Qadını qızının fotoları ilə şantaj edən şəxsin cinayəti: 3 min manat tələb edib


Qadını qızının fotoları ilə şantaj etməkdə ittiham edilən şəxs hakim önünə çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilən 1998-ci il təvəllüdlü Sayılov Hüseyn Xələf oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim S.Hacıyevin sədrliyi ilə keçirilən məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Qeyd edək ki, Şirvan Şəhər Polis Şöbəsinə müraciət edən Ruhidə Qasımova (ad və soy ad şərtidir) şantaj olunduğunu deyib.

Qasımova bildirib ki, tanımadığı bir nəfər onu qızının çılpaq şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyir və 3000 manat tələb edir.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxs qadından qeyd olunan məbləği alarkən cinayət başında yaxalanıb.

Araşdırmalarla onun Şamaxı rayon sakini Hüseyn Sayılov olduğu müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi başlanılıb.

Tarix: 14-04-2019, 13:16
Xəbəri paylaş





Xəbər lenti