Nazirliyin xanım əməkdaşının 280 min manatını ələ keçiriblər


İki nəfərə qarşı yarım milyona yaxın dələduzluq etməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Elmar Məlikovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Növbəti məhkəmə iclası fevralın 20-nə təyin edilib.

İttihamda qeyd edilir ki, Elmar Məlikov cinayət əməlini "Bank VTB" ASC-nin əməkdaşı vəzifəsində çalışarkən edib. Belə ki, o, etibardan sui-istifadə və aldatma yolu ilə Mikayılova Tamilanın əmlakını ələ keçirib.

Bu məqsədlə T.Mikayılovanın pulunu "Accessbank" ASC-də debet kartla şəxsi hesabına ABŞ dolları kimi mədaxil edərək, hesabdakı pulu manata dəyişməklə məxaric edib, həmin pulu valyutadəyişmə mətəqəsində ABŞ dollarına dəyişərək, yenidən şəxsi hesabına mədaxil etməklə, periodik olaraq konvertasiya əməliyyatı həyata keçirib.

Məlum olub ki, bu yolla o, zərərçəkmiş şəxsə gündəlik qazanc verəcəyini yalandan vəd edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı olan T.Mikayılovaya ümumilikdə 280 min manat zərər dəyib.

İş üzrə digər zərərçəkmiş Mehman Allahverdiyevdir. Təqsirləndirilən şəxs ona qarşı da eyni üsulla ümumilikdə 180 min manatlıq dələduzluq edib.


Tarix: 13-02-2019, 14:15
Xəbəri paylaş





Xəbər lenti