Azərbaycanda meşə yanğınları - suçlu insanlar, yoxsa qızmar istilər?


 

Telman Zeynalov: “Azərbaycanda meşələri yandıran iqlım dəyişikliyi deyil, mafioz qurumlardır”

Son günlər Azərbaycanda meşə yanğınları artıb. İndi də Quba-Xaçmaz zonasında (Xudatda) qiymətli yaşıllıq sahələri od tutub. Belə ki, ötən gün Quba və Şabran rayonlarının dağlıq ərazilərindəki meşə sahəsində başlayan yanğının tədricən Qəbələ və Siyəzən rayonlarının meşəlik ərazisinə keçdiyi bildirilir.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata əsasən, avqustun 17-də qeyd olunan  ərazilərdə yanğınlar nəzarətə götürülərək alovun daha geniş ərazilərə yayılmasının qarşısı alınıb, soyutma işləri aparılır. Yanğınsöndürmə tədbirləri mürəkkəb relyefli dağlıq ərazilərdə həyata keçirilir, isti və küləkli hava şəraiti tüstülənmə ocaqlarının tam söndürülməsinə mane olur.
Qeyd edək ki, yanğının səbəbləri barədə hələ ki rəsmi konkret məlumat verilməyib. Səbəblər sırasında təxribat amili də ola bilər, insan (səhlənkarlıq) faktoru da, qızmar istilərin təsiri də.
Bəs əhali üçün təhlükə varmı? Yanan ərazidə fauna (heyvanlar aləmi) və floraya dəyən ziyan nə dərəcədə böyükdür və neçə ilə bərpası mümkün ola bilər?
Ekoloq Telman Zeynalov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Hamımıza məlumdur ki, hazırda dünyada qlobal istiləşmə gedir. İqlim dəyişikliyi, qlobal istilik necə yaranır? Yer kürəsinin oxu istiqamətini şərqə doğru dəyişdirir, belə olan halda Günəş Afrikadan uzaqlaşıb, birbaşa şüalarını Rusiya və Azərbaycanın üzərinə vurur. Beləliklə, indi meşə yanğınlarını nə qədər azaltmağa çalışsalar da, Yer kürəsində havanın temperaturu getdikcə artacaq və meşə yanğınları da çoxalacaq.
Azərbaycana gəldikdə isə meşələrimizi yandıran iqlim dəyişikliyi deyil, bir sıra mafioz qurumlardır. Onlar meşəni  qırıblar, indi də hər şeyi ört-basdır etmək üçün qəsdən yanğınlar törədirlər. Məsələ budur. Dövlət bu məsələyə diqqət etməli, hər şeyi dərindən araşdırmalıdır. Bir daha qeyd edirəm ki, ölkəmizdə baş verən yanğınlarda insan faktoru var. İstəyir temperatur lap 70 dərəcəyə çatsın, meşə durduğu yerdə yanmaz. Çünki meşənin ərazisində, ətrafında olan nəmişlik, külək, hava onun yanmasına imkan verməz. Əlbəttə ki, yaşıllığın məhv olması insan üçün təhlükədir. Məsələn, kimsə günəşin altında duranda günvurma olur və bəzən bu, ölümlə nəticələnir.

O ki qaldı faunanın yenidən bərpa olunmasına, hamımıza məlumdur ki, onun bir hissəsi insan və heyvanlardır. Əgər fauna yanırsa, hər şey məhv olur. Məsələn, əgər əvvəllər Bakıya gur yağış yağırdısa, indi yağıntının miqdarı xeyli azalıb. Təbiətdə gedən bütün proseslər öz-özünü bərpa edir. Lakin torpaq yandısa, onun üzərində canlı aləm məhv oldusa, həmin torpaq bir də 100-200 ildən sonra bərpa oluna bilir. Amma buna bizim vaxtımız yoxdur".
Yazı hazırlanan zaman məlumat yayıldı ki, Şabran rayonunda yerləşən “Qalaaltı” İstirahət Mərkəzinin yaxınlığındakı meşəlik ərazidə baş vermiş yanğın söndürülüb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin məlumatına görə, havanın isti və küləkli olması yanğın ocaqlarının tam söndürülməsinə mane olsa da, FHN-in yanğınsöndürmə qüvvələri tərəfindən mürəkkəb relyefli dağlıq, o cümlədən çətin keçilən və sıldırımlı qayalıq ərazidən xüsusi alpinist vasitə və ləvazimatlardan istifadə olunmaqla, Çıraqqala qalasından “Qalaaltı” İstirahət Mərkəzinə doğru yuxarıdan aşağı istiqamətdə soyutma işləri aparılır. Həmçinin bildirilib ki, şimal bölgəsində olan yanğınlarla mübarizəyə 600 nəfər şəxsi heyət, 80-ə yaxın texnika, 2 ədəd helikopter və 1 ədəd “BE 200 ÇS” amfibiya təyyarəsi cəlb olunub.
Xatırladaq ki, yanğınlarla mübarizə tədbirlərində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin, Şimal və Şimal-Qərb regional mərkəzlərinin, Mülki Müdafiə Qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin, Ekologiya və Təbii Sərvətlər və Daxili İşlər nazirliklərinin əməkdaşları iştirak edir. Həmçinin yanğınsöndürmə əməliyyatlarına “Azərsu” ASC-nin, yerli icra hakimiyyətinin müvafiq texnikaları da cəlb edilib.    
Tarix: 19-08-2022, 08:38
Xəbəri paylaş





Xəbər lenti