yer üzrə 267 namizəd müraciət edib. “Dini etiqad azadlığı haqqında” qanuna edilən dəyişikliyin 8-ci maddəsinə əsasən din xadimlərinin təyinatı və attestasiyası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin səlahiyyətləri sırasına daxil edilib. Komitədən verilən məlumata görə, “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası” təsdiq olunub. Qaydalara uyğun olaraq din xadimlərinin təyinatı və attestasiyası üçün müsahibə proqramı tərtib edilib. Müsahibə və Attestasiya komissiyaları formalaşdırılıb.

Din xadimləri ilə bağlı məsələ, daha doğrusu, onların dini savadı, müasir elmlərə yiyələnməsi, dünyagörüşü, dövlətçiliyə, milli dəyərlərə bağlılığı illərdir müzakirə olunur. Xüsusən, dini xadimlərin xidmətə qəbulu zamanı ciddi sınaqdan, testdən keçirilməsinin zərurəti vurğulanır. Ümid edilir ki, dini xadimlərin təyinat məsələsinin Qafqaz Müsəlmanları İdarəsindən alınaraq Dini Komitəyə həvalə edilməsi müsbət nəticə verə bilər. Dia.az-ın məlumatına görə, ilahiyyatçı Tural İrfan “Şərq”ə açıqlamasında bildirib ki, məscidlərə imamların təyin edilməsi məsələsinin Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinə verilməsi müsbət haldır. Komitədə vakant yerlərə keçirilən imtahanlardakı proqram da çox mükəmməldir. Ekspertə görə, xadimlərin dini savadı ilə yanaşı dünyəvi bilgilərə də yiyələnməsi olduqca vacibdir:

“Çünki əvvəllər bu sahədə bir çox qüsurlar olub. Qafqaz Müsəlmanları İdarəsi tərəfindən sırf İranda təhsil alanlar məscidlərə təyinat alırdı. Hazırda işləyən axundların çoxu İran təhsili alanlardır. Hərəsinin də öz himayədarı var. İndi görək Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin onları dəyişməyə, yeni təyinatlara gücü yetəcəkmi? Heç bir ilahiyyat təhsili olmayan şəxslər ölkədə həm xurafatı, həm də sətiraltı şəkildə irançılığı yayırlar. Ancaq onlar elə kök atıblar ki, inanmıram Komitənin onları səhnədən uzaqlaşdırmağa gücü çatsın. Cəmiyyət özü də ayıq-sayıq olmalı, hər nağılbaza inanmamalıdır. Ölkədə ali təhsilli minlərlə ilahiyyatçı var. Ancaq gizli əllər onların diplomunu rədd edərək sırf iranyönlü, savadsız, təhsilsiz olanları qabağa verir”.
Alim vurğulayıb ki, ümumiyyətlə, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin fəaliyyəti təqdirəlayiqdir və ümidlər böyükdür: “İdarə savadlı kadr potensialına malikdir. Dövləti və dövlətçilik ənənələrini əsas götürdüyünə görə inanıram ki, müsbət nəticələrə nail olunacaq. QMİ-nin vurduğu ziyan, dini sahədəki özbaşınalıq da ümid edirəm ki, nə vaxtsa hüquqi qiymətini alacaq. Çünki ölkədə məzhəbçiliyi, xurafatı, irançılığı bu idarə yayır. Hətta mən hesab edirəm ki, Qafqaz Müsəlmanları İdarəsinin bütün funksiyaları dondurulmalı, ciddi yoxlama aparılmalı və səlahiyyətləri Komitəyə dövr edilməlidir. Çünki İranın fətvaları işlə işləyən Qazılar Şurası Komitəyə maneçilik yaradacaq, ikitirəlik olacaq. Komitənin fəaliyyəti daha da güclənməlidir ki, görülən işlər müsbət nəticə versin”.
Tarix: 6-07-2022, 08:46
Xəbəri paylaş





Xəbər lenti