Əvvəllər bağban kimi işlədiyi evin sahiblərini qətlə yetirən şəxs hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfəri öldürməkdə təqsirləndirilən İlqar Xancanovun cinayət işi üzə məhkəmə iclası keçirilib.

Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Qətl hadisə ötən ilin iyul ayında Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində baş verib.

Rəsmi məlumata görə, həmin ərazidə 1968-ci il təvəllüdlü İ.Xancanov bağban işlədiyi bağ evinin sahibi Arzu Şuşalını və həyat yoldaşı Dilarə Əhmədovanı bıçaqlayıb. Qadın aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Şuşalı isə xəstəxanaya çatdırılıb. Lakin onun da həyatını xilas etmək mümkün olmayıb.

Sabirabad sakini İ.Xancanov ev sahibi və həyat yoldaşını bıçaqlayandan sonra mənzildəki pulları götürüb.

Əvvəllər oğurluq və quldurluq cinayətlərinə görə həbsdə olmuş İ.Xancanov 2 ay əvvəl işdən çıxarılıbmış.

Həbs edilən bıçaqladığı şəxslərin ikisinin də öldüyünü düşünərək izi itirmək üçün qan içində olan ər və arvadı A.Şuşalıya məxsus “Land Rover” markalı avtomobilə qoyaraq ərazidən uzaqlaşmaq istəyib. Lakin polislər şübhəli maşını müəyyənləşdirərək saxlayıblar.

Qeyd edək ki, qətlə yetirilən A.Şuşalı təqaüddə olan həkim idi.