“Ermənistanın dövlət sərhədindəki hərbi potensialı sırdan çıxarılıb” – “Bu zərbələr Ermənistana ciddi xəbərdarlıqdır”




"Vladivostokda Ermənistan Baş naziri Nikol Paşinyanın açıqlamaları Moskva və əsas da Avropa İttifaqının vasitəçiliyi ilə aparılan sülh danışıqlarna İrəvanın gerçək münasibətini ortaya qoydu".
"AzPolitika.info" xəbər verir ki, bunu politoloq Zaur İbrahimli regionda cərəyan edən prosesləri şərh edərkən bildirib.
Ekspert xatırladır ki, Paşinyan açıq şəkildə Minsk Qrupunun fəaliyyətinin bərpa olunmasını, Qarabağ münaqişəsinin həll olunmadığını, tərəflərin 31 avqust Brüssel görüşündə əsas məsələlər üzrə razılıq əldə edə bilmədiyini bəyan edib, habelə Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərlə bağlı məsələlərin Azərbaycanın daxili işi olmadığını vurğulayıb: "Paşinyan qəti şəkildə bəyan etdi ki, sülhün əldə olunması ilə bağlı İrəvan və Bakının fərqli baxışları, yanaşması var. Bu açıqlamalar Bakının son iki ildə bütün gücü və imkanları ilə zərrə-zərrə ərsəyə gətirdiyi, aktuallaşdırdığı, Moskva, Brüssel, hətta İranla az-çox razılaşdıra bildiyi sülh gündəliyinin üstündən xətt çəkmək idi. Rəsmi Bakı Paşinyanın növbəti dəfə razılaşmalardan boyun qaçırmasına mümkün olduğu qədər təmkinlə yanaşmağa çalışdı. Paşinyanın Vladivostokda diplomatik həmləsi, nəhayət, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatı ilə davam etdi".
Bakının bu təxribatlara başqa cür cavab vermək seçimi vardımı?


Zaur İbrahimli qeyd edir ki, son 30 illik təcrübəmiz bu suala mənfi cavab verməyi tələb edir: "Əgər bu cür qətiyyətli cavab verilməsəydi, bu, Paşinyanın Vladivostokda irəli sürdüyü yeni şərtləri qəbul etmək, yenidən mənasız və illərlə uzanacaq danışıqlara razılıq vermək anlamına gəlirdi. Azərbaycanın qətiyyətli cavabı yenidən Bakının ədalətli sülh gündəliyinə qayıdılması üçün yeganə çıxış yoluydu. Ermənilərlə yalnız onların anladığı dildən danışmaqla, sülhə məcbur etmək olar. Digər bütün şərtlər bu prinsipə tabedir. ABŞ, Qərb ölkələrinin mövqeyi isə bəllidir. Onların əsas niyyəti Paşinyanı qorumaqdır, sülh sazişinin imzalanmasının uzanması bütün regiona təsir etmək imkanını saxlayır. Onların da baza prinsipi budur. Bütün yanaşma bu prinsipdən doğur və dəyişməyəcək".
Politoloq vurğulayır ki, Azərbaycan Ordusunun Ermənistanın genişmiqyaslı təxribatına cavab olaraq lokal əks-tədbirləri Bakı üçün böyük strateji üstünlük yaradıb. Onun sözlərinə görə, İrəvan - Gorus yolu və Ermənistanın cənubu ilə şimalını birləşdirən hər iki yola ordumuzun atəş nəzarəti təmin olunub. "Ermənistanın Azərbaycanla sərhədinin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu bütün hərbi təyinatlı obyektlər darmadağın edilib. Dövlət sərhədində Ermənistanın hərbi potensialı böyük ölçüdə sırdan çıxarılıb. Bu, Paşinyan komandası, bütövlükdə Ermənistan siyasi isteblişmenti üçün ciddi xəbərdarlıqdır. Əldə edilmiş mövqelər və yeni atəş nöqtələri Ermənistanın ölkəmizdə qarşı hər hansı hərbi planlarını həyata keçirmək imkanlarını çox məhdudlaşdırır", - ekspert əlavə edib.
Təhlilçi qeyd edir ki, Azərbaycanın üzləşdiyi riskləri də tez-tez yada salırlar, bu, daha çox ölkəmizin beynəlxalq aləmdə təzyiqə məruz qala biləcəyi ilə bağlı iddialardır: "Qısa müddər üçün, əlbəttə, erməni təbliğatı maksimum ölkəmizə qarşı ictimai rəy yaratmağa çalışacaq. Lakin 30 ildə Ermənistan 20% ərazimizi işğalda saxladı, daha İrəvanı pisləməyən təşkilat qalmadı, sonda yenə qan tökərək azad etdik. Azərbaycan Cənub Qafqazın kilid ölkəsi, Şərqin qapısı və Şimalla Cənubu birləşidrən əsas məkanlardan biridir, bu cür əhəmiyyətli parametrlərə malik ölkəni heç bür qüvvə narazı salmaq istəməz".
Tarix: 14-09-2022, 14:45
Xəbəri paylaş





Xəbər lenti