"Korrupsiyanın qarşısı alınmadan müdafiə və milli təhlükəsizlik xərclərinin artırılmasını məqsədəmüvafiq hesab etmirik" - QUBAD İBADOĞLU


"Müdafiə sistemində korrupsiya hallarının artması və miqyasının genişlənməsinin ən başlıca səbəbi müdafiə və təhlükəsizlik büdcəsinin qeyri-şəffaf və hesabatsız xərclənməsidir"
"Azərbaycanın dövlət büdcəsinin yenilənmiş proqnozlarına əsasən bu ilin dövlət büdcəsinin müdafiə və milli təhlükəsizlik xərcləri 5 milyard 84 milyon 760 min manat səviyyəsində müəyyən edilib ki, bu, əvvəlki büdcə proqnozu ilə müqayisədə 594,868 milyon manat və ya 13,2 faiz çoxdur. Hazırda müdafiə və milli təhlükəsizlik xərcləri 2019-cu ilin büdcəsi ilə müqayisədə 1,6 dəfə və ya 2 milyard manat artıb. Sual olunur ki, bu qədər artımın müqabilində hərbçilərin və əsgərlərin sosial-maddi təminatında və onların zəruri vasitələrlə təchizatında da eyni səviyyədə yaxşılaşma müşahidə olunurmu?" Hurriyyet.az xəbər verir ki, bunu Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri, iqtisadçı alim Qubad İbadoğlu deyib.
Partiya sədri bildirib ki, 2008-ci ildən indiyə qədər dövlət büdcəsindən birbaşa müdafiə və təhlükəsizlik xərcləri adı ilə 35 milyard 428 milyon 934 min manat vəsait ayrılıb: "Müdafiə Nazirliyində son zamanlar baş verən həbslər göstərir ki, heç də ayrılmış vəsaitlər son təyinatı üzrə xərclənməmiş və hər il yüz milyonlarla dövlət vəsaiti mənimsənilir. Müdafiə sistemində korrupsiya hallarının artması və miqyasının genişlənməsinin ən başlıca səbəbi müdafiə və təhlükəsizlik büdcəsinin qeyri-şəffaf və hesabatsız xərclənməsidir. Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyası olaraq şəffaflıq və hesabatlılıq təmin edilmədən, korrupsiyanın qarşısı alınmadan müdafiə və milli təhlükəsizlik xərclərinin artırılmasını məqsədəmüvafiq hesab etmirik".
Məhz bu səbəbdən də Qubad İbadoğlunun sədri olduğu Azərbaycan Demokratiya və Rifah Partiyası təklif edir ki, Milli Məclisdə "Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi"nin müdafiə büdcəsi ilə bağlı qapalı dinləmələr təşkil olunsun: "Azərbaycan Respublikasının 2022-ci il üçün dövlət büdcəsinin müdafiə və milli təhlükəsizlik xərclərinin konfidensiallıq təşkil edən xərcləri istisna olmaqla digər xərclərinin inzibati, iqtisadi və funskional təsnifatının hazırlanması və Milli Məclisin müzakirəsinə təqdim edilsin. Müdafiə və milli təhlükəsizlik xərclərinin Hesablama Palatası tərəfindən auditi aparılsın və rəy hazırlansın. Müdafiə qüvvələrinin təchizatı ilə bağlı dövlət sifarişləri üzrə tenderlər açıq və rəqabətli keçirilsin. Nəhayət, onu da bildirmək istərdik ki, müdafiə və milli təhlükəsizlik büdcəsinin qeyri-şəffaf və hesabatsız şəraitdə xərcləndiyini nəzərə alsaq, onun artımını alqışlaşmaq hakimiyyətin korrupsiya siyasətinə rəvac verməyə xidmət edir".
Tarix: 11-07-2022, 17:46
Xəbəri paylaş





Xəbər lenti