Deputatın xanım hakimlə bağlı əlindəki sübut, bağlı quru sərhədləri və... - Parlamentdə MÜZAKİRƏ



Milli Məclisin növbədənkənar sessiyasının son iclasında problemlər qaldırıldı, şikayətlər edildi: “Deputatların təklifləri nəzərə alınmır”
Bu gün Milli Məclisin növbədənkənar sessiyasının plenar iclası keçirilib. Gündəliyinə 15 məsələnin daxil edildiyi iclasda əvvəlcə deputatlar onları narahat edən məsələlərə toxunublar. Milli Məclisin Sədri Sahibə Qafarova ötən həftə keçirilən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransı haqqında məlumat verib.
Spiker xatırladıb ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransında sədrlik Azərbaycana keçdi: “Mənə Milli Məclisin Sədri kimi bu yüksək etimadın göstərilməsi dövlətimizin beynəlxalq aləmdə qazandığı nüfuzun nəticəsi kimi qiymətləndirilməlidir. Tədbirdə dünya ölkələrinin 50-yə yaxın parlament nümayəndə heyəti, 9 beynəlxalq parlament təşkilatının təmsilçiləri, 15 ölkənin parlament sədri qatılmışdı. Bakı konfransı başa çatdıqdan sonra iştirakçılar azad edilmiş əraziləri, Şuşa şəhərini ziyarət etdilər. Onlara viran qoyulmuş ərazilər, abidələr haqqında məlumat verildi, quruculuq işləri ilə tanış oldular. Qoşulmama hərəkatının Bakı konfransı qarşıya qoyduğu məqsədlərə nail oldu".
“Gənclərin ev sahibi olmaqla bağlı maneələr aradan qaldırılmalıdır”
Deputat Elşad Mirbəşir ipoteka kreditləri məsələsinə toxunub və bildirib ki, güzəştli ipoteka kreditlərinin verilməsinin genişləndirilməsinə ehtiyac var: “Gənclərin ev sahibi olmaqla bağlı maneələr aradan qaldırılmalıdır. İpoteka kreditləri ilə bağlı ilkin ödənişlərin və faiz dərəcələrinin yenidən müzakirəsinə ehtiyac var. Xüsusilə də gənclərin ailə qurmadan öncə ipoteka kreditlərindən yararlanmasına şərait yaratmaq lazımdır ki, onlar da gənc ailə üzvü ola bilsinlər".
Deputat: "Bizim Milli Məclisdə səsləndirdiyimiz fikirlər çox zaman nəzərə alınmır”
"Bizim Milli Məclisdə səsləndirdiyimiz fikirlər çox zaman nəzərə alınmır və ya tamamilə əksinə qərarlar verilir", - deyən deputat Fazil Mustafa quru sərhədlərinin bağlı olmasını, AZAL-ın bilet qiyməti ilə bağlı siyasətini tənqid edib: "Quru sərhədləri bağlandı, AZAL qiymətləri ilə bağlı burada fikir səsləndirdik, heç bir qərar verilmədi. İnsanlar çətin vəziyyətdə qalıblar, müalicəyə ehtiyacı olanlar bilet qiymətləri baha olduğuna görə xaricə gedə bilmirlər".

“Bir müddət əvvəl məktəblərlə bağlı müzakirələr də nəticəsiz qaldı. Cəmiyyət 1 sentyabrda tədrisin başlanmasını tələb edir. Mən də bu məsələni dəfələrlə səsləndirdim. Lakin inadla, israrla bu istiqamətdə addım atılmır. Mən başa düşə bilmirəm, bir qərar yalnış qəbul edilibsə, niyə düzəliş olunmasın? Kiminsə kefi və qərarı ilə qərar qəbul etmək insanları sıxıntıya salır", - deyə millət vəkili söyləyib.
“Bəzi məmurlar ictimai şuraların inkişafını istəmir, müqavimət göstərirlər”
Deputat Etibar Əliyev dövlət qurumları yanındakı ictimai şuralar məsələsinə toxunub və bildirib ki, təcrübənin ictimai şuralara təzyiqlər olduğunu göstərdiyini deyib: “Nazirliklər tərəfindən ictimai şuralara təzyiqlər edilir. Təzyiqlərə dözüm gətirməyənlər də var. Onlara elə şərait yaradılır ki, fəaliyyət göstərməkdə çətinlik çəkirlər. Müstəqil fəaliyyət göstərmək isə daha çətindir. Bəzi məmurlar ictimai şuraların inkişafını istəmir, müqavimət göstərirlər. Bir çox hallarda onlarla bağlı xoşagəlməz məlumatlar yayırlar. İctimai iştirakçılığın genişləndirilməsi onlara sərf etmir, çünki bu şəffaflıqdır”.
Millət vəkili: “Hakim Elmira Nağıyevanın ədalətsizliyi ilə bağlı əlimdə sübut var”
Deputat Tahir Kərimli Bakı Apellyasiya Məhkəməsinin hakimi Elmira Nağıyevanın səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinə toxunub. Bildirib ki, hakimlərlə bağlı şikayətlər varsa, deputat statusundan istifadə edib onlara kömək edəcək. Elmira Nağıyeva ilə bağlı əlimdə sübut var. Deputatı olduğum dairədə bir hadisəyə Elmira xanım ədalətsiz yanaşdı. Biz məhkəmə qərarlarını təftiş eləmirik. Qanunun tələbi nədirsə, o qərarla razılaşmalıyıq. Lakin adı çəkilən hakim Elmira Eyvaz qızı hadisəyə məhsuliyyətli yanaşmayaraq peşəsindən sui-istifadə edib”.
Komitə sədri: “Seyrçi qalsaq, sabah Ukraynada övladlarımızdan legioner tabor düzəldəcəklər”
"2014-2015 ci illərdə Yaxın Şərqdəki savaşa aldadılaraq qatılan vətəndaşların qarşısını almaq üçün o zaman bir sıra sərt hüquqi-siyasi tədbirlər görülmüşdü: Cinayət Məcəlləsində terror birləşmələrinin tərkibində iştirak edənlərə cəzaların sərtləşdirilməsi, vətəndaşlıqdan və ölkədən çıxarılma, eləcə də azərbaycanlıları ələ almağa çalışan casus qruplarına qarşı əkstəbliğat tədbirləri gücləndirilmişdi. Təəssüf ki, o zaman 900-ə yaxın vətəndaşın Suriya və İraqda terror qruplarına qatıldığı, 300-nün həyatını itirdiyini, 200-ə yaxın şəxsin həbs edildiyini, 200-ə qədərinin isə vətəndaşlıqdan çıxarıldığı rəsmən bəyan edilmişdi". Bu sözləri isə İnsan hüquqları komitəsinin sədri, deputat Zahid Oruc səsləndirib.  

