Revanşist siyasət: İrəvan yenə manipulyasiya edir - NƏ ETMƏLİ?

Revanşist siyasət: İrəvan yenə manipulyasiya edir
Ermənistanın Azərbaycan sərhədlərində növbəti hərbi təcavüz və təxribat aktı törətməsi bir sıra siyasi nəticələr qənaətə gəlməyə imkan verir.

Birincisi, Ermənistan Azərbaycanın ərazi bütövlüyünə qarşı təhlükə mənbəyi olaraq qalır. Son hadisələr Ermənistanın siyasəti ilə Baş naziri Nikol Paşinyanın bu ilin axırına qədər Azərbaycanla sülh sazişinin imzalanacağı barədə açıqlamaları arasında ciddi təzadların olduğunu üzə çıxartdı.

Yəni rəsmi İrəvanın və ermənilərin sülh prosesinə hazır olmadığı bir daha sübut olundu. Bütün bunlar isə revanşist siyasətin Ermənistanın manipulyasiya aləti olduğunu göstərir. Sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Kəlbəcər, Laçın, Daşkəsən və Zəngilan rayonları istiqamətində törətdiyi genişmiqyaslı təxribatlar bir daha bütün dünyaya göstərir ki, rəsmi İrəvan öz revanşist niyyətlərindən əl çəkmir.

Ona görə də Ermənistan tərəfi istənilən an sülh prosesini pozmaq üçün təxribat törədə bilər. Bu da revanşist və ya radikal qrupların Ermənistanın dövlət siyasətinə təsirinin hələ də güclü olaraq qalması ilə bağlıdır. Sülhün əldə olunması istiqamətində hər bir razılaşma adekvat olaraq hakimiyyətdə, müxalifətdə, orduda və kilsədəki revanşitlərin fəallaşması ilə müşahidə olunur.

Xüsusilə, Paşinyanın orduya nəzarət imkanlarının zəif olması həm daxili, həm də xarici qüvvələrin sülh prosesinin qarşısını almaq səylərini asanlaşdırır. Bu baxımdan, Azərbaycan və Ermənistan liderlərinin Brüssel görüşündən sonra atəşkəsin pozulması hallarının daha intensiv hal alması və nəticədə genişmiqyaslı hərbi təxribatla yekunlaşması məhz tərəflər arasında münasibətləri yenidən gərginləşdirmək məqsədi daşıyır. Bu, hərbi elitanın Nikol Paşinyana tabe olmaq istəmədiyini bir daha təsdiq etdi. Ermənistan ordusunda Köçəryan-Sarkisyan klanına bağlı olan terrorçu səhra komandirlərinin və Rusiyanın təsiri üstünlük təşkil edir. Paşinyan dörd illik hakimiyyəti dövründə bu problemi həll edə bilməyib.

Onun daxili və xarici qüvvələrin təzyiqi qarşısında tez geri çəkilməsi bir siyasətçi kimi zəif olduğunu göstərir. Ona görə də Paşinyan hakimiyyətini qorumaq üçün liberal qanadla revanşistlər arasında mütəmadi olaraq manevrlər edir. Onun qeyri-sabit mövqeyə malik olması sülh danışıqlarında rəsmi İrəvana olan inamı da zəiflədir. Eyni zamanda, Paşinyanın revanşizmə qarşı açıq müqavimət də göstərmir. Çünki revanşizm Paşinyana daxili auditoriyada hakimiyyəti qorumaq, xarici siyasətdə isə Rusiya ilə münasibətlərdə və Azərbaycanla danışıqlarda manipulyasiyasiya vasitəsi kimi lazımdır. Ümumi fərqlər taktiki olsa da, strateji baxımdan, revanşist kurs davam etdiyindən Ermənistanın cinayətkar və terrorçu mahiyyətini dəyişmir.

Hərbi cinayətkarlıq və terrorçu fəaliyyət Ermənistanda siyasi varislik prinsipi ilə ötürülür. Bu, son 30 ildə Ermənistandakı bütün hakimiyyətlərin dövründə müşahidə olunub. Ona görə də Ermənistanı yalnız beynəlxalq hüquqi normalar dayanmağa məcbur edə bilər. Buna nail olmaq üçün Ermənistan ilk növbədə, dünyada hərbi cinayətkar və terrorçu ölkə kimi tanınılmalıdır. Yəni Azərbaycana qarşı terror, soyqırım törətmiş cinayətkarlar beynəlxalq səviyyədə mühakimə olunmalı, təcavüzkar dövlət kimi Ermənistana sanksiya təbiq edilməlidir.

Həmçinin, dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar Ermənistanı mina xəritələrini vermədiyinə görə qınamalı, rəsmi İrəvan buna görə hüquqi məsuliyyət daşımalıdır. Dia.az-ın məlumatına görə, mövcud situasiyanı Cebhe.info-ya şərh edən politoloq Teymur Qasımlı bildirib ki, yaxın müddətdə Azərbaycan ilə Ermənistan arasında sülh olamayacaq:

“Bunu Ermənistan istəsə belə, Rusiya razı olmaz. Belə ki, son günlər baş verən təxribatlar Ukrayna cəbhəsində biabır olan Rusiyanın diqqəti Cənubi Qafqaza yönəltmək cəhdindən xəbər verir. Təəssüflər olsun ki, Fransa Prezidenti Emmanuel Makron da Minsk qrupunun həmsədri kimi Rusiya-Ukrayna müharibəsini bizim regiona yönləndirdi.

Rusiyanın bu gərginliyi yaratmaqda məqsədi Brüssel masasını dağıtmaq idi. ABŞ Dövlət katibinin Qafqazda danışıqlar üzrə səfiri Filip Rikerin bölgəyə gəlişi ərəfəsində bu təxribatın baş verməsi məhz Brüsselin vasitəçiliyi ilə əldə olunmuş razılaşmaları iflasa uğratmaq idi. Ən təhlükəli isə Rusiyanın Azərbaycan-Ermənistan sərhəddini qorumaq istəyi ilə bağlıdır. Ona görə də bu gərginlik Azərbaycan-Ermənistan sərhəddində yaradıldı. Vladivostokda da Paşinyanla Putinin görüşü keçirilmişdi. Çox güman ki, bu müzakirələr uğursuz olduğuna görə, Paşinyan Şanxay Əməkdaşlıq Təşkilatının Səmərqənddəki sammitinə getmədi.

Revanşizm meyilləri nəticəsində Azərbaycanla Ermənistan arsında heç vaxt sülh olmayıb. İndi revanşistlər yenidən küçələrə çıxaraq Paşinyanın istefasını tələb edir. Yəni Rusiya Paşinyanı devirmək istəyir. Ancaq istifadə etməyə adam tapa bilmir. Son təxribatlar bir daha sübut etdi ki, Paşinyan Ermənistan silahlı qüvvələrinə nəzarət edə bilmir. Sərhəddəki toqquşmalardan sonra Ermənistanda radikalların siyasi mövqeyi xeyli güclənib. Hətta Gümrüdəki 102-ci hərbi bazadan və İranın da Ermənistan orsdusuna dəstək gəlməsi barədə məlumatlar var. Ona görə də Rusiya əsgəri bölgəmizdən çıxıb getməyənə qədər Ermənistanda revanşizm davam edəcək”.
Tarix: 16-09-2022, 09:01
Xəbəri paylaş





Xəbər lenti