"Sənin arvadın ondan artıqdır?"- deyən dostunu öldürəni bağışlamadılar



Bakıda dostunu öldürməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham edilən 1981-ci il təvəllüdlü Əhmədov Bəxtiyar Arif oğlunun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında mərhumun hüquqi varisi, əmisi Elbrus Salmanov ifadə verib.

E.Salmanov bildirib ki, mərhumun atası və anası da bir neçə il əvvəl vəfat edib.

O, şikayətçi olduqlarını deyib: "Məndən çox onun xanımının fikri önəmlidir. O deyir ki, ən ağır cəza verilsin. Mən də onu tələb edirəm. Kim qanından keçər?".

Ə.Salmanov Bəxtiyarla qardaşı oğlu arasında olan münasibətlərdən xəbərsiz olduğunu deyib: "Yoldaşı mənə dedi ki, bir neçə gün əvvəl aralarında mübahisə olub. Mən özüm Fikrətə dedim ki, onlardan kənar olsun. Hər dəfəsində hə desə də sonra onlarla görüşürdü. Mən ona heç nə deyə bilmirdim".

Məhkəmənin növbəti iclası martın 6-na təyin edilib.

Xatırladaq ki, Bəxtiyar Əhmədov sərbəst ifadəsində qətli törədib-törətmədiyini xatırlamadığını deyib.

O söyləyib ki, 13 illik dostu ilə mübahisə edib, buna səbəb isə mərhumun ona qarşı işlətdiyi ifadə olub:

"Fikrət içkili idi, yanında da qız var idi. Dedim ki, yolda polis bizi saxlayacaq. Amma mənə qulaq asmadı. Mənə dedi ki, yolda polis saxlasa, mən özümü karlığa qoyacam. Sən də özünü lal kimi apar. Dedi ki, polisə söyləyərsən ki, arxada oturan da arvadımdır. Bu sözə çox əsəbləşdim. "Xalqlar Dostluğu"nda parkın yanında saxladı.

Əlində bıçaq var idi. Məni vuracağını düşündüm. İki əlimlə onu qucaqladım ki, nəsə eləməsin. Sonra onu itələdim. Onu vurduğumu bilmirəm. Nəyinki onu öldürmək, heç ona xəsarət yetirmək niyyətim də olmayıb".

İttihamda hadisənin təfərrüatı haqda yazılır ki, mərhum Bəxtiyara "polisə arxada oturan qızın arvadın olduğunu deyərsən" sözündən sonra mübahisə ediblər. Bəxtiyar buna etiraz edəndə Fikrət "guya sənin arvadın ondan artıqdır?" deyə cavab verib. Bu isə mübahisənin böyüməsinə səbəb olub. Nəticədə də cinayət hadisəsi baş verib.

Qeyd edək ki, Bəxtiyar Əhmədova qarşı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Tarix: 28-02-2019, 13:34
Xəbəri paylaş





Xəbər lenti