Qardaşı keçmiş əməliyyatçının ölümündə kriminal izlər olduğunu iddia edir – CİNAYƏT DOSYESİ


Güloğlan Bədirov: “Bu cinayət qardaşımın mülkləri və banklarda olan pullarına görə törədilib”

“Qardaşım qışın günü hamamda soyuq su ilə yuyunmazdı. Fevralın 2-də, havanın soyuq bir vaxtında kim gedib hamamda soyuq suyun altında dayanar? Qardaşım ağlı başında olan adam idi. “Sudmedekspert” yazır ki, Tofiq Bədirov donvurmadan ölüb. Lap yaxşı. Gedib araşdırsınlar ki, qardaşım hamamdan niyə çıxıb mənzilə gedə bilməyib?” – Musavat.com-a  müraciət edən Güloğlan Bədirov belə deyir. Onun sözlərinə görə, qardaşı Tofiq Bədirov uzun illər DİN sistemində işləyib, əməliyyatçı olub: “30 il hüquq mühafizə orqanlarında işləmişdi. 10 ildir ki, yaşla əlaqədar təqaüdə çıxmışdı. Ailəsi ilə münasibətləri gərgin idi, məhkəmə qaydasında boşanmışdı. Onun 2 evi, 1 bağı var. Məhkəmə boşanmadan sonra evlərdən birini ailəsinə vermişdi. Oğlu Rafiqə də Tofiqin yaşadığı və özəl mülkiyyəti olan Sulutəpə qəsəbəsi, R.Allahverdiyev 37 A-da yaşayış hüququ məhkəmə qaydasında tanınmışdı. Rafiq qardaşımla yola getmirdi. Bir dəfə də 1 il müddətinə həbsdə yatmışdı. Həbsdən çıxandan sonra Tofiqlə münasibətləri daha da kəskin idi. Rafiq atasına qarşı zülmkarlıqlar edirdi. 40-cı polis bölməsinə dəfələrlə çağırışlar olmuş, saxta izahatlarla oğul yaxasını kənara çəkərək, öz çirkin əməllərini uzun müddət davam etdirirdi”.

G.Bədirov deyir ki, qardaşı Tofiq Bədirova ölümündən bir neçə ay əvvəl oğlu Rafiq tərəfindən bıçaq xəsarəti yetirilib:“2018-ci ilin noyabrında Rafiq evdə atasına 3 bıçaq xəsarəti yetirib. Başından naməlum alətlə vurub. Tofiq əlacsız qalıb və növbəti dəfə oğlunun başına gətirdiyi oyunlarla bağlı Binəqədi Rayon Polis İdarəsinə məlumat vermişdi. İstintaq İdarəsində qardaşıma yetirilən xəsarətlərlə əlaqədar Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi başlanıb. Aylarla istintaq getdi. Həmin müddətdə də Rafiq atasını dəfələrlə döyüb, təhqir edirdi. Darvazanı üzünə bağlayıb gedirdi. 68 yaşlı kişi məcbur olub hündür hasarın üstündən atılmaqla küçəyə çıxırdı. Tofiq illər idi ki, bu cür durumda yaşayırdı. Onun başına oyun açırdılar. Oğlu heç yerdə işləmirdi, kommunal xərcləri də ödəmirdi. Atasının da basına oyun açırdı. Tofiq də qazın-işığa pul yükləmirdi ki, bəlkə oğlu çıxıb anasına verilən evə gedər, onu rahat buraxar. İllərlə həmin vəziyyətdə yaşamaq məcburiyyətində qalmışdı. Onunla tez-tez telefonla danışırdım. 2019-cu il fevralın 2-dən 5-nə qədər telefon zənglərimə cavab vermədi. Dəfələrlə zəng elədim. Gördüm ki, telefonu götürmür, qapısına getdim. Qapı bağlı idi. Oradan birbaşa polisə yollandım. Polisdə 2-3 saat gözlədim, oğlunu tapıb gətirdilər. Evə getdik, oğlu əli əsə-əsə həyəcanlı darvazanı açdı. Mənzilə getmək əvəzinə birbaşa hamamxanaya getdi, qapını açdı və Tofiqin meyitini polislərə göstərdi. Rafiq bu zaman qışqıra-qışqıra özünü siğortalamaq üçün hay-küy qaldıraraq, özünün xəbərsiz göstərməyə başladı. Dedi ki, “üç-dörd gündür mən bu evdə yox idim” Sual olunur: - 1 vedrə isti-soyuq su ilə yaxalanmaq üçün şəraitsiz hamamda necə olur ki, insan ölümlə üz- üzə qalır? Mənə elə gəlir ki, kiməsə bu sualı versəm, gülər. Qardaşım dəfələrlə bədənini yumaq, yaxalanmaq üçün bu üsuldan istifadə edib. Amma qapının çöldən bağlanmasını ağlına belə gətirməyib. Görünür ki, hiyləgər oğul bu vəziyyətdən ustalıqla istifadə edərək qapını çöldən bağlayıb. Qardaşım köməksiz vəziyyətdə qalaraq hamamda donaraq vəfat edib”.

