Mövlam Şıxəliyevə hökm oxunması bu günə qaldı - DETALLAR

Mövlam Şıxəliyevə hökm oxunması bu günə qaldı
Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub- E.M.) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbəsinin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə hökm bu gün elan ediləcək.

10 aya yaxın davam edən prosesin sonunda dövlət ittihamçısı Mövlam Şixəliyevin 14 il, Yasin Məmmədovun 12 il, Vüsal Ələkbərovun 15 il, Sahib Ələkbərovun isə 10 il azadlıqdan məhrum edilmələrini istəyib. Eyni zamanda hər birinin rütbədən məhrum olunmalarını, üzərinə həbs qoyulmuş əmlaklarının müsadirəsini tələb edib.

Cinayət işi üzrə 36 zərərçəkmiş var. Onlardan 3-ü MTN-dən azad edildikdən sonra müxtəlif xəstəliklər taparaq dünyalarını dəyişib. Adı zərərçəkmişlər siyahısında olan Cahangir Məmmədov isə MTN-dən çıxandan sonra həyatına son qoyub. Hər 4 zərərçəkmişi məhkəmədə hüquqi varisləri təmsil edib.

İttihama görə, Mövlam Şixəliyev Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin rəisi vəzifəsində çalışdığı 2008-2014-cü illərdə qeyd edilən qurumun tərkibindəki şöbənin sabiq rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov, şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov ilə mütəşəkkil dəstə tərkibində iş adamlarından hədə-qorxu yolu ilə külli miqdarda pul tələb ediblər. İstintaqla Mövlam Şixəliyevin mütəşəkkil dəstə halında ümumilikdə 14 milyon 292 min manat məbləğində pul vəsaitini rüşvət qismində, 5 milyon 77 min manat məbləğində özgə əmlakını hədə-qorxu ilə tələb edib almasına, həmçinin səlahiyyət həddini aşması və sübutları saxtalaşdırmasına əsaslı şübhələr müəyyən edilib. Mövlam Şixəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədilə mütəşəkkil dəstə tərəfindən hədə-qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilmiş, Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərov həmin məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barələrində müvafiq qətimkan tədbirləri seçilib. Yada salaq ki, Vüsal Ələkbərov 2017-ci ildə Bakı Hərbi Məhkəməsinin hökmü ilə eyni məzmunlu ittihamlar üzrə əmlakı müsadirə edilməklə 12 müddətinə azadlıqdan məhrum edilib. Vüsal Ələkbərovun şikayəti əsasında Ali Məhkəmə barəsindəki hökmü dəyişib və 5 il şərti cəzaya məhkum olunması, müsadirə olunan əmlakının özünə qaytarılması barədə qərar verib. 2021-ci ildə isə Vüsal Ələkbərov təkrar olaraq istintaqa cəlb olunub. Hazırkı iş üzrə ilkin olaraq dövlət ittihamçısı Vüsal Ələkbərova 12 il cəza tələb etmişdi. Sonradan isə Vüsal Ələkbərova tələb etdiyi cəzanın 15 illik cəza ilə əvəzlənməsini məhkəmədən xahiş edib. Dövlət ittihamçısı hakimdən cəza təyini zamanı Vüsal Ələkbərovun barəsindəki əvvəlki hökm üzrə çəkdiyi 5 illik şərti cəzanın nəzərə alınmasını istəyib. Yekun cəza təyinini məhkəmənin səlahiyyətinə buraxıb.
“Yeni Müsavat”
Tarix: 21-09-2022, 09:17
Xəbəri paylaş





Xəbər lenti