Bəs cəmiyyət və dövlət olaraq biz nə etməliyik ki, məktəblərdə təhsilin səviyyəsi yüksəlsin və şagirdlərin repetitor yanına getməyinə ehtiyac qalmasın?
Ekspert əlavə edib ki, repetitorluq təhsil sistemini böyük bir rüşvət-korrupsiya şəbəkəsinə çevirir və kölgə iqtisadiyyatının alovlanmasına xidmət göstərir: “Biz bu problemlərin hər birini aradan qaldırmaq üçün fundemental konfrans çağırmalıyıq. Eləcə də təhsil işçilərini və digər maraqlı insanları bir araya toplayaraq bu məsələnin həll yollarını tapmalıyıq. On illərdir ki, bu problem var və artıq bəzi dövlət adamları, Milli Məclisin üzvləri də repetitorluğu müdafiə edir. Bu cür yanaşma dövlətin mənafeyi baxımından düzgün deyil. Çünki məktəblərdə ayrıca olaraq vətənpərvərlik aşılanır, müxtəlif tədbirlər keçirilir, himnimiz tez-tez səslənir. Repetitorluqda isə bu kimi məsələlərə heç toxunulmur. Mən repetitorluğu Azərbaycan təhsil sisteminə ən böyük zərbə hesab edirəm”.
Şahlar Əsgərovun sözlərinə görə, problemi həll etmək üçün artıq müəyyən addımlar atılır: “Məsələn bir neçə gün əvvəl Prezidentin sərəncamına əsasən məktəb direktorlarına, direktor müavinlərinə xüsusi maaş təyin edildi. Repetitorluğun yaranmasının əsas səbəblərindən biri də məhz məktəb rəhbərliyinin məsuliyyətsizliyidir. Çünki məktəblərdə nizam-intizam yoxdur. Bu sərancamla təbii ki, məktəb direktoru böyük məsuliyyət altına girir. Prezidentin son sərancamı bu baxımdan çox böyük əhəmiyyətə malikdir. Repetitorluğun yaranmasının bir çox nəzəri səbəbləri var. Məsələn müəllimlər tərəfindən şagirdlərin biliyinin düzgün qiymətləndirlməməsi, məktəbdə müəllimlərin şagirdlərə münasibətinin eyni cür olmaması və sairə. Bunlar hamısı repetitorun xeyrinə işləyir. Bu kimi halları isə drektor nəzarətə götürməlidir. Mən hər zaman qeyd etmişəm ki, müharibə vaxtı cəbhə komandirləri cəmiyyətdə hansı önəm daşıyırsa, sülh və əmin-amanlıq dövründə də məktəb direktorları bu önəmi daşımalıdır”.