Ata öldürüldü, oğul intihar etdi - bir ailənin faciəsinə səbəb olan şəxsə isə 18 il müddətinə həbs cəzası verildi


Mənzilə görə Bakıda qətl törədən şəxsə ağır cəza kəsilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qayınını öldürməkdə təqsirləndirilən Eldar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Əliövsət Abasovun sədrliyi ilə keçirilən məhkəmə prosesində hökm oxunub. Hökmə əsasən E.Məmmədov 18 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, mərhum Mərkəz Quliyev işləmək üçün Rusiyaya gedib. Daha sonra Bakıda yeznesi E.Məmmədovun adına özü üçün mənzil alıb. M.Quliyev hadisədən bir müddət əvvəl Rusiyadan Bakıya qayıdıb və E.Məmmədovdan evi onun adına keçirməsini istəyib. Lakin hər iki şəxs arasında mübahisə düşüb, iş məhkəməyə qədər gedib çıxıb.

Məhkəmə binasına yaxınlaşanda E.Məmmədov əvvəldən özü ilə götürdüyü çəkiclə arxadan M.Quliyevin başından zərbə endirib. O, huşunu itirərək yerə yıxılıb. Daha sonra E.Məmmədov yerdə uzanılı vəziyyətdə olan M.Quliyevə daha 9 zərbə endirib. Bundan sonra yaxındakı adamların köməkliyi ilə M.Quliyev xəstəxanaya yerləşdirilib. Lakin o, bir neçə gün sonra vəfat edib.

Bildirək ki, 2018-ci il mayın 13-də Mərkəz Quliyevin 17 yaşlı oğlu Pənah Quliyev intihar etmişdi. Əvvəlcə onun qəbul imtahanından az bal yığdığı üçün intihar etdiyi deyilirdi. Sonradan Pənahın anasına məktubu üzə çıxmışdı. Pənah qətlə səbəb olan mənzildən bəhs edən məktub yazmışdı. Məktubda anasına müraciət edərək yazırdı ki, mənzilə özü sahib çıxsın və həyatını yaşamağa davam eləsin.

Tarix: 11-02-2019, 15:20
Xəbəri paylaş





Xəbər lenti