Deputat həmkarlarını Xəzər sahilindəki hasarların sökülməsinə dəstək verməyə çağırdı


Parlamentin növbədənkənar sessiyası işini başa çatdırdı, deputatların yay tətili başladı; Fazil Mustafa: “On minlərlə Azərbaycan vətəndaşı acınacaqlı vəziyyətə düşüb, yüz minlərlə insanın müalicə, istirahət hüququ pozulub”

İyulun 8-də Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirildi. Spiker Sahibə Qafarova əvvəlcə deputatlara Qoşulmama Hərəkatının Parlament Assambleyasının Azərbaycanda keçirilən toplantısı, Bakı Konfransı barədə məlumat verdi. Bildirdi ki, konfransda Bakı Bəyannaməsi qəbul olundu, təşkilatın loqosu təsdiqləndi. Həmçinin təşkilatda Milli Məclisin Sədrinə böyük etimad göstərildiyini vurğulayan, təşəkkürünü çatdıran S.Qafarova Qoşulmama Hərəkatının üzvlərinin Şuşaya səfəri barədə də iclas iştirakçılarını məlumatlandırdı.
Komitə sədri Siyavuş Novruzov Milli Məclisdəki çıxışında Cəlil Məmmədquluzadənin “Ölülər” əsərinə xitab etdi. Bildirdi ki, görünür ATƏT-in Minsk Qrupunun həmsədrləri həmin əsəri oxuyub, ölü diriltməyə çalışırlar. “30 il ərzində barmağını barmaq üstünə qoymayan bu təşkilat yenidən Qarabağ məsələsi ilə məşğul olmaq iddiasına düşüb. Bizdə məsəl var: ”Özünə umac ova bilməyən başqasına əriştə kəsir". Öz aralarında üçüncü dünya müharibəsini başladan bu ölkələr başqa ərazidə ədalətli sülhə töhfə verəcəklərini iddia edirlər. Bu üç ölkə arasında həm hərbi, həm mənəvi, həm hüquqi, həm iqtisadi müharibə gedir. Hətta prezidentlər bir-birini təhqir edir. Belə olan halda biz necə gözləyə bilərik ki, onlar öz aralarındakı münaqişəni bitirib, gələcəklər Qarabağ məsələsini həll edəcəklər".
S.Novruzov dedi ki, vaxtilə səfir olan, neft biznesilə məşğul olan Kozlariç deyir mən ATƏT-in Minsk Qrupunu dirildəcəyəm: “Elə sənin vaxtında da bu qurum var idi də, niyə həll olunmadı məsələ? Bu təşkilat artıq ölüb, onun ”fatihə"sini vermək lazımdır, bununla da məsələyə nöqtə qoyulmalıdır".
Deputat Fazil Mustafa çıxışında bir sıra problemlərə diqqət çəkdi. Bildirdi ki, ölkədə konstitusiyanın işləməsi ilə bağlı problemlər var. “Parlamentdə səsləndirilən fikirlərin böyük əksəriyyəti ya diqqətdən kənarda qalır, ya da onun əksinə qərarlar qəbul olunur” - deyən F.Mustafa quru sərhədlərin açılması ilə bağlı təşəbbüslərin ziddinə olaraq qərarın verildiyini xatırlatdı. Deputatın sözlərinə görə, ola bilsin ki, dövlətin bildiyi nələrsə var: “Amma on minlərlə Azərbaycan vətəndaşı acınacaqlı vəziyyətə düşüb, yüz minlərlə insanın müalicə, istirahət hüququ pozulub. Əvvəlcədən bilet alıblar, amma ölkə xaricinə çıxa bilmirlər”.
F.Mustafa qeyd etdi ki, ölkədə tədrisin 1 sentyabrda başlaması ilə bağlı qaldırdığı məsələ də həllini tapmır. Heç bir əsas gətirmədən vaxtilə qəbul olunmuş qərarı qüvvəsində saxlayırlar: “Bu məntiqsiz qərarların əvvəl-axır dəyişdirlməsinə ehtiyac var”.
F.Mustafa konstitsyanın 30 və 51-ci maddələrinin, mülkiyyət və elmi fəaliyyət azadlığı ilə bağlı müddəaların da pozulduğunu bildirdi. Dedi ki, hər kəsin mülkiyyət hüququ və elmi fəaliyyətlə sərbəst fəaliyyət göstərmək haqqı var. “Hansısa bir qayda ilə məmurların elmi fəaliyyəti qadağan olunub. Niyə olmaz? Siz plagiatın, oğurluğun qarşısını alın da! Bizim savadlı yüzlərlə məmurumuz var. Vəzifədən gedir, elmi fəaliyyətlə məşğul olmaq, hansısa universitetdə dərs demək istəyir. Niyə onların qarşısı alınır? Biz, nəhayət, konstitusiyanın işləməsi üçün optimal yol tapmalıyıq ki, vətəndaşlarımızı sıxıntıdan qurtara bilək”.
Plenar iclasda Bakı Apelyasiya Məhkəməsinin hakimi Elmira Eyvaz qızı Nağıyevanın səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi müzakirəyə çıxarıldı. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov layihə haqda məlumat verdi. 

