Tərtərdə 27 sentyabr-Anım Günü qeyd edilib


Tərtər rayonunda “Şəhidlər” abidə kompleksinin qarşısında  27 sentyabr-Anım Gününə 
həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin 
deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının, 
Ağsaqqallar Şurasının sədrləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, 
rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən əsgər və zabitlərimizin 
xatirəsi bir dəqiqəlik sükutla yad edib, ruhlarına dualar oxunub.
Sonra Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək 
bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 
dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, 
ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün 
şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü 
elan olunub.
Bu gün ölkəmizin bütün şəhər və rayonlarında, o cümlədən mənfur düşmən tərəfindən 
ən çox atəşə tutulan Tərtər rayonunda da anım mərasimləri keçirilir, qəhrəman Vətən 
övladlarının ruhuna dualar oxunur.
Rayon rəhbəri anım tədbirində 44 günlük Vətən müharibəsində Azərbaycan 
Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 
şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan 
danışıb. Bildirib ki, 2020-ci il sentyabırın 27-si Azərbaycan tarixinə Vətən müharibəsinin 
başlanması kimi həkk olunub. Ermənilərin 30 ilə yaxın işğal altında saxladıqları 
torpaqlarımız şəhidlərimizin qanı bahasına azad edilib. Uzun illər mif olaraq təqdim 
edilən erməni sədləri elə ilk gündə ordumuz tərəfindən darmadığın olunub. Ordumuz 
bütün cəbhə boyu irəliləyib və düşmən Azərbaycan əsgərinin qarşısında diz çöküb. 44 
günlük döyüşlərdə bir çox yaşayış yerlərini atəşə tutan ermənilər sakinlərimizi 
qorxutmağa çalışsa da, buna nail ola bilməyib. Darmadağın olan düşmən ordumuz 
qarşısında tab gətirməyərək kapitulyasiya aktına imza atıb.
44 günlük Vətən müharibəsində erməni hərbi birləşmələri tərəfindən Tərtər rayonuna 16 
min 277 top, tank, qrad mərmisi, 21 qadağan olunmuş raket atılıb. Nəticədə 16 mülki 
şəxs həlak olub, 63 nəfər yaralanıb. Rayonun infrastrukturuna, yaşayış evlərinə, sosial 
obyektlərinə, o cümlədən 3663 fərdi yaşayış evinə, 83 çoxmənzilli binada 1741 mənzilə, 
301 qeyri-yaşayış sahəsinə, 184 sahibkarlıq və ictimai-iaşə müəssisəsinə, 47 sosial 
obyektə, 12 körpələr evi uşaq bağçasına, 16 məktəbə, 10 tibb müəssisəsinə, 7 
mədəniyyət müəssisəsinə, İlk peşə ixtisas məktəbinə, Musiqi Məktəbinə, Klub İcma 
Mərkəzinə və kənd tibb məntəqələrinə, 30 inzibati obyektə, 103 nəqliyyat vasitəsinə, 18 
kənd təsərrüfatı texnikasına, 505 əkin sahəsinə ziyan dəyib. Vətəndaşlara məxsus 161 
iribuynuzlu, 393 baş xırdabuynuzlu heyvan, 24 arı ailəsi məhv olub. 58 fərdi yaşayış evi, 
çoxmənzilli binada olan 2 ev, 1 qeyri-yaşayış sahəsi, 2 sosial obyekt tamamilə dağılıb. 
Ancaq tərtərlilər bir gün də olsun öz doğma yurdlarını və ev-eşiklərini tərk etməyib, 
evləri dağılsa da, şəhidlər versə də, ön cəbhədə olduğu kimi arxa cəbhədə də 
qəhrəmanlıq, şücaət göstəriblər.
Rayon rəhbəri 12-13 sentyabr 2022-ci il tarixində Ermənistanın dövlət sərhədində 
genişmiqiyaslı təxribat törətdiyini, təxribata ordumuz tərəfindən layiqli cavablar verildiyini 
bildirib. Qeyd edib ki, Azərbaycan tarixi torpaqlarını Ermənistandan geri alacaq. İcra 
başçısı Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham 
Əliyevin bu sözlərini dilə gətirib: “Delimitasiya aparılmadan bizi heç kim ittiham edə 
bilməz”. Bəli Azərbaycan bu gün öz tarixi torpaqlarının sərhədlərini bərpa edir və dövlət 
sərhəddində təxribat törədən düşmənə sarsıdıcı zərbələr vurur.
Milli məclisin deputatı Sahib Alıyev çıxış edərək bildirib ki, Ermənistanın 2020-ci il 
sentyabrın 27-də ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan 
Respublikası Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi 
altında torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə başladığı Vətən müharibəsi 
Şanlı Qələbə ilə başa çatdı. Otuz ilə yaxın işğal altında olan torpaqlarımız şəhidlərimizin 
- əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Vətən 
müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını 
fəda etmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si ölkəmizdə Anım 
Günü kimi qeyd olunur.
Məğlub olan düşmən bu gün də təxribatdan əl çəkmir. 12-13 sentyabr 2022-ci il 
tarixindən başlayaraq dövlət sərhədində təxribatlara əl atır, işğaldan azad olunmuş 
ərazilərimizə minalar basdırır, hər vasitə ilə sərhəddə münaqişə yaradır, ordumuzun 
yerləşdiyi əraziləri atəşə tutur. Qalib dövlətin müzəffər ordusu onlara layiqli cavab verir, 
şəhidlərimizin qisasını alır, tarixi torpaqlarımızı özümüzə qaytarır. 
Tədbirdə çıxış edən Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov, şəhid Rəşad 
Mirzəyevin anası Afidə Mirzəyeva, şəhid Nicat İsgəndərovun atası Bəhruz İsgəndərov, 
qazi Amid Paşayev, N saylı hərbi hissənin komandiri Vüsal Hüseynov dövlət tərəfindən 
şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti 
cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz 
minnətdarlıqlarını bildiriblər.
Sonra rayon rəhbəri tərəfindən 5 nəfər qaziyə “Vətən müharibəsi iştirakçısı” medalı 
təqdim edilib.
Mərasim “Şəhidlər” abidə kompleksinin ziyarəti ilə yekunlaşıb. Ziyarətçilər abidə 
kompleksinin önünə gül-çiçək dəstələri düzüblər.

Tarix: 27-09-2022, 17:18
Xəbəri paylaş





Xəbər lenti