4 maskalı gəncin dezodorantla quldurluq əməli- zərərçəkmiş onları bağışladı


Maskalanaraq mağazalara basqın edən gənclər hakim qarşısına çıxarılıb. Onlar əldə etdikləri malları başqa mağazalara satırmışlar. 

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən 22 yaşlı Əlisəid Həsənov, 23 yaşlı Fərid Hacıyev, 27 yaşlı Orxan Məmmədli və 23 yaşlı Fərid Hüseynzadənin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Təqsirləndirilən şəxslərdən yalnız Ə.Həsənovun barəsində həbs qətimkan tədbiri seçilməyib. O, hazırda ev dustaqlığındadır.

Hakim Azər Paşayevin sədrliyi ilə keçirlən prosesdə zərərçəkmiş Pərvin Rzayev ifadə verib. Onun eşitmə və danışma məhdudiyyəti olduğundan tərcüməçi vasitəsi ilə dindirilib.

Şikayət və tələbinin olmadığını deyən P.Rzayev təqsirləndirilən şəxsləri gənc olduqları üçün bağışladığını deyib.

Hadisə günü baş verənlərdən danışan Rzayev bunları qeyd edib: "Bizim mağaza 24 saat işləyir. Mən gecə evə gedib səhər qayıtdım. Satıcı İlham dedi ki, iki nəfər ona hədə-qorxu gələrək siqaretləri aparıblar. Sonra polisə məlumat verdik".

Hakim elan edib ki, P.Rzayev istintaqda fərqli ifadə verib. Belə ki, Rzayev istintaqdakı ifadəsində mağazaya basqın edən şəxslərin əlində dezodorant və küt alət olduğunu deyib. Bunu isə ona hadisə zaman mağazada olan satıcı İslam deyibmiş.

Rzayev bu sözləri demədiyini, xatırlamadığını söyləyib. Məlum olub ki, gənclər əldə etdikləri siqaretləri başqa mağazalara dəyərindən aşağı qiymətə satıblar.

Gənclərdən oğurluq siqaretləri alanlardan biri də Elçin Verdiyev olub. O, məhkəmədə şahid qismində dindirilib. Verdiyev deyib ki, gənclər işlətdiklərini mağaza bağlandığı üçün əllərində qalan malları ucuz qiymətə satdıqlarını dedilər: "Mən oğurluq olub-olmadığını da soruşdum. Nəğd olaraq onlara pul vermədim. Satdıqdan sonra pulunu verəcəkdim. Axşam da polislər gəlib siqaretləri götürdü".

Məhkəmədə zərərçəkmiş qismində İslam Əliyev ifadə verib. O da eşitmə və danışma məhdudiyyətlidir.

İslam Əliyev ifadəsində təqsirləndirilən şəxsləri tanımadığını, hadisə zamanı həmin şəxslərin üzlərində maska olduğunu bildirib: "Həmin gün işlədiyim köşkdə oturub telefonla oynayırdım. Axşam tərəfi birdən 3 maskalı şəxs içəri daxil oldu. Qorxumdan geri çəkildim. Onlar köşkdən pul və siqaret götürdü. Mən qorxumdan onlara heç nə edə bilmədim. Əllərində isə heç nə yox idi".

Zərərçəkmiş təqsirləndirilən şəxslərdən şikayətinin olmadığını söyləyib. İttiham olunan şəxslər zərərçəkmişin dediklərini təsdiqləyib.

Hakim deyib ki, zərərçəkmişin ifadələri arasında ziddiyyət var. Onun istintaqa verdiyi ifadəsi məhkəmədə elan olunub. İ.Əliyev söyləyib ki, martın 30-da gecə 03:30 radələrində əllərində dezodorant, dəmir alət olan bir neçə şəxs köşkün içərisinə daxil olub. Məhkəmədə isə bildirib ki, hadisə zamanı həmin şəxslərin əlində heç nə olmayıb.

Daha sonra sualları cavablandıran İ.Əliyev qeyd edib ki, istintaqda ifadə verən zaman tərcüməçi olmayıb. Dövlət ittihamçısı vəsatət verərək işi aparan müstəntiqin və cinayət işində imzası olan surdotərcüməçinin məhkəməyə gəlib ifadə verməsini istəyib. Məhkəmə vəsatətu təmin edilib.

Qeyd edək ki, ötən il Xətai rayon Polis idarəsinə müraciət edən paytaxt sakini Qafqaz Qəhrəmanov General Mehmandarov küçəsində yerləşən işlədiyi marketə əllərində tapançaya bənzər əşya və bıçaq olan naməlum şəxslərin basqın etdiyini, daha sonra ona hədə-qorxu gələrək kassadan 230 manat pulu götürüb hadisə yerindən qaçdıqlarını bildirib.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xətai rayon Polis idarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Fərid Hacıyev, əvvəllər məhkum olunmuş Fərid Hüseynzadə və Orxan Məmmədli də müəyyən edilərək saxlanılıb. Onlar ifadələri zamanı törətdikləri cinayəti etiraf ediblər.

Araşdırma zamanı məlum olub ki, hadisə zamanı dəstə üzvləri zərərçəkəni əllərində olan oyuncaq tapança ilə qorxudublar. Araşdırma zamanı dəstə üzvlərinin Xətai rayonunda daha bir mağazadan soyğunçuluq yolu tütün məmulatları, eləcə də NZS və Bakıxanov qəsəbələrində yerləşən iki marketdən oğurluq etdikləri də məlum olub. Daha sonra Əlisəid Həsənov da saxlanılıb. Cinayət işində 5 zərərçəkmiş var.

Tarix: 14-04-2019, 13:32
Xəbəri paylaş





Xəbər lenti