Zakir Fərəcovun borc qalmaqalı: Gündüz Əliyevin imzası şübhə yaradır


Ölkə mətbuatında “Paşa Bank” Açiq Səhmdar Cəmiyyətinin Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Fərəcov Zakir Fərəc oğlunu məhkəməyə verməsi barədə məlumat yayılıb. araz.az həmin xəbələrə istinadən bildirir ki, buna səbəb Zakir Fərəcovun birbaşa tabeçiliyində olan “Sumqayıt Nəqliyyat-1” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) və Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Tabeliyində “Sumqayıt Nəqliyyat” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) banka külli miqdarda kredit borcunun olmasıdır. İşə avqustun 31-də Sumqayıt Kommersiya Məhkəməsində hakim Həlimə Alıyevanın sədrliyi ilə baxılacaq. Cavabdeh qismində məhkəmədə Fərəcov Zakir Fərəc oğlu da dindiriləcək.
Qeyd edək ki, “Sumqayıt Nəqliyyat-1” MMC-nin qanuni təmsilçisi Elgiz Fərəcov Novruz oğludur. İcra başçsının bacısı oğlu olan Elgiz Fərəcovun rəhbərlik etdiyi MMC-nin banka külli miqdarda borcu olduğu üçün ölkədən çıxışına da məhdudiyyət qoyulub. Elgiz Fərəcovun adı Saray bələdiyyəsinin sədri, 39 yaşlı Vəsilə Əbilhəsənovanın və onun həyat yoldaşının qətlində də hallanıb. Sözügedən cinayət hadisəsinə görə həmin vaxt Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsində işləyən Elgiz Fərəcovun adı bir sıra rezonas doğuran hadisələrdə də keçib. Sonradan isə o öz işini heç nə olmamış kimi Abşeronda olduğu kimi Sumqayıt şəhərində də davam etdirib.
Bu məsələ ilə bağlı apardığı araşdırmada bir neçə yeni məqamı üzə çıxarıb. Həmin araşdırma nəticəsində məlum olub ki, Zakir Fərəcov Sumqayıt şəhəri üçün yeni avtobusların alınması məqsədi ilə özünə məxsus məşhur “Kalyon” restoranını girov kimi qoyaraq, “Paşa Bank”dan kredit götürüb. Həmin məlumatlara əsasən Zakir Fərəcov krediti götürdükdən sonra pulları bacısını əri Xannı Rüstəmova verib. Burada məqsəd kimi, həmin avtobusların alınmasının X.Rüstəmova həvalə olunması göstərilsə də, bəzi iddialara görə, Fərəcov həmin pulun ölkədən çıxarılması üçün bu addımı atıb. Amma sonradan məlum olub ki, Xannı Rüstəmov Fərəcovun arzusunu yerinə yetirməyib. O, pulları nəinki xaricdə qaynının hesabına qoymayıb, əksinə, özü üçün sərf edib və ya öz hesabına yerləşdirib. Sözügedən şəxsin Bakıya qayıtmasından bir müddət sonra dünyasını dəyişməsi isə Fərəcovla kürəkəni arasında pul qalmaqalının da bağlanmasına səbəb olub.
Araşdırması zamanı üzə çıxan bir başqa məsələ isə bu borc qalmaqallarının hamısında Sumqayıt İcra Hakimiyyətinin ərazi-idarəetmə şöbəsinin müdiri Gündüz Əliyevin adının hallanmasıdır. Daha doğrusu, bütün borc sənədlərində bu adamın imzaı və adı qeyd olunub. Elə sonuncu dəfə “zəmanət məktubu” qalmaqalı zamanı notarial qaydada imzalanması nəzərdə tutulan sənəddə də Gündüz Əliyevin adı qeyd olunub. Maraqlı odur ki, Əliyev ərazi-idarəetmə şöbəsinə başçılıq edir. Onun nə tikinti, nə də maliyyə işləri ilə səlahiyyət baxımından heç bir hüququ da yoxdur. Amma hər nə hikmətdirsə, bu adam “Kalyon”un girov qoyulub, kredit götürülməsindən tutmuş, Sumqayıt Dənizkənarı Bulvarın tikintisinə qədər yaranmış 10 milyonlarla manat borclarda birbaşa adı keçir. Bunu elə sahibkarlar da təsdiq edir ki, bütün danışıqlar Zakir Fərəcovla yanaşı, həm də Gündüz Əliyevlə aparılıb.

İndi isə Fərəcovla yanaşı, Əliyevin də başı qalmaqaldadır.  “Paşa Bank” böhranından necə çıxacaqlarını fikirləşdikləri bir vaxtda, Gündüz Əliyevlə Zakir Fərəcovun daha bir problemi üzə çıxıb. Məlum olub ki, bir müddət əvvəl Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Sumqayıt Səhiyyə Şöbəsində apardıqları araşdırmadan sonra ciddi maliyyə yeyintiləri aşkarlayıblar. Belə ki, həmin araşdırma nəticəsində məlum olub ki, şöbənin tabeçiliyində olan xəstəxana və poliklinikaların təmiri və yeni avadanlıqların alınması adı altında 4.25 milyon manat yeyinti olub.
Baş İdarə bununla bağlı Sumqayıt İcra Hakimiyyətinə müəyyən vaxt verərək, həmin pulun ödənilməsini tələb edib. Fərəcov və Əliyev də bu pulun böyük hissəsini dövlət büdcəsinə ödəsələr də, 177 min manatlıq hissəni bağlaya bilməyiblər. Verilən məlumata görə, bir neçə gün əvvəl Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi apardığı araşdırmanı yekunlaşdıraraq, işlə bağlı cinayət işi qaldırıb. Həmin cinayət işində isə tikinti və təmir işlərini aparan iş adamı, həmçinin Gündüz Əliyevinb ən yaxın dostu olan Elxan Əsədovun və Gündüz Əliyevin qardaşı qızı, eyni zamanda Sumqayıt Səhiyyə Şöbəsinin baş mühasibi Gülnarə Əliyevanın adları keçir. Hər iki şəxs bir neçə gün əvvəl ittiham aktına qol çəkiblər və orada 177 min manatlıq yeyintidən bəhs olunur.
Amma Fərəcovun borc qalmaqalı bununla da bitmir. Bu ərəfədə o da məlum olub ki, icra başçısının Dövlət Gömrük Komitəsinə də 3 milyon manat borcu varmış. Bu brocun haradan qaynaqlandığı barədə məlumatı dəqiqləşdirməyə çalışırıq. Qeyd edək ki, iş adamları Zakir Fərəcovun ümumilikdə 50 milyon manat borcunun olduğunu bildirirlər. Onlarsın sözlərinə görə, bu borcların böyük qismi iş adamlarına olandır. Bu təxminən 30 milyon manatdan bir qədər çox rəqəmlə ifadə olunur.
Tarix: 22-09-2023, 22:01
Xəbəri paylaş





Xəbər lenti