Xırdalanda müəmmalı ölüm: 6-cı sinif şagirdi qripdən ölüb? - Məktəb direktoru və baş həkim danışdı - ÖZƏL


Xırdalanda müəmmalı ölüm: 6-cı sinif şagirdi qripdən ölüb? - Məktəb direktoru və baş həkim danışdı - ÖZƏL

Xırdalan şəhər 4 nömrəli orta məktəbin 6-cı sinif şagirdi dünyasını dəyişib. Hadisə təxminən bir həftə öncə baş verib. Mətanət Səmədzadə adlı məktəblinin qripdən öldüyü iddiası da var. 

Bildirilir ki, qızın iki gün boğazı ağrıyıb, halsız olub. Bu şikayətlərdən sonra şəhər xəstəxanalarının birində dünyasını dəyişib. Faktı dəqiqləşdirmək üçün Xirdalan şəhər 4 nömrəli orta məktəblə əlaqə saxladıq. Məktəbin direktor müavini Gülnarə Maqsudova Cebhe.info-ya açıqlamasında ölüm faktını təsdiqləyib: 

“Yanvarın 27-dən şagirdlərin qış tətili başlamışdı. Dərsin sonuncu günü Mətanət dərsdə olub. Yaxşı oxuyan qız idi. Həmin günü də dərsə cavab verib və yaxşı qiymət aldı. Tətil başlayıb. Dərs başlayandan bir gün əvvəl, yəni yanvarın 31-də qız sinif rəhbərinə zəng edib, boğazının ağrıdığını deyib və dərsə gəlməməsi üçün icazə istəyib. Sinif rəhbəri də deyib ki, bazar ertəsindən dərsə gələrsən. Fevralın 1-i günortadan sonra bizə ərazi üzrə polinklinikadan zəng etdilər ki, sizin Mətanət Alim qızı Səmədzadə adlı şagirdiniz rəhmətə gedib. Xəbəri eşitdiyimizdə inanmadıq. Hələ də özümüzə yer tapa bilmirik. Həmin şagird çox davamiyyətli, ağıllı və yaxşı oxuyanlardan biri olub. Düzdür, bizim məktəbə keçən il gəlib. Amma davamiyyəti və nizam-intizamı ilə seçilib”. 

Direktor müavininin sözlərinə görə, qızın ölüm səbəbi ilə bağlı valideynilə əlaqə saxlasalar da, konkret bilgi ala bilməyiblər: 

“Anası ilə əlaqə saxladıq. O qədər hönkürürdü ki, bizə heç nə deyə bilmədi. Dedik ki, sizə gəlmək istəyirik, bildirdi ki, gəlməyin, Gədəbəyə gedirik, burada olmayacağıq. Sadəcə bildiyimiz odur ki, uşağın boğazı ağrıyıb və anası təcili yardım çağırıb. Elə o anda da qız şoka düşüb və dünyasını dəyişib. Hadisə belə olub. Anası rayondan hələ gəlməyib ki, ətraflı məlumat alaq”. 

Məktəb rəsmisi şagirdin qripidən ölməsi iddiasına da münasibət bildirib. O deyib ki, Mətanət Səmədzadənin güclü allergiyası olub: “Çünki valideyn açıqlama verməmiş heç nə demək mümkün deyil. Konkret deyə bilmərik ki, ölümə nə səbəb olub”. 

Xırdalan Şəhər Uşaq Poliklinikasının baş həkimi Adilə Okalayeva Cebhe.info-ya açıqlamasında ölən şagirdin əvvəl tam sağlam olduğunu deyib: “O uşaq stasionar müayinədən keçib və tam sağlam olub. Yəni, xəstə uşaq olmayıb. Həmin günü özünü narahat hiss edib və təcili yardım çağırıblar. Təcili yardım gedib və görüb ki, uşağın təzyiqi aşağı düşüb. Uşağa yardım edib gedib. Sonradan uşağın halı yenə pisləşib və ikinci dəfə təcili yardım çağırılıb. Təcili yardım xəstəxanaya aparanda uşaq yolda keçinib. Ölümün səbəbi bilinmir. O uşağın sağlamlıq haqqında məlumat bazası bizdə var. Bütün tibbi müayinələrdən keçib, sağlam uşaq olub. Uşaq ölən günə kimi həkim çağırışı olmayıb, yoxlanılmayıb. Ona görə də heç nə deyə bilmərik. Bizim üçün də bu hadisə çox müəmmalıdır. Mən düşünürəm ki, mütləq tibbi ekspertiza olunmalı idi”.


Tarix: 7-02-2019, 07:57
Xəbəri paylaş





Xəbər lenti