Göygöldəki yol qəzası ilə bağlı İDDİA: Təcili tibbi yardım çağırışa niyə getmədi?


Göygöldəki yol qəzası ilə bağlı İDDİA: Təcili tibbi yardım çağırışa niyə getmədi?

Xəbər verdiyimiz kimi, Göygöl rayonunda ağır yol qəzası baş verib. 

Hadisə Gəncə-Daşkəsən avtomobil yolunun Göygöl rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Daşkəsən rayon sakini Eldəniz Gəray oğlu Həsənovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil Aslan Əbülfət oğlu Camalovun idarə etdiyi "VAZ-2106" markalı maşınla toqquşub və üçü qadın, üçü kişi, ikisi azyaşlı olmaqla 8 nəfər ölüb, 1 qadın isə Gəncə şəhər xəstəxanasına yerləşdirilib.

Hadisə şahidlərindən birinin Cebhe.info-ya verdiyi məlumata görə ilk olaraq yardım üçün Gəncədə olan Təcili Tibbi Yardıma zəng edilib: 

“Göygöldən qəza yerinə təxminən 10 km məsafə olduğu üçün, ilk olaraq Gəncəyə, "103" təcili tibbi yardım xidmətinə zəng etdik. Çünki Gəncədən hadisə yerinə təxminən 2 km yol var idi. Onlar isə bizə bildirdilər ki, hadisə Gəncə ərazisində baş vermədiyi üçün bura gələ bilməzlər. Nə qədər desək ki, ağır qəza olub, ölən, yaralananlar, köməyə ehtiyacı olanlar var,  onları yola gətirə bilmədik”. 

Bu barədə saytımıza açıqlama verən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, əslində Təcili Tibbi Yardımın maşınlarının neçə dəqiqə hadisə yerinə çatması ilə bağlı vaxt var: 

“Ancaq onlar çata bilirmi? Dəfələrlə şahidi olmuşuq ki, yolda heç Təcili Tibbi Yardıma yol verilmir, indi isə təsadüfən kimsə yol verir. Bu hadisədə isə konkret olaraq Təcili Tibbi Yardımın gedib-getməməsi ilə bağlı məlumatsızam. Ancaq inanmıram ki, Təcili Tibbi Yardım elə bir ağır qəzadan boyun qaçıra ki, bizlik deyil”. 

Tarix: 30-04-2019, 09:32
Xəbəri paylaş





Xəbər lenti