Gömrük Komitəsində nə baş verir? - “Axırı çox pis qurtaracaq, Səfər Mehdiyev...” - Sabiq 1-ci müavinlə MÜSAHİBƏ


Gömrük Komitəsində nə baş verir? - “Axırı çox pis qurtaracaq, Səfər Mehdiyev...” - Sabiq 1-ci müavinlə MÜSAHİBƏ

Bir müddətdir Dövlət Təhülükəsizlik Xidmətinin (DTX) Dövlət Gömrük Komitəsində (DGK) əməliyyat aparması ilə bağlı məlumatlar var. 
Bu günə qədər bir neçə yüksək vəzifəli gömrükçünün həbs olunduğu da deyilir. Ötən gün daha bir gömrük generalının həbs olunması xəbəri yayılıb. 
Belə ki, Gömrük Komitəsinin Əməliyyat və İstintaq Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Məsum Rəsulov həbs olunub. Bu əməliyyat korrupsiyaya qarşı növbəti əməliyyat kimi qiymətləndirilir.
Cebhe.info Gömrük Komitəsində gedən proseslərlə bağlı qurum sədrinin sabiq müavini Cümşüd Nuriyevlə söhbətləşib. 

-Cümşüd bəy, Gömrük Komitəsində bir müddət əvvəl başlayan korrupsiyaya qarşı mübarizə çərçivəsində həbslər davam etdirilir. Ötən gün daha bir generalın həbsi ilə bağlı xəbər yayıldı. Siz də zamanında Gömrük Komitəsində sədrin birinci müavini vəzifəsini icra etmisiniz. Hazırda komitədə gedən prosesi necə dəyərləndirirsiz? 
-Dövlət bu komitədə islahat aparmaq məcburiyyətində qalıb. Çünki gömrüklə bağlı birmənalı fikir söyləmək mümkün deyil, amma gedən proseslər onu göstərir ki, dövlət bu addımları məcburi olaraq atır. Dövlət Təhlükəsizlik Xidməti heç bir yerə təsadüfən girmir. Heç harada da təsadüfi həbslər aparmır. Onlar uzunmüddətli araşdırmadan sonra bu addımı atırlar. “Azterminal”dan sonra ikinci bir generalın həbs olunması artıq Dövlət Gömrük Komitəsində SOS siqnalı kimi qəbul olunmalıdır. Özü də həbs olunan İstintaq idarəsinin rəisidir. Gömrük orqanlarında baş verən cinayətlər əgər ört-basdır olunursa, məhz həmin idarədə baş verir. Bu da təsadüfi sayıla bilməz. Bunun arxasınca mütləq yeni həbslər gələcək. Xitam verilmiş cinayət işlərinə yenidən baxılacaq, qaldırılan cinayət işləri araşdırılacaq, bunların əsaslı olub-olmaması yoxlanacaq. Hansı işlərin prokurorluğa göndərilib-göndərilmədiyinə baxılacaq. Yəni çoxsaylı suallar və problemlər var. Ona görə də gömrükdə həbslər davam edəcək.
-Gömrük Komitəsi hər zaman şikayətlərin hədəfindədir, etirazlara səbəb olan qurumdur. Gömrük Komitəsi həqiqətən bu qədər “çirkli” bir qurumdur?
-Dövlətin yürütdüyü iqtisadi siyasətlə bağlı Gömrük Komitəsi birbaşa ölkənin iqtisadi təhlükəsizliyi ilə məşğul olmalıdır. Amma ölkənin iqtisadi təhlükəsizliyində çox ciddi problem var. Burada bütün xalq hər şeyi Prezidentdən istəyir. Amma Prezident komitəyə rəhbər təyin edib. Onlar mütləq daxili bazarı tənzimləməlidir. Azərbaycanın daxili bazarında inhisarçılıq baş alıb gedir. Burada  hökumətin nə günahı var? Bu məsələlər qanunvericiliklə Gömrük Komitəsinin üzərindədir. Komitə daxili bazarda idxalı tənzimləməli və iqtisadi riçaqlarla qiymətin tənzimlənməsinə bu və ya digər formada nəzarət etməlidir. Çünki dövlətin inqtisadi təhlükəsizliyi bilavasitə daxili bazarda təyin olunur. Azərbaycanda isə təkmil bazar yoxdur, inhisarçı və “oliqarx” bazarı var. Bu da qorxulu bir şeydir. Əgər ölkədə oliqarxların bazarı genişlənirsə, idxal tam inhisarlaşırsa, əsas vəsaitlər ərzağa sərf olunursa, bunun mütləq bir cəzası olmalıdır. Belə bir şəraitdə Gömrük Komitəsindən bu qədər şikayət varsa, deməli, əsassız deyil. Bu orqanda müəyyən islahatlar aparılmalıdr. İslahat deyəndə təkcə elektronlaşmadan söhbət getməməli, sırf kadr məsələsinə baxılmalıdır. Gömrük Komitəsini hamımız ittiham edə bilərik, amma açıq danışmaq lazımdır, bütün deputatların, nazirlərin qohumları gömrüyə işə düzəlirlər. Onlar heç pul almasalar da, işi zamanında görə bilmirlər, sahibkar da düşünür ki, ondan pul istəyirlər. Amma adam işi bilmir.
-Bəs necə düşünürsünüz, Gömrük Komitəsində şəfafflaşmaya nail olmaq mümkün olacaq?
-O quruma işini bilən, əli təmiz  adam gəlməlidir. Gömrük Komitəsini “yağlı tikə” kimi qəbul edirlər. Əgər ora rəhbər gələn adam da qurumu “yağlı tikə” kimi görəcəksə, Gömrük Komitəsində şəffaflıq olmayacaq. Gömrük Komitəsində mütləq böyük islahat getməlidir. Niyə komitədə vəzifə tutanlar ancaq “tayfabazlar”, “qohumbazlar” olmalıdır? Bunun axırı çox pis qurtaracaq. Amma Gömrük Komitəsini şəffaflaşdırmaq mümkündür. 3 aya komitəni 3-4 adamla elə düzəltmək olar ki, o, həm Azərbaycan dövlətinə, həm də xalqına xeyir gətirər, narazılıqlara da son qoyular. Əgər korrupsiya çiçəklənirsə, onun qarşısını almaq lazımdır. Gizli korrupsiya daha təhlükəlidir. Gömrük orqanlarında daha çox gizli korrupsiya var.
-Həbs prosesinin sonunu necə görürsünüz? Səfər Mehdiyevi nə gözləyir?
-Bunu demək bir qədər çətindir. Amma ümumiyyətlə, qurumların birində əsas şəxslərdən hansısa həbs olunursa, həmin qurumun rəhbəri istefa verməlidir. Məsələn, “Azterminal” (“Azərterminalkompleks” Birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov nəzərdə tutulur-red.) həbslər olanda onun kuratoru olan sədr müavini istefa verməli idi, amma vermədi. İndi İstintaq İdarəsinin rəisi həbs olunub, orada qaçaqmalçılığa qarşı mübarizədə sədr müavini var, o istefa verməlidir. Onlar istefa versə, Səfər Mehdiyev özünü qoruya bilər, amma onun müavinləri istefa vermir deyə bütün diqqət sədrin üzərində cəmlənir. Ümumiyyətlə, Gömrük Komitəsində “yeni qan” lazımdır. Yəni komitənin rəhbərliyi bütövlükdə dəyişdirilməlidir.

Tarix: 15-07-2022, 15:32
Xəbəri paylaş





Xəbər lenti