Deputat çıxışında məhkəmə hüquq sistemində islahatların dərinləşməsi haqqında Prezident sərəncamına istinad etdi. Bildirdi ki, ötən il 100 hakimin fəaliyyəti araşdırılıb, 14 nəfər hakimin fəaliyyətində isə ciddi nöqsanlar müəyyən edilib. “Hakim Nağıyevanın təkrar qiymətləndirilməsi zamanı kobud süründürməçiliyə yol verildiyi müəyyən edilib. Məhkəmə-hüquq şurası tərəfindən 5 irad məktubu göndərilib”.
Deputat Tahir Kərimli dedi ki, bəzən qərarla qərardadın fərqini bilməyənlər, protokol belə yazmağı bacarmayanlar hakim vəzifəsini daşıyırlar.
Müzakirələrdən sonra deputatlar qərar layihəsinin lehinə səs verdilər.
Deputat Razi Nurullayev pambıqçılıq sahəsindəki vəziyyətdən danışdı. Bildirdi ki, hazırda bir sıra rayonlarda xeyli pambıq əkilib: “O pambıq mahlıca çevrilib xarici ölkələrə satılır və sonra da son məhsul şəklində özümüzə on dəfə baha göndərilir. Əzab-əziyyətlə, suvarma suyu üstündə dava apara-apara yetişdirdiyimiz pambığı niyə son məhsula çevirə bilmirik? Ola bilsin ki, bəzilərinə sərf edir, çünki elə mahlıcdan əziyyətsiz yaxşı pul qazanır. Bu da olsun onlarla adam. Bəs qalanları? Hazır mahlıcın məhsula çevrilməsi üçün onlarla fabrik qurulsa, on minlərlə vətəndaşımız işlə təmin edilər və ixracımız artar, pambıqçılığa daha böyük həvəs yaranar. Bir ara Mingəçevirdə belə bir müəssisələrin yaradılması üçün iş aparıldı, amma indi var, yoxsa yox, bilmirik”.
İclasda “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının rəhbərlərinin seçilməsi haqqında”  Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi səsə qoyuldu və qəbul edildi.
 Daha sonra “Azərbaycan Respublikasının Milli Məclisi yanında Toponimiya komissiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi müzakirəyə çıxarıldı.
Deputat İsa Həbibbəyli bildirdi ki, komissiyanın əvvəlki katibi yeni vəzifəyə təyinat alıb. Odur ki, İ.Həbibbəyli komissiyadakı bu vəzifəyə Milli Məclisin müvafiq şöbəsinin əməkdaşı Cavid İsgəndərovun namizədliyini təklif etdi.
Komitə sədri Siyavuş Novruzov söz alaraq dedi ki, Zəngəzur, Göyçə, İrəvan bölgəsindəki qədim adlarımız kütləvi şəkildə dəyişdirilib. “Bu istiqamətdə alimlərimiz kifayət qədər işlər görürlər, araşdırmalar aparırlar. Tponomiya komissiyası ilə birlikdə müzakirələr keçirib, həmin yer adlarının dəyişdirilməsi ilə bağlı qərarlar qəbul etməliyik”. S.Novruzov qeyd etdi ki, seçki dairələrdində sosializm, bolşeviklərlə əlaqəli adlar da qalıb. Odur ki, həmkarlarına müraciətlə bu istiqamətdə araşdırma aparılmasını, həmin kənd adlarına da baxılmasını təklif etdi. Dedi ki, payız sessiyasında bu məsələni müzakirə etmək lazımdır.
İclasda “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilənin təsdiq edilməsi və “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında pensiya təminatı sahəsində vətəndaşların hüquqlarının zəmanətləri haqqında” Sazişin təsdiq edilməsi barədə" qanun layihəsi müzakirə olundu.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev layihə barədə ətraflı məlumat verdi. Bildirdi ki, “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Müqavilə ratifikasiya olunduqdan sonra Rusiya Federasiyasında (RF) əmək fəaliyyəti ilə məşğul olan vətəndaşlarımızın pensiya hüququnun yaranması və pensiya məbləğinin yüksəlməsi imkanı artacaq, əmək miqrantı kimi RF-də fəaliyyət göstərmiş vətəndaşlarımızın orada topladığı sığorta stajları pensiya təyinatı zamanı tam olaraq nəzərə alınacaq. Bundan əlavə, hər iki ölkə ərazisində əmək fəaliyyəti ilə məşğul olmuş vətəndaşa pensiya təyinatı daimi yaşadığı Tərəfin qanunvericiliyinə əsasən, qüvvədə olan şərtlərə uyğun olaraq aparılacaq.
