Yenilənmiş siyasi məhbuslar siyahısında 99 nəfərin adı var


“Azərbaycan Siyasi Məhbuslarına Azadlıq” İttifaqı yenilənmiş siyasi məhbuslar siyahısını dərc edib. Siyahı Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinq Mərkəzinin rəhbəri Elşən Həsənov tərəfindən tərtib edilib. Siyahıda 99 nəfərin adı var, bu barədə Sülh və Demokratiya İnstitutunun məlumatında deyilir.
Siyahını tərtib edənlər “siyasi məhbus” anlayışının AŞPA tərəfindən müəyyən edilmiş meyarlarından istifadə ediblər.
Əvvəlki siyahı 6 iyun 2022-ci il tarixində dərc edilmişdi və həmin siyahıda 100 nəfərin adı var idi.
Elşən Həsənovun Turan-a verdiyi məlumata görə, siyahıda dini fəal Fəqan Məmmədov (YouTube KİM TV-də aparıcı) və Abid Qafarovun adı yenidir.
Fəqan Məmmədov narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 6 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, Bakıdan Gəncəyə Aşura mərasimi üçün üzərində qadağan edilməmiş dini şüarlar yazılan köynəklər aparırdı. Məmmədov “Gəncə işi”nin fiqurantlarının ailələrinə fəal şəkildə yardım edir, məhbuslar üçün yardım toplayıb verirdi.
Abid Qafarov Qarabağ müharibəsi veteranlarını ədalətsizliyə qarşı etiraza çağırdığı üçün azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Azad edilmiş ilahiyyatçı Elşən Mustafaoğlu, “Müsəlman Birliyi” Hərəkatının cəzasını çəkmiş üzvü Teymur Osmanov və həbsxanada vəfat etmiş ömürlük məhbus Elşad Mustafayevin adları siyahıdan çıxarılıb.
Siyasi məhbuslar 7 qrupa bölünüb:
1-ci qrup – jurnalistlər və blogerlər – 4 nəfər 
2-ci qrup – müxalif partiya və hərəkatların üzvləri – 4 nəfər
3-cü qrup – Almaniyadan deportasiya olunmuş siyasi mühacirlər – 5 nəfər
4-cü qrup –  dindarlar – 19 nəfər
5-ci qrup – Tərtər İşi ilə əlaqədar həbs edilənlər – 27 nəfər
6-cı qrup – Gəncə işi üzrə həbs olunanlar – 27 nəfər
7-ci qrup – ömürlük məhbuslar – 13 nəfər.
Contact.az
Tarix: 28-09-2022, 22:17
Xəbəri paylaş





Xəbər lenti