25 min manatlıq rüşvəti vermədiyinə görə şirkətin suyu kəsildi

25 min manatlıq rüşvəti vermədiyinə görə şirkətin suyu kəsildi Bakıda fəaliyyət göstərən şirkət direktoru ”Azərsu”nun sədri Qorxmaz Hüseynovun müşaviri ilə bağlı prezident İlham Əliyevə şikayət edib. Şirkət direktoru Zakir Salahovun Criminal.az saytına da ünvanladığı şikayət məktubunda deyilir ki, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun müşaviri Faiq Kazımovun öz səlahiyyətlərindən sui-istifadə etməklə, qanunsuz və əsassız olaraq, heç bir inzibati akt tərtib etmədən, sudan istifadəyə görə borcumuz olmadan, yaxud da bu barədə bizə rəsmi bildiriş vermədən, rəhbərinin xəbəri belə olmadan, sadəcə şirkətin faktiki sahibi olan şəxslə olan prinsipinə görə zavoduna məxsus su borularının kəsilməsi barədə göstəriş verib. Nəticədə, hər ay dövlət büdcəsinə 100 000 manata yaxın vergi ödəyən, 100-dən çox işçisi olan şirkətin fəaliyyətinin, zavoddakı istehsalın iflic vəziyyətinə düşməsinə səbəb olub, şirkətə xeyli miqdarda maddi zərər dəyib.

Şikayətdə deyilir: baş direktoru olduğum “Fidan” Şirkətinə məxsus olan, Qaradağ rayonu, Bakı-Hacıqabul şosesinin 75-ci km-də yerləşən zavodda kənd təsərrüfatı təyinatlı məhsulların istehsalı, satışı, yəni alkoqollu və alkoqolsuz içkilərin istehsalı, topdan və pərakəndə satışı, konserv məhsullarının istehsalı, kompot və təbii şirələr, konyak, etil spirti, şərablar istehsalı və satışı həyata keçirilir. Zavodda 140-a yaxın işçi çalışır və öz ailəsini dolandırır. Zavodun fəaliyyəti nəticəsində hər ay dövlətimizin büdcəsinə 100 000 manatdan çox vergi ödənilir. Zavodun daim su ilə təchizatı ən vacib əhəmiyyət kəsb edən faktordur. Su olmasa bütün istehsalat dayanır. Hazırda mən əhalidən meyvə qəbul edə bilmirəm ki, meyvə kompotu istehsal edim, həmçinin, müqavilə bağladığım xarici şirkətlərə də mal göndərə bilmirəm, hamısının səbəbkarı isə Faiq Kazımovdur.


Direktor qeyd edir ki, bir neçə gün əvvəl, daha dəqiq desək 23 avqust 2017-ci il tarixində “Azərsu” ASC-nin Qaradağ rayonu Sukanal İdarəsinin əməkdaşları tərəfindən şirkətimizə məxsus olan və zavodun su ilə təchiz edilməsində əsas rol oynayan su boruları kəsilərək yararsız vəziyyətə salınıb. Lakin, “Azərsu” ASC-nin əməkdaşları hansı əsasla, nəyə görə su borularının kəsilməsi barədə məlumat verməyib. Digər tərəfdən, su istismarı ilə bağlı yol verilən pozuntulara dair heç bir akt, protokol tərtib edilməmiş, sadəcə su boruları kəsilərək əməkdaşlar ərazini tərk etmişdir.

Su təchizatında kart sisteminin tətbiq olunduğu zəmanədə su təchizatını sadəcə kart vasitəsilə də dayandırmaq mümkün olduğu halda, “Azərsu” ASC-nin əməkdaşları sanki qəsdən edirlərmiş kimi su borularını kəsmiş, bunun rəhbərliyin göstərişi olmasını bildirmiş, nəticədə, bütün zavodun fəaliyyəti, istehsalat dayanmış, şirkətə məxsus su boruları yararsız vəziyyətə salınmı, şirkətə xeyli maddi ziyan dəymişdir.

“Azərsu” ASC-yə heç bir borcumuz olmadığı, hər hansı pozuntu ilə bağlı protokol və ya akt tərtib edilmədiyi halda, şirkətə məxsus su boruları belə necə kəsilir? Dövlətimizin büdcəsinə bu qədər vergi ödəyən, 100-dən artıq işçiyə iş yeri təmin edən bir şirkət kimi “Azərsu” ASC-nin əməkdaşlarının bu qanunsuz və özbaşına hərəkətləri nəticəsində fəaliyyətimiz tamamilə dayanmışdır.

