"Korrupsioner məmurların həbsi davam edəcək" - deputat


Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi xüsusi əməliyyatlarla bir sıra rayonların icra hakimiyyəti başçıları, ayrı-ayrı icra nümayəndələri, bələdiyyə rəhbərləri, mərkəzi idarə və təşkilatların vəzifəli şəxslərinin qanunazidd əməllərinin ifşa olunması və onların həbs edilməsinin şahidi olduq.
Ölkədə korrupsioner məmurlara qarşı həbs dalğasının davam edəcəyini görürük. Eyni zamanda, son günlərdə çox böyük vəzifəli şəxslərin həbsi və vəzifədən azad edilmələrinin şahidi olduq. Bu dəyişikliklərdən biri də Dövlət Gömrük Komitəsondə (DGK) olub.
DGK da bundan sonra vəziyyət necə dəyişəcək? Ümumiyyətlə, həbslər iş keyfiyyətinin artmasına kömək edəcək?
Siam.az xəbər verir ki, məsələ ilə bağlı millət vəkili Vüqar İsgəndərov Bakupost.az-a açıqlama verib.
O, ölkə başçısının bir sıra islahatlar paketi təqdim etdiyini qeyd edib və bəzi yerində olmayan məmurlarla dövlət səviyyəsində mübarizə aparıldığını bildirib:

"Məmurlar işə təyin edilərkən onların qarşısında bir çox vacib məsələlər qoyulur, tapşırıqlar verilir. İş keyfiyyətini yüksəltmək, əhaliyə xidmət, işgüzarlıq, məsuliyyət, şəffaflıq əsas amillərdir. Təbii ki, biz artıq yerində olmayan bir çox məmurların işdən azad edilməsini, həbs olunmasını gördük. Bu, çox çətin prosesdir. Çünki kadra inanıb hansısa vəzifəyə təyin edirlər. Onun qarşısına vəzifələr qoyulur. Təəssüf ki, məsuliyyəti dərk etməyən kadrlar da olur. Onlar digər yollara əl atır və cəzalandırılırlar".
V. İsgəndərov məmurların işinə həm dövlət tərəfindən, həm də ictimai nəzarətin olmasını zəruri hesab edir:
"Azərbaycan qanunun aliliyini rəhbər tutan ölkədir. Qanuna zidd hərəkət edən insanlar kimliyindən asılı olmayaraq, cəzalandırılır. DGK-da bir sıra həbslərin olduğunu gördük. Burada da digər dövlət orqanları kimi milli kadrlar mövcuddur. Bura strateji sahədir. Artıq Pezidentin sərəncamı ilə DGK-da yeni 1-ci müavin təyin edilib. Təbii ki, dövlət başçısı və ictimaiyyət yeni kadrdan yeni yanaşma gözləyir. Ümid edirəm ki, DGK yeni çağırışlara cavab verərək nümunəvi dövlət orqanlarından biri olacaq".
Tarix: 19-07-2022, 14:30
Xəbəri paylaş





Xəbər lenti