Deputat qeyd edib ki, iki həftə öncə Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri hörmətli Əli Nağıyevin İraq və Suriyada qanunsuz hərbi əməliyyatlara qatılan 366 şəxsin, onların ailə üzvlərinin ölkəmizə qaytarıldığını bildirməsi xarici silahlı qruplara qoşulanların mühüm milli təhlükəsizlik problemi olduğunu göstərir: "Vətən müharibəsindən 5 il əvvəl bu qədər gəncin sıralarımızdan getməsi razılaşın ki, böyük itkidir. İndi Rusiya-Ukrayna savaşı növbəti muzdlu ixracına təkan verib.Hər iki dövlətin rəhbərliyi açıq şəkildə “beynəlxalq könüllülər legion”unu onlara qoşulmağa çağırır. Mötəbər media və teleqram kanallarında minlərlə muzdlunun müxtəlif məqsədlər və bayraqlar altında gəlib orada döyüşdüyünü göstərir. Bəllidir ki, Ukraynada yaşayan, lakin vətəndaşlarımız olan insanlar da savaşa qatılır və qarşı səngərdən bir-birinə atəş açırlar. Dəqiq sayları bəlli deyil, lakin Suriyada cihad ideyası ilə müqəddəsliyə can atanlar indi Ukraynada din yox, müxtəlif vədlər, xüsusən də aylıq 1000-3000 dollar muzda görə silahlı qruplara qoşulurlar. Təəssüf ki, bir sıra yerli partiyalar vətəndaşların müharibəyə qatılmasını təşviq edir, çünki Ukraynaya hərbi dəstək siyasi xal qazandırır. Halbuki bir müddət əvvəl Goranboya gətirilib dəfn edilən Elnur Həsənovun itkisini tək ailəsi yaşadı. Əgər biz seyrçi qalsaq, sabah övladlarımızdan legioner tabor düzəldəcəklər. Çoxlarınız əlində silah “mən azərbaycanlıyam” deyib Ukrayna və ya Rusiya rəhbərlərini ittiham edən kadrları görmüsünüz. Heç şübhəsiz, dövlətimizi müharibəyə çəkmək istəyənlər bu muzdlu əməliyyatını bizim hərbi cəhətdən neytral, siyasi baxımdan barış  kursumuza qarşı istifadə edirlər".
“Ölkəmizdə “Vaqner” ÇVK-ya bənzər beynəlmiləl birləşmə yaratmaq çıxış yolu ola bilməz”
Deputat vurğulayıb ki, ölkəmizi ikinci Qarabağ savaşına xaricdən döyüşçü gətirməkdə ittiham edənlər indi kütləvi muzdlu ixracına yaşıl işıq yandırıblar: "Beynəlxalq hüquq iflasa uğrayıb və “Vaqner” tipli hərbi təşkilatlar milli ordulardan önə keçib. Əmək miqrantlarını hərbi miqrasiya əvəzləyib. Bəs biz nə etməliyik, desək ki, onlar gedib rəsmi dövlət ordusuna qoşulursa, cinayətkar deyillər, qoy gedib pul qazansınlar, onda təhlükəli bir prosesə yardımçı olarıq. Onların ölkəmizə gətirəcəyi təhlükəli düşüncə, öldürmək psixologiyası Amerika məktəblərindəki qırğınlar üçün münbit zəmin yaradır. Ölkəmizdə “Vaqner”ə bənzər beynəlmiləl birləşmə yaratmaq çıxış yolu ola bilməz. Yad maraqlar, yalnız pul naminə, millətin övladları onların olmayan muzdlu müharibəsinə qoşulmamalıdır. Bizim haqq müharibəmiz, nahaq savaşlardan uzaq durmağı tələb edir".
Deputatlar tətilə yollandılar
Milli Məclisin növbədənkənar sessiyanın sonuncu iclasında spiker S.Qafarova Prezident İlham Əliyevi, Birinci vitse-prezident Mehriban Əliyevanı və Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib.
Sonuncu iclasda spiker qeyd edib ki, sessiya çərçivəsində 5 iclas keçirilib: "Sessiya çərçivəsində 36 qanun və qərar layihəsi müzakirə edilib. Ümumilikdə sessiya işini uğurla başa çatdırır".
Qeyd edək ki, deputatların yay tətili bu gündən başlayır.
Tarix: 8-07-2022, 21:35
Xəbəri paylaş





Xəbər lenti