Belə ki, Faiq Kazımov məhz zavodun faktiki rəhbəri olan Mahmudov Ağaisa ilə prinsip aparmış, ondan qanunsuz olaraq pul tələb etmiş, ilk olaraq Faiq Kazımov 43000 manat istəmiş, daha sonra bir qonaqlıqda (içkili olmuşdur) Mahmudov Ağaisadan 43000 manat əvəzinə 25000 manat istəmişdir, əsassız tələb edilən pul məbləğini ödəməkdən haqlı olaraq imtina edən Ağaisa Mahmudova cavab olaraq Faiq Kazımov öz səlahiyyətlərindən sui-istifadə etməklə, heç bir inzibati akt qəbul etmədən və ya sudan istifadə ilə bağlı yaramış borca dair hesab faktura vermədən, eləcə də, həmin borcun ödənilməsi üçün vaxt vermədən Qaradağ rayon Sukanal İdarəsinin əməkdaşlarına göstəriş vermişdir ki, zavoda məxsus olan su boruları kəsilmişdir.

Əsas bu olmuşdur ki, guya, zavodun ərazisində yenicə fəaliyyətə başlamış istixanaya gedən su texniki şərtə uyğun çəkilməmiş, buna görə də, bu sudan istifadəyə görə haqq 1 manat yox 8 manat tarifi ilə hesablanmalıdır, halbuki, istixanada sudan kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə olunur, xammal kimi yox, bundan əlavə, əgər biz sudan texniki şərtə uyğun istifadə etmiriksə, buna dair inzibati akt tərtib olunmaqla cərimə oluna bilərdik, lakin, belə bir akt olmadan su borularının kəsilməsi qanunsuzluqdur.

”Qeyd edim ki, 26 avqust 2017-ci il tarixində, su borularının kəsilməsindən 3 gün sonra bizə hesab faktura təqdim edilmişdir ki, guya bizim “Azərsu” ASC-nə 43024 manat borcumuz vardır. Əgər borca dair hesab faktura 26 avqust tarixində bizə təqdim edilirsə, 23 avqust tarixində niyə su borularımız kəsilir? Bütün bunlar Qorxmaz Hüseynovun xəbəri olmadan sırf Faiq Kazımovun göstərişi ilə həyata keçirilmişdir, çünki görülən tədbirlərin qanuni olmaması, inzibati akt olmadan həyata keçirilməsi bunu bir daha təsdiq edir. Zavoda məxsus olan su borularının hamısı kəsilmiş, yəni həm zavoda gedən 8 manat tariflə hesablanılan və xammal kimi istifadə edilən, texniki şərtə uyğun istifadə edilən su borusu, həm də, 1 manat tariflə hesablanılan su borusu kəsilmişdir.

Halbuki, texniki şərtə uyğun olmaması əsası ilə istixanaya gedən hissədə su borusu kəsilməklə kifayətlənmək olardı. Bundan əlavə, hesab fakturada qeyd olunan 43024 manat borcun hesablanılmasında da əsassızlıq vardır, belə ki, Qaradağ rayon Sukanal İdarəsindən verilmiş həmin hesab fakturada 1 manat tariflə hesablanılan sayğacdakı hazırki göstərici (təxmini 8000-dən yuxarıdır) əsas götürülmüş, həmin göstəricidən nəyə əsaslandığı bəlli olmadan 3000 çıxılmış və 5378 8 manat tariflə hesablanmış, ümumilikdə, bizim 43024 manat borcumuzun olması müəyyən edilmişdir. 1 manat tarifi ilə hesablanılan sayğacda olan göstərici əsas olaraq fermaya verilən suya görə yaranır, istixanaya istifadə edilən su fermada istifadə ediləndən xeyli azdır, buna baxmayaraq, hesab fakturada göstərilən borc məbləği heç bir əsas olmadan hesablanmışdır. Bu hesab fakturada göstərilən borcun silinməsi ilə bağlı da məhkəməyə müraciət ediləcəkdir”- şikayət məktubunda vurğulanır.

AR NK-nin 17 iyul 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın STKM-in vəzifələrinin qeyd olunduğu 2.1.3-cü maddəsində göstərilir ki, STKM fiziki şəxs olan istehlakçılar istisna olmaqla, digər istehlakçıların istismarında olan su qurğularına 6 (altı) ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməklə aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Qaydalardan da göründüyü kimi STKM aşkar olunmuş pozuntu ilə bağlı akt tərtib etməli və bir nüsxəni bizə təqdim etməli idi. Həmin qaydaların 2.1.9-cu maddəsində suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim etmək (göndərmək) üçün əsaslar qeyd olunmuşdur. Bunlardan biri də verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsaitin 1 (bir) ay müddətində tam ödənilməməsidir. Lakin, zavodun su boruları hesab fakturanın təqdim edilməsi tarixindən 3 gün əvvəl kəsilmişdir. Yəni, biz borcumuzun olmasını bildiyimiz gün su borularımız artıq kəsilmişdir.

