2 məktəblini maşınla vurub öldürən şəxs narkotik istifadəçisi imiş - ekspertiza təsdiqlədi


İki gənci maşınla vurub öldürən sürücünün məhkəməsi davam etdirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfərin ölümünə səbəb olan sürücü Fəxrəddin Bəşirovun cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.

Məhkəmədə məlum olub ki, sürücü Fəxrəddin Bəşirov narkotik istifadəçisi olub. Onun hadisədən bir gün əvvəl də narkotik maddədən istifadə etməsi ekspertiza rəyi ilə müəyyən edilib.

Məlum olub ki, təqsirləndirilən şəxs hadisədən bir gün əvvəl iştirak etdiyi məclisdə nəşədən istifadə edib.

Bu faktı məhkəmədə şahid qismində ifadə verən Elmar İsmayılov da təsdiqləyib. O, qəza törədən sürücü Fəxrəddin Bəşirovun yanında olub.

E.İsmayılov qeyd edib ki, hərəkətdə olarkən yolun sağ tərəfində olan iki uşağın qaçaraq yol keçmək istədiklərini görüb.

Suallara cavab verən E.İsmayılovun hadisədən bir gün əvvəl nəşədən istifadə etdiyi məlum olub.

E.İsmayılov doğum günü məclisindən iştirak edərkən narkotik vasitədən istifadə etdiyini bildirib.

Şahid İsmayılov ifadəsinə onu da əlavə edib ki, yol kənarında olan küçə iti uşaqların üstünə hücum edib. Uşaqlar da bundan qorxaraq anidən yola qaçıblar.

Məhkəmədə mərhumların yaxınları ilə təqsirləndirilən şəxs və şahid İsmayılov arasında gərginlik yaşanıb. Mərhumun yaxınları şahidin "nəşədən istifadə eləmişəm" sözlərinə etiraz ediblər və məhkəmədə gərginlik yaşanıb.

Məhkəmənin növbəti iclası fevralın 18-nə təyin edilib.

Qəza hadisəsi ötən il oktyabrın 2-si saat 10:00 radələrində Sumqayıtda baş verib.

Şəhər sakini Bəşirov Fəxrəddin Asif oğlu idarə etdiyi “İsuzu” markalı 90-XU-233 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yolu keçmək istəyən 2004-cü il təvəllüdlü Qasımov Ayxan Xəyyam oğlu və Bayramov Rasim Vüqar oğlunu vurub, nəticədə onlar aldıqları xəsarətlərdən hadisə yerində vəfat ediblər.

Fakta görə Binəqədi rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Onun hadisə yerindən qaçdığı müəyyən edilib.

F.Bəşirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Xatırladaq ki, qəza nəticəsində dünyasını dəyişənlərdən biri - A.Qasımov "Sumqayıt"ın U-15 komandasında çıxış edirdi.


Tarix: 17-02-2019, 00:25
Xəbəri paylaş





Xəbər lenti