16 yaşlı gəncə əyləncə təşkil edib intim görüntüləri ilə hədə-qorxu gəliblər - 610 minlik şantaj


Bakıda 16 yaşlı gəncə kef məclisləri təşkil edən, sonra onu intim görüntüləri ilə şantaj edən şəxslər hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda və hədə-qorxu ilə tələb etmədə ittiham olunan Famil Qəfərov, Rahid Tarverdiyev və Elmar Əliağazadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Məhkəmə hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutur.

İttihama görə, dəstə üzvləri Fizuli rayon sakinini silahla hədələyərək onun külli miqdarda pul və qızıl-zinət əşyalarını ələ keçiriblər.

Belə ki, rayon sakini, 2000-ci il təvəllüdlü Rasim (ad şərtidir) ötən il Bakı Şəhər Baş Polis İdarəsinə müraciət edib.

O, müraciətində 2016-cı ildən etibarən mütəmadi olaraq bir qrup şəxs tərəfindən pul və qızıllarının əlindən alındığını bildirib.

Şikayət əsasında üç nəfər - Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü R.Tarverdiyev, Şirvan şəhər sakini, 1992-ci il təvəllüdlü F.Qəfərov və Astara rayon sakini, 1993-cü il təvəllüdlü E.Əliağazadə məsuliyyətə cəlb olunublar.

Məlum olub ki, bu üç nəfər yeniyetmədən üst-üstə 359 min dollarlıq (610 min manatdan çox) qızıl-zinət əşyalarını ələ keçiriblər.

Məlumata görə, həmin şəxslər əvvəlcə fırıldaq yolu ilə S.Bünyadovdan 1000 dollar və 139 260 dollar dəyərində qızıl-zinət əşyaları qopara biliblər. Sonradan F.Qəfərov oyuncaq silahla yeniyetməni hədələyərək onun 219 min 800 dollar dəyərində qızıl məmulatlarını ələ keçirib.

Bu ittihamla təqsirləndirilən şəxslər özlərini qismən təqsirli biliblər.

Təqsirləndirilən Famil Qəfərov ifadəsində 16 yaşlı Rasimlə restoranda tanış olduqlarını, bir müddət sonra yeniyetmənin ona pul lazım olduğunu dediyini bildirib: “Dedim ki, bankdan götürmək olar. Bunun üçün isə min dollar vermək lazımdır. Samir o pulu mənə oteldə gətirib verdi. Onu aldatmaq üçün söz verdim ki, pul işini həll edəcəm”.

F.Qəfərovun ifadəsinə görə, bundan sonra Rasimə qızıl qoyub pul götürməyi təklif edib.

“2500 manat məbləğində qızılı "Moskva" univermağına gətirib verdi, pulu da aldı. Pulu birlikdə xərclədik. Özü demişdi ki, qızılları evlərindəki seyfdən oğurlayıb. Bir dəfə də mənə dedi ki, avtomobil götür. Sürmək istəyirdi. Mən də dedim ki, yaşın azdı olmaz. Zərərçəkmişi aldatdığımı etiraf edirəm. Ancaq ittihamda məbləğ şişirdilib. İndiyə qədər Samirdən 1000 dollar və 750 manat pul almışam. Ziyanı ödəməyə hazıram"- deyə təqsirləndirilən şəxs bildirib.

Həbs edilən Elmar Əliağazadə isə ifadəsində deyib ki, Rasimdən alınan qızıllar ona verilib:

"Mən qızılın Rasimə məxsus olduğunu bilmirdim. Rahid deyirdi ki, sənə qızıl verəcəklər, o adamla görüş. Mən də görüşüb, qızılları alırdım, əvəzində pul verirdim. Bunun cinayət əməli olduğunu bilmirdim. Əgər cinayətdirsə, əməlimdən peşmanam"

Digər təqsirləndirilən Rahid Tarverdiyev ifadəsində zərərçəkmişlə eyni məhəllədə yaşadıqlarını, qonşu olduqlarını deyib.

O, Rasimi aldadıb, qızıllarını ələ keçirdiyimi etiraf edib. Amma söyləyib ki, ittihamda göstərilən məbləğ şişirdilib. O əlavə edib ki, Rasimdən alınan pullardan müəyyən qədəri də ona verilib.

Məhkəmədə məlum olub ki, zərərçəkmiş kimi tanınan 16 yaşlı gənc əyıəncə məclisləri təşkil etmək üçün də hazırda həbsdə olan şəxslərə müraciət edib. Bu məclislərin də Famil Səfərov təşkil edib. Famil bu məclislərə qız da gətirib və Rasimi onlarla görüşdürüb. Amma sonra bu vəziyyətdən də öz xeyrinə istifadə edib. Atasının gizli çəkilmiş fotolarını əldə edərək onu şantaj edib. Rasimə deyib ki, əgər pul verməsə həmin fotoları atasına göstərəcək.

Famil Qəfərovun təkcə Rasim qarşı yox, münasibətdə olduğu başqa qadınlara qarşı da eyni şantaj üsulu ilə hədə-qorxu gəldiyi üzə çıxıb. Belə ki, Famil görüşdüyü qadınların gizli görüntüsünü çəkib və onlara başqa əməllərə də məcbur edib.

Hətta cinayət işi materiallarında üzə çıxıb ki, Famil yüngül həyat tərzi sürən qadınlara xeyli miqdarda pul xərcləyib. Hakim qeyd edib ki, Famil anası ilə telefon danışığında ondan pul istəyib. Anasına yazıb ki, evi satıb ona pul versin. Hətta o, anasından həbsə düşməmək üçün də pul istəyib. Eyni anda isə başqa bir qadına görüş üçün 3 min manat pul təklif edib.

Məhkəmə bildirib ki, Famil Qəfərovun bir çox cinayət əməlləri üzə çıxsa da istintaq yalnız 16 yaşlı Rasimə qarşı əməllərə hüquqi qiymət verib. Hakim Famil Qəfərovun digər əməllərinə məhkəmə istintaqının sonunda hüquqi qiymət verilməsi üçün tədbir görüləcəyini qeyd edib.

Məhkəmə iclası fevralın 22-də davam etdiriləcək.

Tarix: 16-02-2019, 23:01
Xəbəri paylaş





Xəbər lenti