Qaydaların 3.1.1-ci maddəsinə əsasən STTSAS-a qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə, bir nüsxəsi istehlakçıya təqdim olunan akt tərtib etməklə və qanunsuz qoşulmanı dərhal su və kanalizasiya sistemindən ayırmaqla, su təchizatı və kanalizasiya şəbəkəsindən istifadəni dayandırmaq və dəymiş ziyanın ödənilməsini təqsirkar şəxsdən tələb etmək STKM-nin hüquqlarından biridir. Bu maddənin də məzmunundan görünür ki, bir nüsxəsi bizə təqdim olunmaqla akt tərtib edilməli, bundan sonra müvafiq tədbir görülməli idi. Qaydaların 8.1-ci maddəsində STKM tərəfindən suyun verilməsinin dayandırılma əsasları göstərilmişdir, STKM “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istehlakçıların su təchizatını istehlakçını mütləq qaydada (bu Qaydaların 8.1.9-cu yarımbəndində nəzərdə tutulan hal istisna olmaqla) xəbərdar etmək şərtilə dayandıra bilər. Həmin maddədə də qeyd olunur ki, suyun verilməsinin dayandırılması istehlakçını mütləq şəkildə xəbərdar etməklə həyata keçirilməlidir. Bütün qeyd olunan maddələrin tələblərindən açıqca görünür ki, Faiq Kazımov normativ-hüquqi aktın, yəni AR NK-nin 17 iyul 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın tələblərini kobud şəkildə pozmuş, sadəcə prinsip üçün zavodun su borularını kəsmiş, öz səlahiyyətlərindən sui-istifadə etməklə tabeliyində olan əməkdaşlara qanunsuz göstəriş vermiş, son nəticədə, istehsalatın dayanmasına və zavodun fəaliyyətinin iflic vəziyyətinə düşməsinə səbəb olmuş, bizə də xeyli miqdarda maddi ziyan vurmuşdur. Faiq Kazımovun belə göstəriş verməsini Qaradağ rayon Sukanal İdarəsinin əməkdaşları da dəfələrlə bildirmişdir.

Nəzərinizə çatdırım ki, bir günlük istehsalatın dayanması bizim xeyli maddi zərərə uğramağımıza səbəb olur. “Azərsu” ASC əməkdaşları tərəfindən zəruri olmadığı, yəni kəsilmə zamanı borcumuzun olmadığı halda, həmçinin, texniki şərtə uyğun istifadə edilən, xammal kimi işlədilən su borusunun da kəsilməsi nəticəsində istehsalat tamam iflic vəziyyətdədir. Belə ki, xammal kimi gündəlik zavodda 6 kub metr sudan istifadə edilir ki, bu həcmdə sudan istifadə edilməklə təxmini 10000-dən çox araq istehsal edilir, hər araqdan xalis mənfəət kimi 0,40 qəpik əldə edildiyini nəzərə alsaq, bir gün susuz qalmağımız bizə 4000 manat zərər vurulmasına gətirib çıxardır. Bu günə qədər (istirahət günü istisna olmaqla) 5 gün üçün 20000 manat zərərimiz vardır. Odur ki, yuxarıda qeyd olunanlara əsasən “Azərsu” ASC-nin sədri cənab Qorxmaz Hüseynovun müşaviri olan Faiq Kazımovun öz səlahiyyətlərindən sui-istifadə etməklə, qanunsuz və əsassız olaraq, sadəcə prinsipial xarakterli olan göstərişi nəticəsində zavodumuzun su borularının kəsilməsinə və şirkətimizin xeyli miqdarda zərərə uğramasına səbəb olan hərəkətlərinə hüquqi qiymət verilməsinə, əməllərində cinayət tərkibi olduğu təqdirdə onun cinayət məsuliyyətinə cəlb edilməsinə, Faiq Kazımovun fəaliyyətinin araşdırılması üçün xidməti yoxlama təşkil edilməsinə göstəriş verməyinizi və sonda Faiq Kazımovun qanunsuz hərəkətləri nəticəsində şirkətimizə vurulmuş zərərin əvəzinin ödənilməsinə köməklik göstərməyinizi Sizdən artıq dərəcədə xahiş edirəm. (Criminal.az)
Tarix: 30-08-2017, 22:55
Xəbəri paylaş





Xəbər lenti