Azərbaycanda dəhşətli qətllər: Səbəb nədir?


Azərbaycanda dəhşətli qətllər: Səbəb nədir?



Son zamanlar mətbuatda hər gün intihar və qətl hadisələri haqqında məlumatlara rast gəlirik.
Qətl hadisələri əsasən məişət zəminində baş verir. Baş verən qətl hadisələrinin təfərrüatları ilə tanış olduqda qatilin öz qurbanını xüsusi amansızlıqla öldürdüyü hadisələrin sayının artdığı müşahidə edilir.
Qatil öz "müqəssir"ini ya xüsusi amansızlıqla, ya da azyaşlı uşaqların gözü qarşısında öldürür. Bu gün Şirvanda baş vərən qətl hadisəsi də bu qəbildəndir.
Belə ki, Şirvanda kişi arvadını uşağının gözləri qarşısında xüsusi amansızlıqla öldürüb.
Məlumatı Şirvan Şəhər Prokurorluğu yayıb.
Bildirilib ki, iyulun 29-u, saat 01 radələrində Şirvan şəhər sakini 1994-cü il təvəllüdlü Camalə Qənbərovanın öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
"Aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri, 1992-ci il təvəllüdlü Kəmaləddin Qənbərovun şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı azyaşlı oğlunun gözləri qarşısında bıçaqla Camalə Qənbərovaya çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib". 
Bəs insanları qəddarlaşdıran səbəb nədir? İnsanı buna nə vadar edir?
Mövzu ilə bağlı Cəbhe.info-ya danışan psixoloq Tariyel Faziloğlu bildirib ki, Azərbaycanda hazırkı psixoloji durum həddən artıq qarışıqdı:

"Pandemiyadan öncə də ölkədə kütləvi psixozdan əziyyət çəkirdik, amma hardasa idarə edə bilirdik. Pandemiya bütün dünyada olduğu kimi bizdə də psixoloji gərginlik yaratdı.
Azərbaycanda olan kütləvi psixozu pandemiya ən təhlükəli həddə çatdırdı. Pandemiya bitməmiş müharibə yaşadıq. Postmüharibə sindromu kütləvi psixozu kritik həddə çatdırdı. İnsanların psixoloji immuniteti həddən artıq aşağı düşdü. İnsanların mərhəmət duyğusu, sosial duyğuları sürətli şəkildə eroziyaya uğradı. Psixoloji immunitetin aşağı olması insanların affekt vəziyyətə düşməsini asanlaşdırdı. İndi insanlar çox rahat şəkildə ən xırda qıcıqlandırıcı hadisə, reaksiya gördüyü zaman affekt vəziyyətinə düşə bilir. Bu vəziyyətdə insanın şüuru qapanır və beyində tək bir öldür əmri formalaşır. Psixotik pozuntu öldür əmri ilə bərabər insanlarda dəhşətli dərəcədə qəddarlığın artışına gətirib çıxarır".
Psixoloq təkcə başqasını deyil, özünəqəsdi də artan dəhşətli psixoloji pozuntu kimi qiymətləndirir:
"Bir ər həyat yoldaşını uşaqlarının gözü qarşısında öldürür, bundan da daha dəhşətlisi bir ananın uşaqları ilə bərabər intihar etməsidir.Bu yaxınlarda belə bir hadisə oldu. Bir ananın övladlarına qıyması daha qəddar və daha dəhşətli hadisədir. Yəni bu, son həddir.
Bu gün Azərbaycanda belə hadisələr baş verir. Təəssüf ki, biz bunun üçün ciddi kompleks tədbirlər görməsək bu davranışların sayı sürətlə artacaq və bir müddətdən sonra biz bu hadisələrə normal yanaşacağıq. Hazırda durum bu dərəcədə kritikdir. Kompleks psixoloji, psixososial sahədə tədbirlər görülməlidir.
İndi intihar xəbərləri statistikaya çevrilib. Əvvəllər hər bir intihar xəbəri ayrı yazılırdı. İndi bəzi informasiya saytları bu gün üç, beş nəfər intihar etdi şəklində informasiyanı verir. Bu, sözün əsl mənasında dəhşətin miqyasını bir daha açıq şəkildə ortaya qoyur".
Tarix: 29-07-2022, 22:42
Xəbəri paylaş





Xəbər lenti