“Fake” xəbərlərə qarşı mübarizə: Nəyi necə yazaq?


“Fake” xəbərlərə qarşı mübarizə: Nəyi necə yazaq?


Son zamanlarda sosial şəbəkələrin Azərbaycan seqmentində saxta məlumatların yayılması çoxalıb.
Hətta reallığı əks etdirməyən uydurma hərbi məlumatların tirajlanmasının da şahidi oluruq. Təəssüflər olsun ki, belə paylaşımlar çox zaman məqsədyönlü şəkildə edilir. Sosial şəbəkələrə nəzər saldıqda, tez-tez hərbçilərimizlə bağlı yalan məlumatlara rast gəlirik.
Bəzi şəxslər isə “TikTok” olmaqla, “Facebook”, “Instagram” və “YouTube” üzərindən belə uydurma xəbərlər paylaşaraq gündəm yaratmağa və öz profilləri üçün reytinq qazanmağa çalışırlar. Təbii ki, bu tip məlumatların paylaşılması cəmiyyət tərəfindən də birmənalı qarşılanmır.
Hətta belə saxta məlumatlar dövlət qurumlarını rəsmi açıqlamalar vermək və ya addımlar atmağa vadar edir. Xüsusən də, Azərbaycan Ordusunun işgüzar nüfuzuna xələl gətirmək, eləcə də dövlətin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi istiqamətində görülən işlərə kölgə salmaq məqsədilə həqiqətəuyğun olmayan informasiyalar tirajlandığını vurğulamaq lazımdır.
Buna görə də Baş Prokurorluq ictimai-siyasi sabitliyin, insan və vətəndaş hüquq və azadlıqlarının pozulmasına yönələn halların qarşısının alınması üçün bu cür hərəkətlərə yol verən şəxslər Baş prokurorluğa dəvət olunub, onların barələrində prokuror təsir tədbirləri görüldüyün açıqlayıb.
Belə ki, bəzi sayt rəhbərləri və sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq verilib. Bundan başqa, “Facebook” sosial şəbəkəsində özünə məxsus olan səhifədə qanunla yayılması qadağan edilən informasiyanı yerləşdirdiyinə görə "Prokurorluq haqqında” Qanunun 24-cü maddəsi rəhbər tutulmaqla Şahmuradov Tofiq Təhmuraz oğlunun barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Bakı şəhəri, Nizami rayon Məhkəməsinə göndərildiyi bildirilib.Məhkəmənin qərarı ilə Tofiq Şahmuradov barəsində 1 ay müddətinə inzibati həbs tənbehi seçilib.
Ümumiyyətlə, belə saxta məlumatların paylaşılmasının qarşısının alınması üçün hansı addımlar atılmalıdır?
Mövzu ilə bağlı Cebhe.info-ya açıqlama verən Əməkdar jurnalist, filologiya üzrə elmlər doktoru, professor Qulu Məhərrəmli bildirib ki, bu gün sosial şəbəkələr alternativ platformalar kimi insanların məlumatlandırılmasında müəyyən rol oynayır:

“Fərdi səhifələrdə yazılan statuslar bəzən şəxsi fikirləri, mövqeləri ifadə edir, amma elə mövzular var ki, onların çatdırılması çox ciddi həssaslıq tələb edir. O cümlədən müharibə şəraitində olan Azərbaycan Ordusunun fəaliyyəti haqqında və hərbi sirr sayılacaq materialların işıqlandırılması ilə bağlı ciddi həssaslıq tələb olunur. Ona görə də kimliyindən asılı olmayaraq o materialları paylaşmaq məqbul sayılmır. Hətta o tip materialların sosial şəbəkələrdə yayımlanması cinayət əməli yaradır. Hər bir sosial şəbəkə istifadəçisi də bunu bilməlidir.
44 günlük Vətən müharibəsi zamanı da bununla bağlı çoxlu müraciətlər olurdu. Mən özüm də dəfələrlə bununla bağlı televiziyalarda çıxış etmişəm, Müdafiə Nazirliyi və müvafiq orqanlarının da müraciətləri olub. Yəni hərbi texnikanın yerdəyişməsi ilə bağlı olan, ümumiyyətlə, ön cəbhədən göndərilən hər hansısa bir məlumatın yayılmasında çox diqqətli olmaq lazımdır. Çünki adi bir şəkil bəzən ciddi bir fəsada səbəb ola bilir. İndi də faktiki olaraq müharibə bitməyib. Müəyyən gərginliklər və aydın olmayan nüanslar var. Ona görə də bu məsələlərlə bağlı paylaşımların edilməsi məqsədəuyğun deyil”.
Professor hesab edir ki, bloqerin həbs olunması ciddi faktdır:
“Yəni burada elə bir mövqedə dayanmaq lazımdır ki, hərbi məsələləri bəhanə edərək söz və mətbuat azadlığını məhdudlaşdırmaq olmaz. Hərbidə hansısa yeyinti və ya korrupsiya varsa, bunları rahat şəkildə tənqid etmək olar. Amma birbaşa hərbi sirrləri paylaşmaq olmaz. Hərbi sirrin qorunması məhz “İnformasiya əldə etmək haqqında” qanunda dəqiq göstərilib. O qaydalarda göstərilən məlumatların yayılması cinayət tərkibi yaradır. Ona görə də jurnalistlər və sosial şəbəkə istifadəçiləri o tip məlumatları yaymaqdan çəkinməlidirlər.
Düşünürəm ki, bununla bağlı cəmiyyətdə çox ciddi maarfçilik işləri aparılmalıdır. İnsanlar doğru ilə yalanı, hərbi sirr ilə adi məlumatı bir-birindən fərqləndirlə bilməlidirlər. Media savadlılığının artırılması metodlarından ən effektli şəkildə istifadə etməliyik”.
Tarix: 28-07-2022, 18:05
Xəbəri paylaş





Xəbər lenti