4_n.jpg (49 KB)

G.Bədirov deyir ki, qardaşının öz əcəli ilə ölməsinə inanmır: “Yerə yıxılan adamın əl-qolu səhmanla yanında olmamalı idi. Qardaşımın isə əl-qolu elə vəziyyətdə idi ki, kənardan baxan sezirdi ki, onu kimsə əl-qolunu düzəldib. Meyiti Binəqədinin məhkəmə tibb ekspertizasına apardım. Orada müayinə etdilər. Fevralın 6-da meyiti təhvil verdilər, aparıb dəfn etdik. Yazırlar ki, donvurmadan ölüb. Araşdırmırlar ki, necə oldu ki, öz həyətində onu don vurdu? Niyə o hamamxanadan çıxa bilməyib?”

G.Bədirov qardaşına bıçaqla xəsarət yetirilməsi cinayəti üzrə də istintaqın gedişindən narazıdır: “Qardaşımı fevralın 6-da dəfn etdik, 16-da bizə onun oğlu Rafiq tərəfindən bıçaqlanması işi üzrə qərar verdilər. Həmin qərarla cinayət işi üzrə icraata xitam verilib. Halbuki qərarda qardaşıma oğlu Rafiq tərəfindən bıçaqla xəsarət yetirilməsi işi üzrə ekspertizanın rəyi əks olunub.

Həmin rəydə yazılıb:

İş üzrə təyin olunmuş Məhkəmə-Tibbi ekspertizasının 07.11.2018-ci il tarixli 1510 saylı rəyindən görünür ki:

Vət.T.E.Bədirovun bədən səthində aşkar olunmuş xəsarətlər - sağ ənsə-təpə nahiyəsində hematoma - qançır ilə əhatə olunan əzilmiş yara bərk küt əşyanın (əşyaların) təsirindən müayinədən bir neçə saat əvvəl əmələ gəlmişdir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan YÜNGÜL zərər vurmaya aiddir.

T.E.Bədirovun bədən səthində aşkar olunmuş xəsarətlər qərarda göstərilən tarixdə və təsvir olunan şəraitdə, yəni 07.11.2018-ci il tarixdə bərk küt əşya ilə vurulan zərbə nəticəsində əmələ gələ bilərdilər.

T.E.Bədirovun bədən səthində aşkar olunmuş xəsarətlərin əlçatan nahiyədə yerləşməsinə baxmayaraq onun özü tərəfindən yetirilməsi az inandırıcıdır.

Bundan başqa iş üzrə təyin olunmuş Məhkəmə-Tibbi ekspertizasının 14.11.2018-ci il tarixli 1537 saylı rəyindən görünür ki:

Vət.T.E.Bədirovun bədən səthində aşkar olunmuş xəsarətlər - sol said nahiyəsindəki 3 ədəd kəsilmiş yaralar kəsici kənara malik olan iti alətin (əşyanın) təsirindən müayinədən bir neçə saat əvvəl törənmişdir, yetirilmə müddəti qərarda göstərilən 11.10.2018-ci il tarixinə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər.

T.E.Bədirovun sol said nahiyəsindəki aşkar edilmiş kəsilmiş yaralar qərarda göstərilən şəraitdə, yəni başqa şəxs tərəfindən bıçaqla vurulan zərbələrin nəticəsində bıçağın kəsici kənarının təsirindən əmələ gələ bilərdilər.

T.E.Bədirovun bədən səthində aşkar olunmuş xəsarətlərin əlçatan nahiyədə yerləşməsinə baxmayaraq onun özü tərəfindən yetirilməsi az inandırıcıdır.

Belə bir rəy ortada ola-ola cinayət işi üzrə icraata xitam verilib. Müstəntiq qərarda yazır ki, Rafiq Tofiq oğlu Bədirovun əməlində CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığı üçün barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilməlidir.

Hansı əsasla? Rəy var axı! Açıq-aydın yazılır ki, qardaşıma bıçaqla xəsarət yetirilib, başından küt alətlə vurulub. Yenə də müstəntiq yazır ki, istintaq zamanı Bədirov Rafiq Tofiq oğlunun atası Bədirov Tofiq Ehtac oğluna xəsarət yetirməsi faktları kifayət qədər sübuta yetirilməmişdir. Bu qədər sübut ortada ola-ola  necə sübuta yetirilməyib?

Hüquq-mühafizə orqanlarının rəhbərlərindən xahiş edirəm ki, qardaşımın ölüm işi, ölümündən əvvəl döyülməsi, ona bıçaqla xəsarət yetirilməsi işləri üzrə obyektiv, hərtərəfli istintaq aparılması üçün Respublika Prokurorluğunda araşdırma aparsınlar. Artıq dərəcədə xahiş edirəm ki, bu cinayət işinin araşdırılmasında mənə yaxından köməklik göstərilsin. Bu cinayət mərhum qardaşımın mülkləri və banklarda olan pullarına görə törədilib”.

P.S Yazıda adı hallanan hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.


Tarix: 25-04-2019, 23:25
Xəbəri paylaş





Xəbər lenti