Küçəyə köynəksiz çıxan şəxs irad bildirən qonşusunu bıçaqlayıb: "Camaatın ana-bacısı var" - Təfərrüat


Məhəlləyə köynəksiz çıxmağa görə mübahisə etdiyi qonşusunu bıçaqlayana şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Əzizağa Bünyatovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham aktını elan edib.

Hadisə bu il Binəqədi rayonu Sulutəpə qəsəbəsi, Çiçək küçəsində baş verib.

İttihama görə, 1960-cı il təvəllüdlü Bünyatov Əzizağa Əlimürsəl oğlu mübahisə zəminində qonşusu, 1974-cü il təvəllüdlü Nəsirov Xaliq Cəlil oğluna bir neçə bıçaq xəsarəti yetirib. Yaralı təcili olaraq Kliniki Tibbi Mərkəzə aparılıb, onun həyatını xilas etmək mümkün olub. Hadisəyə səbəb Əzizağanın köynəksiz məhəlləyə çıxması və qonşusu Xaliqin buna etiraz etməsi olub.

Əzizağa Bünyatov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham edləilir.

Elan olunmuş ittiham üzrə Əbülfəz Bünyatov özünü qismən təqsirli bilib.

Sərbəst ifadəsində verən Bünyatov qonşusu Xaliq Nəsirovun onu təhqir etdiyini deyib.

O, söyləyib ki, buna səbəb onun məhəllədə köynəksiz oturması olub:

"Öz maşınımla qonşuya getdim. Maşının şüşəsini də yuxarıya qədər qaldırmışdım. Geri qayıdanda Xaliq maşının qabağına keçdi. Maşını saxlatdı və köynəksiz olduğuma irad bildirdi. Sonra da nalayiq söyüşlər söydü. Mən də maşını sürüb evə getdim və yağ bıçağını götürdüm. Yenidən Xaliqin yanına gəldim və çatan kimi də bıçaqla onu yaraladım".

Əməlinə görə peşman olduğuny deyən Bünyatov hadisədən əvvəl bir halal pivə içdiyini də söyləyib.

Zərərçəkmiş X.Nəsirov dindiriləndə söyləyib ki, Ə.Bünyatov həyətə köynəksiz çıxdığı üçün ona irad bildirib: "Düzdür, maşınının qabağına keçdim. Əzizağaya da bir qardaş kimi dedim ki, belə geyinmə, yol qırağıdır, camaatın anası-bacısı var, camaat keçir. Sonra evə getdi və oğlu ilə geri qayıtdı. Fikirləşdim ki, gələndə onunla yenə söhbət edək. Lakin gələn kimi məni bıçaqladı".

Zərərçəkmiş yaralı vəziyyətdə xəstəxanaya aparıldığını və bir həftə orada müalicə olunduğunu deyib.

"Sonra bildim ki, Əzizağanın qulağı ağır eşidir. Buna görə mən dediklərimi Əzizağa başa düşməyib"- deyə zərərçəkmiş qeyd edib.

Məhkəmənin növbəti iclası dekabrın 12-nə təyin edilib.


Tarix: 5-12-2018, 16:54
Xəbəri paylaş





Xəbər lenti