Daimi qeydiyyatda olduğu halda isə Azərbaycan vətəndaşları RF-də, qarşı tərəfin vətəndaşları isə Azərbaycanda pensiya təyinatı aparılmasını tələb edə biləcəklər. Bu zaman vətəndaşın hər iki ölkə ərazisindəki sığorta stajı toplam olaraq nəzərə alınacaq: “Müqavilədə nəzərdə tutulan müddəalar bu sənədin qüvvəyə minməsindən əvvəl baş vermiş sığorta hallarına da şamil ediləcəkdir. Başqa sözlə, əgər vətəndaş pensiya yaşına çatdığına baxmayaraq  RF ərazisindəki işlədiyi dövr nəzərə alınmadığına görə pensiya hüququ yaranması üçün tələb olunan 25 il əmək ştajı toplamadığı səbəbindən pensiya almaq imkanından məhrum idisə, bu müqavilə qüvvəyə minəndən sonra Rusiyadakı iş stajı da əlavə edilməklə pensiya hüququ əldə edə biləcək. Müqavilədə  əhəmiyyətli müddəalardan biri də pensiya məbləğinin ödənilməsində hər iki ölkə ərazisində qazanılmış pensiya stajına proporsional maliyyələşdirilmənin nəzərdə tutulmasıdır.  Misal üçün: Tutaq ki, 600 manat pensiya təyin olunmuş pensiyaçı malik olduğu 30 il sığorta stajının 20 ilini Azərbaycanda, 10 ilini RF-də əldə etmişdir. Bu halda onun pensiyasının 400 manatı Azərbaycanın, 200 manatı isə RF-nin Dovlət Sosial Müdafiə Fondu tərəfindən maliyyələşdiriləcək”.
Deputat Fəzail Ağamalı iclasın sonunda çıxış üçün söz istədi və sədr ona bu imkanı yaratdı. F.Ağamalı bildirdi ki, artıq bir neçə gündür KİV-də dəniz sahilindəki hasarların sökülməsi ilə bağlı məlumatlar dərc olunur: “Vaxtilə Xəzəri zəbt etmiş, hasarlamış ayrı-ayrı iş adamlarının qanunsuz hərəkətərinə qarşı Bakı Şəhər İcra Hakimiyyətinin iradəsi ortalıqdadır, qanunsuz hasarlar sökülür, Xəzər dənizi insanlarımızın ixtiyarına verilir. Bakı Şəhər İcra Hakimiyyətinin bu təşəbbüsünü, bu addımını yüksək qiymətləndirirəm və düşünürəm ki, hər birimiz Milli Məclisin deputatı olaraq bunu müdafiə etməliyik. Çünki xalqın birbaşa maraqlarına xidmət edən bir addımdır. Eyni zamanda bu, dayanmalı deyil, Novxanıdan başlayaraq, Qaradağın ”Sahil" qəsəbəsinə qədər bütün hasarlar sökülməlidir. Bundan əlavə, Xəzər sahilindəki restoranlar və ayrı-ayrı iaşə müəssisələrinin özü də vətəndaşlarımızın Xəzər sahilinə sərbəst şəkildə daxil olmasına imkanlar yaratmalıdır".      
Bundan sonra Milli Məclisin növbədənkənar sessiyası öz işini yekunlaşdırdı. Spiker Sahibə Qafarova bildirdi ki, növbədənkənar sessiya zamanı beş iclas keçirilib və gündəlikdəki məsələlərin müzakirəsi yekunlaşıb: “Sessiya çərçivəsində 36 qanun və qərar layihəsi müzakirə edilib. Ümumilikdə sessiya işini uğurla başa çatdırır”.
Dövlət himninin oxunmasından sonra deputatlar yay tətilinə çıxdılar.

“Yeni Müsavat”
Tarix: 9-07-2022, 09:16
Xəbəri paylaş





Xəbər lenti