Açılmayan sərhəd müəmması: Azərbaycanda bu sektor da çökür - NƏ ETMƏLİ?

Açılmayan sərhəd müəmması: Azərbaycanda bu sektor da çökür
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.

Nazirlər Kabineti müvafiq qərarına əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 2 yanvar saat 06:00-dək uzadılıb.

Bundan əvvəl karantin rejiminin müddəti 2 oktyabra qədər uzadılmışdı.

Qeyd edək ki, mütəxəssislər quru sərhədlərinin bağlı olmasının mənfi təsir göstərdiyi sahələrdən biri kimi turizm sektorunu göstərirlər.

Bu da bir faktdır ki, son illər ölkədə tuzim sektorunun inkişafında irəliləyiş müşahidə edilmir. Bunu ölkəyə gələn turistlərlə bağlı rəsmi rəqəmlərdən də görmək olar.

Belə ki, 2023-cü ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 183 ölkəsindən 13 43,7 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 33,8 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilib.

Yəni ölkəyə 1 milyon 500 minə yaxın turistin gəlməsi o qədər də böyük rəqəm deyil. Bu gün turizmin inkişaf etdiyi ölkələrlə müqayisə etsək, həmin ölkələrdəki bir bölgəyə belə, bundan daha çox turist gəlir.

Məəslən, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin ilin ilk 8 ayı ilə bağlı məlumatına görə, bu ölkəyə gələn xarici ziyarətçilərin sayında ötən ilin eyni dövrü ilə müqayisədə 13,95 faiz artım olub.

Türkiyə 2023-cü ilin ilk 8 ayında 36 milyon 754 min 146 ziyarətçiyə ev sahibliyi edib.

Qeyd edək ki, onsuzda ölkədə turizm sektorunun inkişafında hər zaman müxtəlif səbəblərlə bağlı problemlər özünü göstərib. Artıq cari ildə də yay turizm mövsümündə karantin rejimi ilə əlaqədar ölkəyə gələn turistlərin sayında artım müşahidə edilmədi.

Hazırda karantin rejimin yanvarın 2-dək uzadılmasını nəzərə alsaq, bu, qış turizm mövsümündə də canlanmanın olmayacağından xəbər verir ki, bu da turizmdən əldə edilən gəlirlərin itirilməsi deməkdir.

Maraqlıdır, quru sərhədlərin açılması turizmin inkişafına müsbət təsir göstərə bilər? DİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirdi ki, quru sərhədlərinin bağlı olmasının karantinlə əlaqadar olmasına artıq heç kim inanmır:

“Bunu ya normal şəkildə əlaqədar orqanlar izah etməlidirlər, ya da bunun virusla, karantinlə əlaqəsi olmadığı o qədər açıq-aşkar görünür ki, rəsmi məlumatın ciddiyyətinə ziyan vurmuş olur.

Quru sərhədlərini bu qədər bağlı saxlayan ölkə yoxdur. Ən son olaraq Şimali Koreyada artıq bu il ayın 1-dən xarici turistlər üçün quru sərhədlər qatarla səyahət üçün açıq elan edildi. Quru sərhədlərinin bağlı qalmasının onsuzda Azərbaycana zərər vurduğu məlumdur. 2019-cu ildə sərhədlərin açıq olduğu illə müqayisə etdikdə görürük ki, o zaman Azərbaycana 4 milyona yaxın turist gəlmişdi və bu, rekord idi.

Azərbaycan turizm sektorunda canlanma hiss olunurdu. Həmin dövrlə cari ilin 8 ayını müqayisə etsək, yarıyadək azalmanı görmək mümkündür. Bu özü turizm sektoruna turizm gəlirlərinə, turizm obyektlərinə ciddi mənfi təsir göstərən amildir. Onu da nəzərə alsaq ki, Azərbaycan hökuməti inkişaf sahəsi kimi turizmi prioritet elan edib, bu anlaşılmazdır. Quru sərhədlərinin bağlı olması turizm sektorunun inkişafına mane olan əsas faktorlardan birinə çevrilib.

Gürcüstanla müqayisə etsək, eyni dövrdə bu ölkəyə Azərbaycandan 3 dəfə çox turist gəlib. Bu Gürcüstanda quru sərhədlərinin açıq olmasının təsirləridir. Halbuki Gürcüstanla Azərbaycan arasında artıq turizm qiymətlərində ciddi fərq qalmayıb. Belə ki, Gürcüstanda da bahalaşma var. Demək ki, burada əsas məsələ ucuzluğa görə deyil, quru sərhədlərinin açıq olmasına görə Gürcüstana gedən turistlərin sayı kifayət qədər artıb”.

Quru səhədlərinin bağlı olmasının daxili turizmin inkişafı ilə əlaqələndirilməsinə gəldikdə isə, ekspert deyir ki, bu, əslində doğru deyil:

“Ona görə ki, Azərbaycan daxilindəki turizm obyektlərinin gəlirində ciddi artım yoxdur. Dövlət Statistika Komitəsinin məlumatlarına baxsaq, 2019, 2020, 2021 və 2022-ci illəri müqayisə etsək, ciddi artım yoxdur.

Onsuzda Azərbaycanda daxili turizmə hesablanan turizm obyektləri işləyir. Quru sərhədlərinin açıq, yaxud qapalı olmasının ciddi təsiri yoxdur. Ona görə də bu arqumenti doğru saymıram və qeyri-ciddidir.

Quru sərhədləri nə qədər bağlı qalsa, turizmdə problemlər olacaq və bu sektorda çalışanlar özləri də dəfələrlə bunu bildiriblər”.
Tarix: 28-09-2023, 22:20
Xəbəri paylaş





Xəbər lenti