Bakıda qadın üstündə müdhiş cinayət - İki qardaş öldürüldü/Cəza



Bakıda iki qardaşı öldürməkdə təqsirli bilinən 1984-cü il təvəllüdlü Qaradağ rayon sakini Zaur Tərlanovun barəsində olan hökmdən verilmiş apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.

Zaur Tərlanovun barəsində ömürlük cəza təyin olunub.

İttihama görə, 2015-ci il yanvarın 8-də saat 17 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan Zaur Tərlanov yol kənarında dayanmış “Lexus” markalı avtomobildə olan həmin qəsəbə sakinləri – 1980-ci il təvəllüdlü Cahid Rəhimov və onun qardaşı, 1985-ci il təvəllüdlü Cavidə “Vinçester” markalı odlu silahdan bir neçə atəş açıb.

Buna Zaurla onların arasındakı mübahisə səbəb olub. Nəticədə Rəhimov qardaşları ölüb. Cinayəti törədən Zaur hadisə yerindən qaçıb. Səhəri gün Qaradağ Rayon Polis İdarəsi 38-ci bölməsinin əməkdaşları Zaur Tərlanov yaxalayıblar.

İlkin dindirmə zamanı o, cinayəti qısqanclıq zəminində törətdiyini bildirib. Zaur Tərlanovun qeyri-rəsmi yaşadığı Xanım Aslanova həm də mərhum Cavidlə münasibətdə olub. Cinayət bu məsələ üstündə baş verib.

Zaur Tərlanov Qaradağ rayonunda fəaliyyət göstərən “Bank Standard”ın əməkdaşı olub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Tərlanov ömürlük azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Zaur Tərlanovun vəkilləri apelyasiya şikayəti veriblər. Onlar Zaur Tərlanovun müddətli cəza verilməsini istəyiblər.

Bakı Apelyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə Zaur Tərlanovun apelyasiya şikayəti təmin edilməyib.

Bu qərardan narazı qalan Zaur Tərlanovun vəkili kasasiya şikayəti verib.

Ali Məhkəmədə hakim Tahir Kazımovun sədrliyi ilə baş tutan iclas da Zaur Tərlanovun vəkilinin şikayəti təmin edilib.

Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib, işin yenidən apelyasiya instansiyasında araşdırılması qərara alınıb.

Bu dəfə işə Bakı Apelyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrlik etdiyi kollegiyada baxılıb.

Ötən il iyulun 23-də keçirilən prosesdə hakim heyəti qərar elan edib. Qərara görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin Zaur Tərlanovun barəsində təyin etdiyi ömürlük cəza ləğv edilib.

Zaur Tərlanovun cəzası 20 ilə endirilib. Onun cəzanı ciddi rejimli müəssisədə çəkməsi qərara alınıb.

Bu qərardan narazı qalan prokuror kasasiya protesti verib.

Ali Məhkəmədə hakim Fərhad Əliyevin sədrliyi ilə baş tutan növbəti prosesdə prokurorun protesti və zərərçəkmiş tərəfin kasasiya şikayəti üzrə qərar elan edilib.

Qərara görə, kasasiya protesti və şikayəti təmin olunub.

Zaur Tərlanovun barəsində hökm tamamilə ləğv olunub və işin yenidən Bakı Apelyasiya Məhkəməsində araşdırılması barədə qərar qəbul edilib.

Ali Məhkəmə tövsiyə edib ki, ömürlük azadlıqdan məhrum etmə cəzasının ləğvi ciddi araşdırılsın və yeni qərar qəbul edilsin.

Tarix: 4-03-2019, 20:55
Xəbəri paylaş





Xəbər lenti